Onların bəzilərinin ritorikasında dəyişikliklər var - Rəy
Bizi izləyin

Qarabağ

Onların bəzilərinin ritorikasında dəyişikliklər var - Rəy

“Ötən gün iki dövlət başçısı tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin ölkəmizin milli təhlükəsizliyi və regional təhlükəsizlik baxımından əhəmiyyəti olduqca böyükdür”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib. Millət vəkili söyləyib ki, bəyannamədə ölkələrimizin təhlükəsizliyinə qarşı hər hansı xarici təhdid yarandığı halda dərhal müdaxiləyə imkan verən müddəanın yer alması bölgədə müharibə çağırışları səsləndirən qüvvələrə ciddi xəbərdarlıqdır:

“Artıq onların bəzilərinin ritorikasında müəyyən dəyişikliklər baş verir. Şuşada Türkiyənin baş konsulluğunun açılması, hərbi-sənaye kompleksi sahəsində əməkdaşlıq, Azərbaycan Ordusunun modernləşdirilməsi uzunmüddətli, dayanıqlı sülhü təmin edəcək. Regional təhlükəsizlik baxımından hərbi-siyasi balans qorunacaq, Rusiya-Türkiyə-Azərbaycan birgə iş birliyini şərtləndirəcək. Prezident Rəcəb Tayyib Ərdoğan Brüsseldə keçirilmiş NATO zirvə görüşündə və ikili müzakirələrdə Qarabağ probleminin bitdiyini bildirdi və Şuşada bir daha Azərbaycanın belə təhlükələrlə qarşılaşmasına imkan verməyəcəklərini bəyan etdi”.

Nəsib Məhəməliyevin fikrincə, imzalanan bəyannamə iki dövlət arasında hərbi, iqtisadi, siyasi, mədəni əlaqələri daha da dərinləşdirəcək, inteqrasiya proseslərini sürətləndirəcək:

“Hər iki ölkənin iqtisadiyyatının inkişafına səbəb olacaq. Azərbaycan Ordusunun NATO standartlarına keçid anlamına gəldikdə isə, ordunun yeni tələblərə uyğun formalaşdırılması və modernləşdirilməsi ilə bağlı müddəa Şuşa Bəyannaməsində öz əksini tapıb. Vacib deyil ki, NATO üzvü olasan. Prezident İlham Əliyevin apardığı balanslaşdırılmış xarici siyasət ölkəmiz üçün ən optimal siyasətdir və Azərbaycanın dünya çapında daha da güclənməsinə gətirib çıxaracaq. Vətən müharibəsi və sonrakı proseslər bunun tam təsdiqidir”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm