Onlar cənnətə çevrilmiş Laçına qayıdacaqlar – Azər Badamov
Bizi izləyin

Qarabağ

Onlar cənnətə çevrilmiş Laçına qayıdacaqlar – Azər Badamov

“Laçın rayonu 28 il düşmən işğalı altında olub. Bu 28 il ərzində laçınlılar, o cümlədən bütün Azərbaycan Laçının işğalı gününü ermənilərin xalqımıza qarşı törətdiyi böyük faciə kimi qeyd edirdi. Həqiqətən bu, böyük faciə idi”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, Laçın rayonunun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndi ermənilər tərəfindən məhv edilib, insanları köçkün həyatı yaşamağa məhkum olub:

“Amma müzəffər ordumuzun 8 noyabrda əldə etdiyi tarixi qələbə Laçın rayonunun da bir güllə belə atılmadan işğaldan azad olunmasına yol açdı. Nəhayət ki, laçınlılar Laçının işğalı gününü 28 ildən sonra ilk dəfə olaraq işğaldan azad olunmasının sevincilə qeyd edirlər. Düzdür, ermənilərin törətdikləri faciələri, vəhşilikləri, vandallıqları unutmaq qeyri- mümkündür. Azərbaycan yaşadıqca bu tarixi gələcək nəsillərə çatdıracağıq. Lakin bu gün Laçın azaddır. Cənab Prezidentin tapşırıqları ilə Laçına yenidən həyat qaytarılır. Laçının gələcəyi daha müasir və yaşayış üçün daha rahat olacaq. Uzun illər qaçqınlıq həyatı sürmüş laçınlılar dövlətimiz tərəfindən yenidən qurulmuş azad, təhlükəsiz və cənnətə çevrilmiş Laçına qayıdacaqlar”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm