• USD 1,7000 0,00% EUR 1,9719 -0,54%
    • GBP 2,3391 -0,18% RUB 0,0244 +0,82%

Azərbaycanın qələbəsini bu amillər şərtləndirdi - Deputat

Azərbaycanın qələbəsini bu amillər şərtləndirdi - Deputat

Ermənistan 30 ilə yaxın idi ki, Azərbaycan torpaqlarını işğalda saxlayırdı. Azərbaycan xalqı, xalqımızın milli maraqlarını hər bir məsələdən üstün tutan müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev heç zaman bununla barışmayıb. Mümkün olan bütün platformalarda Ermənistanın Azərbaycana qarşı torpaq təcavüzünün qarşısının alınması ilə bağlı çağırışlarını edirdi. Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bu məqamlara toxundu və bildirdi ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə həmişə hazır olub. Bununla əlaqədar müvafiq əməliyyat planları hazırlanıb və yaranan yeni reallıqlar nəzərə alınmaqla həmin planlara korrektələr edilib. Cənab Prezident hər zaman danışıqlar prosesinə Azərbaycan dövlətinin sadiqliyini nümayiş etdirib, eyni zamanda bununla paralel olaraq qeyd edirdi ki, biz öz torpaqlarımızı sülh yolu ilə ala bilməsək, müharibə ilə işğaldan azad edəcəyik.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.

Deputat bildirib ki, ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə cəmi 44 gün ərzində Azərbaycan Ermənistanın bu illər ərzində yaratdığı “məğlubedilməz ordu” mifini tamamilə darmadağın etdi: “Müharibəni şərtləndirən və danışıqlar prosesini sıfıra endirən amillər var idi. Birincisi, Ermənistan baş naziri Nikol Paşinyan Cıdır düzündə rəqs edərək bəyan etdi ki, Qarabağ Ermənistanındır və nöqtə. Daha sonra Ermənistanın keçmiş müdafiə naziri David Tonayan ABŞ-da erməni lobbisi ilə görüşündə bildirdi ki, yeni torpaqlar uğrunda yeni müharibəyə hazırlaşırıq. Eyni zamanda Ermənistanın kəşfiyyat-diversiya qrupları 2020-ci ilin yay aylarında müəyyən təxribatlar törətmək üçün Azərbaycan ərazilərinə soxuldular. Ötən ilin iyul ayında Tovuz istiqamətində Ermənistan tərəfindən təxribat törədildi. Bütün bunlar danışıqlar prosesini sıfıra endirmişdi. Əslində, danışıqlar prosesini ATƏT-in Minsk qrupunda mandat almış ölkələr həyata keçirirdilər. Onlar da münaqişədən 27 sentyabra qədər olan müddəti dondurmağa çalışırdılar. Bununla da Azərbaycanın 20% torpaqlarının işğala məruz qalması ilə barışmasına nail olmaq istəyirdilər. Ancaq 27 sentyabrda Ermənistan bütün cəbhəboyu geniş təxribat əməliyyatlarına başlayanda Ali Baş Komandanımız tərəfindən əmr verildi və Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. Hərbi əməliyyatların başlanma günü və başlanması saatından Azərbaycan xalqı milli birlik və Ali Baş Komandanın ətrafında olmalarını nümayiş etdirdi. Bu birliyi bütövlükdə dünya azərbaycanlıları nümayiş etdirirdi”.

C.Osmanov qeyd edib ki, Vətən müharibəsində döyüş meydanında zabit və əsgərlərimizin igidliyi, qəhrəmanlığı, şücaəti sayəsində, Ali Baş Komandanımızın qurduğu düzgün strategiya nəticəsində hər gün həyata keçirilən və dövlət başçısı tərəfindən təsdiq olunan hərbi əməliyyatların aparılması Azərbaycanı ölkə tarixində heç zaman olmayan parlaq qələbəyə apardı: “Bu tarixi nailiyyət təkcə bizim 44 gün ərzində torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi. Bu, eyni zamanda iki əsrə yaxındır ki, məhz ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı törədilən soyqırımıların, vəhşiliklərin qarşısını aldı. Bütün şəhidlərimizin qisası alındı. Azərbaycan Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 gün ərzində elə hərbi əməliyyatlar apardı ki, bu günə qədər də bu əməliyyatların aparılma qaydaları dünyanın ən qabaqcıl ölkələri tərəfindən öyrənilir. 44 günlük Vətən müharibəsində həyata keçirilən əməliyyatları 21-ci əsrin hərbi əməliyyatları adlandırırlar. Döyüş meydanında əsgər və zabitlərimizin qəhrəmanlığı, mərdliyi, qorxmazlığı nəticəsində Azərbaycan dünya erməni faşizminə qalib gəldi. Bununla da təkcə Ermənistan silahlı qüvvələrinə, erməni terrorçularına deyil, onların himayədarlarına da Azərbaycan qalib gəldi. Biz təkcə döyüş meydanında deyil, o cümlədən informasiya müstəvisində, diplomatik sahədə də parlaq qələbə qazandıq. Ölkə Prezidenti 44 gün ərzində dünyanın 30-a yaxın aparıcı media qurumuna verdiyi müsahibələrlə, orada səsləndirdiyi bəyanatlarla təkcə Ermənistana deyil, onların havadarlarına, eyni zamanda bütün dünyaya mesajlar verdi. Azərbaycanın haqlı və ədalətli olduğunu ölkə başçısı rəhbərlik etdiyi informasiya müstəvisində bütün dünyaya çatdırdı. Diplomatik müstəvidə Azərbaycan buna qədər bir çox beynəlxalq təşkilatlarda artıq bunun hüquqi bazasını yaratmışdı. Vətən müharibəsi gedən zaman da gördük ki, BMT Təhlükəsizlik Şurasının bəzi üzv dövlətləri Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etmək niyyətindədirlər. Burada da Azərbaycanın diplomatik uğuru onda oldu ki, cənab Prezidentin sədrliyini üzərinə götürdüyü bir zamanda Qoşulmama Hərəkatının 7 üzv dövləti buna qarşı konkret mövqe bildirdilər və həmin qətnamənin qəbul olunmasının qarşısı alındı.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında düşməni məhv etdi, onları diz çökdürdü və məcbur etdi ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın. Eyni zamanda istər diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində, ölkə başçısının rəhbərliyi ilə bütün müstəvilərdə Azərbaycan Ermənistanın, onların havadarlarının üzərində tarixi qələbə qazandı. Bu qələbə azərbaycanlıların özünüdərkini özünə qaytardı. Azərbaycan xalqının qalib xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Bütün dünya bildi ki, xalqımız müzəffər xalqdır, ordumuz müzəffər ordudur. 27 sentyabr günü Azərbaycan tarixində hər il zəfərin başlanğıcı kimi qeyd olunacaq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirik! Qarabağ Azərbaycandır!”

Akqabay Mıradov

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR