Tandilyan ona görə Qarabağdakı ermənilərin sayını şişirdir ki... - Deputat
Bizi izləyin

Qarabağ

Tandilyan ona görə Qarabağdakı ermənilərin sayını şişirdir ki... - Deputat

Özünü separatçı qurumun əmək və sosial naziri adlandıran Mane Tandilyan özünün Feysbuk səhifəsində Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərin 25 min nəfər olduğunu qeyd edən açıqlamasına şərh verərək 120 min olduğunu bildirir. Qeyd edim ki, biz XXI əsrdə yaşayırıq və texnologiyaların yaratdığı imkanlardan istifadə edərək yalan statistikaları ifşa etmək asanlaşıb. Tandilyan Azərbaycanın kosmik fəzada peyklərinin varlığından və nəinki Qarabağda, həm də Ermənistanın özündə, o cümlədən paytaxt İrəvanda cari vəziyyəti müşahidə etmək imkanına malik olduğundan xəbərsizdir.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

O bildirib ki, Mane Tandilyan yəqin ki, Azərbaycanın texniki imkanlarını yadından çıxarıb: “Bilirsinizmi, Azərbaycanın texniki imkanları niyə yüksəkdir? Bu sualın cavabını sizin baş nazir Nikol Paşinyan 2017-ci ildə parlamentin iclasında açıqlamışdı. O demişdi ki, “Azərbaycan bir kəşfiyyat peyki aldı, Ermənistan hakimiyyəti isə Avropada, yunan adalarında, harada mümkün oldusa, orada torpaq sahələri aldı. Onlar dövləti bir mafiya strukturuna çevirməklə məhkəmə sistemindən tutmuş silahlı qüvvələrə qədər öz barmaqlarını uzatdı və bu hal indiyə kimi davam edir”. Prezident İlham Əliyev sizin rəhbərlərinizdən fərqli olaraq bu günü görürdü. Bilirdi ki, torpaqlarımızı işğaldan azad edəndə belə problemlər yaşanacaq və ona görə də kəşfiyyat peykini illər öncə aldıq. İndi biz sizin harada, nə qədər və necə olduğunuzu, nəfəsinizi necə aldığınızı müşahidə edirik. Sizin hakimiyyətiniz isə bilirdi ki, Qarabağ sizin torpağınız deyil və nə vaxtsa Azərbaycan öz torpaqlarını geri qaytaracaq. Ona görə də Nikolun qeyd etdiyi kimi, sizin hakimiyyətdə təmsil olunanlar bütün vəsaitlərini Avropada torpaq almağa, özləri üçün kef etməyə xərclədi.

Həm də Mane Tandilyan unudub ki, 2020-ci ilin dekabrında rəsmi İrəvan Qarabağdan qayıtmış ermənilərin sayını süni şəkildə şişirdərək 70 minə qədər olduğunu açıqlamışdı. Faktiki isə Qarabağda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 20-25 mindən çox erməni yaşamır. Çünki müharibədən sonra qaytarılan ermənilərin yarısından çoxu şəraitin dözümsüzlüyündən Qarabağı yenidən tərk edib. Vəziyyət onu göstərir ki, yaxın illərdə Qarabağda ancaq qocalar və əmək fəaliyyətinə yararsız şəxslər qalacaq. Tandilyanın rəqəmi şişirtməkdə məqsədi əhalinin sayının çox olduğunu bildirməklə daha çox yardımlar almaq, vəsaitləri mənimsəməkdir. Siz nəinki Azərbaycanın torpaqlarını işğal edərək talan etmisiniz, hətta öz xalqınızı da talan etməklə məşğulsunuz. Azərbaycan isə işğaldan azad etdiyi torpaqlara yenidən həyat verir, əsil sakinlərinin qaytarılması ilə məşğuldur. Unutmayın ki, siz Azərbaycanın ərazisində yaşayırsınız və qanunlarımıza tabe olmaqdan başqa yolunuz qalmayıb. Sizin saxta açıqlamalarınız da müvəqqətidir”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm