Prezident Qarabağı ona görə Lüksemburqla müqayisə etdi ki... - Deputat
Bizi izləyin

Qarabağ

Prezident Qarabağı ona görə Lüksemburqla müqayisə etdi ki... - Deputat

“Ölkə Prezidenti “Azərbaycan Televiziyası”na müsahibəsində Lüksemburq məsələsinə toxundu, istehza və ironiya ilə Qarabağın ərazisi ilə müqayisə etdi. Lüksemburqun özü, ərazisi, əhalisi, gücü nədir ki, bu məsələlərdə ermənilərin tərəfində durub Azərbaycana qarşı çıxıb bizə iradlar tutur, böhtan xarakterli çıxışlar edir, bəyanatlar verir?! Ona görə cənab Perezident dedi ki, bizim işğaldan azad etdiyimiz, bərpa edəcəyimiz ərazilərimiz 4 Lüksemburqa bərabərdir”.

Bu fikiləri Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat bildirib ki, Qarabağın Lüksemburqla müqayisəsini təsəvvürə gətirmək lazımdır ki, bərpa işlərində bizi hansı çətin bir mərhələ gözləyir: “Təbii ki, Azərbaycan bu işlərin öhdəsindən çox yüksək səviyyədə, vaxtında və ləyaqətlə gələcək. Ancaq mane olan məsələlər var. Birinci mane olan məsələ ermənilərin minalanmış ərazilərin xəritəsini verməməsidir. Ermənilər həm uzun illərdir minaladıqları, həm də Vətən müharibəsi zamanı minaladıqları sahələrin xəritələrini verilməlidir. Biz öz növbəmizdə bunu onlardan tələb edirik. Bu, beynəlxalq səviyyəli bir məsələdir. Qanuna əsasən, müharibə bitəndən sonra məğlub tərəf geri çəkildiyi, minaladığı ərazilərin təhlükəsizliyi ilə bağlı nə varsa, məlumat və xəritələrin hamısını təqdim etməlidir. Onları buna məcbur edən beynəlxalq qurumlar var. Lüksemburq kimi dövlətlər də Avropada həmin qurumların üzvüdür. Yaxud da, sülhyaratma missiyasını üzərinə götürən dövlət - Rusiya Federasiyası var. Zəhmət çəksinlər, müharibədə məğlub olan işğalçı Ermənistanı xəritələri verməsi üçün məcbur etsinlər”.

E.Məmmədovun sözlərinə görə, cənab Prezident həmişə deyir ki, biz o ərazilərə qayıdacaq vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik: “Bundan sonra isə bərpa işləri başlayır, hazırda sürətlə də davam edir. Yollar tikilir, hava limanlarının bünövrəsi qoyulur, elektrik enerjisi təminatı ilə bağlı güclü işlər görülür, Fövqəladə Hallar Nazirliyi orada yüksək səviyyədə iş aparır, başqa nazirliklər və qurumlar, Kənd Təsərrüfatı Nazirliyi, “Azəriqaz”, “Azərsu” və digərləri öz növbələrində fəaliyyət göstərirlər. Böyük qayıdış üçün işlər dayanmadan gedir. Qarşımızda çox ciddi, uzun çəkəcək və mürəkkəb işlər var. Biz bunun öhdəsindən gəlmək üçün hətta dünya dövlətlərinə də müraciət edirik ki, köməyinizi əsirgəməyin. Töhfəsini vermək üçün bizə kim müraciət edirsə, onlarla əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Sağ olsunlar, biz neçə dövlət artıq bu proseslərdə iştirak edir. Yəni ölkə Prezidenti bu mesajları verməklə, həm işğalçı dövlətə, həm onun havadarlarına, həm də çox haqsız, ədalətsiz mövqedə dayanıb erməniləri müdafiə etməyə cəhd edən müəyyən mərkəzlərə, qüvvə və qruplaşmalara öz iradlarını, münasibətini və mövqeyini bildirir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm