Flora Kərimova Şuşada gördüklərindən DANIŞDI: Dövlət başçısı o qədər sadə və səmimi idi ki...
Bizi izləyin

Qarabağ

Flora Kərimova Şuşada gördüklərindən DANIŞDI: Dövlət başçısı o qədər sadə və səmimi idi ki...

"Dərdimi Şuşa ilə, orda uyuyan əcdadlarımla, babamla bölüşdüm və ruhlarından üzr istədim. Bilirəm ki, babamın ruhu həsrətimi duyurdu, göz yaşlarımı görürdü. Baba, bağışla məni deyə-deyə qalmışdım. Sərkərdəmiz çox sağ olsun, onun əzminin sayəsində yurdumun daşına və torpağına toxuna bildim. Bu hissləri ifadə etmək mümkün deyil. Bu səadəti bəxş edən insanları Allah bizə çox görməsin. Azərbaycan adlı bir ölkənin başında dəmir yumruq sahibi dayanır, odur ki, biz bir daha başıaşağı gəzməyəcəyik. Biz bir daha məğlubiyyət görməyəcəyik və yaşamayacağıq. Mən buna əminəm".

Bu sözləri Publika.az-a açıqlamasında Xalq artisti Flora Kərimova deyib.

Xalq artisti bildirib ki, Şuşaya ayaq basanda şəhidlərimizin ruhlarına dualar edib:

“Şəhidlərimizin ruhu qarşısında üzr istədim, bağışlayın ki, biz burada sizsizik. Təəssüf ki, şəhidlərimizlə bu sevinci bölə bilmirik. Onlar bizim sevincimiz üçün canlarından keçdilər, qanlarını tökdülər, genefondumuzun yarısı şəhid oldu. İtirdiyimiz qeyrətli oğullarımızın ruhuna layiq olmalıyıq. Şəhid ailələrinin və övladlarının qayğısına qalmalıyıq. Biz bu ruhların qarşısında borcluyuq”.

“Xarıbülbül festivalı”ndan söz açan sənətkar vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə qüdrətli Azərbaycan ordusu ermənilərə tarix boyu unutmayacağı bir dağ çəkdi:

“Ermənistan baş nazirinin arvadı ilə, Azərbaycan dövlət başçısının isə xanımı ilə bir fotolarını gördüm. “Xarıbülbül Festivalı”nda lentə alınan bu fotoda sərkərdəmizin xanımı ilə mehriban və sevinc içində olduğu aydın görünür, digər fotoda isə Nikol Paşinyanın Anna Akopyanla yas içində olduğu əks olunub. Cıdır düzündə yallı gedən bu insanlar bilməli idi ki, gec-tez onlar dərslərini alacaqlar və aldırlar da. Azərbaycanın igid oğlu sınmış qürurumuzu özünə qaytardı.

Sərkərdəmiz çox qürurlu, sevincli və xoşbəxt idi, milləti ilə arasında qırılmaz bir vəhdət yaranmışdı. Festival boyu dəmir yumruğunu 3-4 dəfə qaldırdı, Qarabağ Azərbaycandır deyərək hayqıranda bütün festival iştirakçıları ona səs verdi. Sevindiyindən kimisi qışqırır, kimisi oynayır, kimisi oxuyur, kimisi də ucadan gülürdü. Dövlət başçısı o qədər sadə və səmimi idi ki, özünü Ali Baş Komandan və ya Prezident kimi hiss etmirdi, hər kəslə bir Azərbaycan oğlu kimi rəftar edirdi. Müharibə dövründə Ali Baş Komandan Azərbaycanı dəmir bir yumruq şəklində birləşdirmişdi, eyni hal Xarıbülbül Festivalında da baş verdi. Həqiqətən hamımız dəmir bir yumruq idik, bu yumruq keçmiş vaxtlarda olsaydı, orada erməni qalmazdı. Dövlət başçısının simasına baxanda Azərbaycanın sarsılmaz bir dayağı olduğunu görürdük. Bu, bizdə arxayınlıq və fərəh hissi doğururdu. Dövlət rəhbərinə inanmaq və arxayın olmaq qələbənin yarısı deməkdir. O, da öz növbəsində dəmir yumruğun gücünə inanır və etibar edir. O, bu yumruqları birləşdirib dağa çevirdi.

Yaşıma görə bu günləri görə biləcəyimə dair ümidim yox idi. Amma bilirəm ki, xoşbəxt insanam. Oğlum zəng edib dedi ki, hər hadisəni ətraflı danışım. Orada yaşadığım sevinci oğlum və qızım mənim dilimdəm eşidərək yaşamaq istəyirdi. Qızım da həmçinin.

Babamın həyətini azı 4-5 yerə bölmüşdülər, həm də dağ-divarı tikmişdilər. Hamı soruşur ki, ermənilər niyə şəhəri və evləri bu günə salıblar. Cavab sadədir, bilirlər ki, onların deyil, bilirdilər əvvəl-axır köçəcəklər. Onlar oğurluqdan başqa heç nə bacarmadılar. Onlar bütövlüklə "şizofrenikdir". Onların danışdığı nağıllara inanmayanda dava salır, heç bir tarixi sənədi və faktları qəbul etmək istəmirlər. Yaddaşları o qədər qaranlıqdır ki, Qarabağa necə gəlib çıxdıqlarını da xəbərləri yoxdur”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm