Savaşın 7-ci günü: Düşmənə SARSIDICI ZƏRBƏ, bu ərazilər azad olundu, PUA-larımız...
Bizi izləyin

Qarabağ

Savaşın 7-ci günü: Düşmənə SARSIDICI ZƏRBƏ, bu ərazilər azad olundu, PUA-larımız...

Publika.az Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edir:

3 oktyabr 2020-ci il. Müharibənin 7-ci günü...

Saat - 00:15 - Cəbhəboyu ərazilərdə 29 top mərmisi aşkarlandı

Ötən ilin bu günü Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Şəmkir və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olmuş 24 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən sözügedən ərazilərdə əməliyyat keçkirilib. Ağdam rayonunun Alıbəyli kəndi, Ağcabədi rayonunun Rəncbərlər, Xocavənd və Salmanbəyli kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Bərdə rayonunun Soğanverdilər, Əmirli, Şahvəlilər, Daşkənd və Yenidaşkənd kəndləri, Beyləqan rayonunun Yuxarı Kəbirli kəndi, Goranboy rayonunun Həmənli kəndi, Şəmkir rayonunun Bayramlı kəndi, Tərtər rayonunun Dəmirçilər, Kəbirli, Səhləbad, Borsunlu kəndləri, Nizami və Ş.İ.Xətai küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 24 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 29 ədəd top mərmisi və 19 ədəd partlamış mərmi qalıqları aşkar olunub. Həmçinin Agentliyin partlayış qrupu tərəfindən 1 ədəd raket və 1 ədəd top mərmisi partlayış yolu ilə zərərsizləşdirilib.

Saat - 00:25 - Yeni dayaq məntəqələri AZAD EDİLDİ

Ötən ilin bu günü Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.

Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

230-dək tank və digər zirehli texnika;

250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

38 ədəd hava hücumundan müdafiə vasitələri;

10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

7 silah-sursat anbarı;

130-dan artıq avtomobil texnikası;

1 ədəd “S-300” zenit-raket kompleksi.

Saat - 02:12 - Çavuşoğlu Ceyhun Bayramovla Qarabağı müzakirə etdi

Keçən ilin bu günü Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovla telefonla danışıb. Nazirlər telefon söhbəti zamanı Dağlıq Qarabağdakı son vəziyyətlə bağlı müzakirələr aparıblar.

Saat - 03:43 - Zelenski Azərbaycanın ərazi bütövlüyün dəstəklədiyini BƏYAN ETDİ

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini bəyan edib. V.Zelenski Çernovitskaya vilayətində jurnalistlərlə söhbət zamanı deyib: “Azərbaycanlılar bizi dəstəklədikləri kimi biz də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik”.

V.Zelenski ölkələrin bir-birinin suverenliyi və ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstəyini başlıca aspekt adlandırıb. O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bənzər münaqişələri dondurulmuş adlandırmaq olmaz, çünki bu vəziyyət daimi ola bilməz. Ukrayna Prezidenti deyib: “Mən medianın, cəmiyyətin və qərbli tərəfdaşların diqqətinə çatdırmaq istəyirəm ki, sadəcə dondurulmuş münaqişələr olmur. Onlar müəyyən vaxtadək dondurulmuş ola bilər. Bizim mövqeyimiz belədir”.

Saat - 09:48 - Makron İlham Əliyevə ZƏNG ETDİ

2020-ci ilin oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Fransa Prezidenti Ermənistan-Azərbaycan təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb. Prezident İlham Əliyev bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib. Dövlət başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Saat - 09:58 - Düşmənə sarsıdıcı ZƏRBƏLƏR ENDİRİLDİ

Ötən ilin bu günü gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhədə vəziyyət gərgin olaraq qalır. Gecə ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin döyüş aktivliyinin qarşısı alınıb və ona sarsıdıcı zərbələr endirilib. Bütün cəbhə boyu gərgin döyüşlər davam edib.

Saat - 10:03 - Prezident “Əl-Cəzirə”yə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib. Ətraflı BURADA

Saat - 10:18 - Onlar ciddi məğlubiyyət acısını yaşayırlar - İlham Əliyev

"Ermənistan bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq". Bunu Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib:

"Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar".

Saat - 10:32 - Xorvatiyadan Azərbaycana DƏSTƏK

Ötən ilin bu günü Xorvatiya parlamentinin deputatı, qurumun İnsan hüquqları komitəsi üzvü Veljko Kajtazi qanunverici orqanın iclasında Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin alovlanmasından təəssüfləndiyini bildirib, iki ölkə arasında münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb. Son günlərdə Ermənistanın təxribatı nəticəsində onlarca dinc insanın ölümündən kədərləndiyini bildirən deputat deyib: “Təəssüf ki, gərginlik getdikcə artır, 2020 –ci ildə birgəyaşayış və sərhəd məsələləri münaqişə yolu ilə həll olunur. Dinc insanların ölümü Cenevrə Konvensiyasının pozulması deməkdir. pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”. Deputat, həmçinin həmkarlarını və Xorvatiya hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməyə çağırıb. Bildirib ki, münaqişənin yeganə həll yolu sülh yoludur. O, qeyd edib ki, “Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.

Saat - 10:38 - Düşmən kəndlərimizi ATƏŞƏ TUTDU, qəti cavab tədbirləri görüldü

2020-ci ilin otyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yaydı. "Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür", - məlumatda qeyd olunub.

Saat - 10:49 - Prezident və xanımı bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə köçürdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Prezident Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə formalaşıb. Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

Saat - 11:09 - PUA-larımız ermənilərin döyüş texnikalarını MƏHV ETDİ

"Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb". Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. "Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur. Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar", - o vurğulayıb.

Saat - 11:42 - Müdafiə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ

Azərbaycan Müdafiə Nazirliyi orduya yardım fəaliyyətinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi və yardımın planlı şəkildə hərbi hissələrə çatdırılması məqsədilə əhaliyə müraciət etdi.

Saat - 12:54 - Gürcüstan Ermənistanın yalanını İFŞA ETDİ

“Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı birləşmələrin Türkiyədən Azərbaycana Gürcüstan ərazisi vasitəsilə keçməsi barədə məlumatlar yalandır və bölgədəki vəziyyəti daha da gərginləşdirməyə yönəldilib”. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili bildirib. Onun sözlərinə görə, DTX Azərbaycan və Ermənistanın müvafiq qurumları ilə aktiv əlaqəni davam etdirir: “Təhlükəsizlik məsələləri üzrə bütün qərarlar regiondakı vəziyyət və cari proseslər nəzərə alınmaqla qəbul ediləcək. Gürcüstanın dövlət təhlükəsizliyi və bölgədəki sabitliyə təhdid olan istənilən fəaliyyətə qarşı qanuna uyğun tədbirlər görüləcək”.

Saat - 13:00 - Düşmənin hərbi texnikasına sarsıdıcı ZƏRBƏLƏR ENDİRİLDİ

Ötən ilin bu günü səhər döyüşləri zamanı bölmələrimiz tərəfindən düşmənin hərbi texnikasına sarsıdıcı zərbələr endirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Saat - 14:12 - Cəbhə bölgəsində təbliğat-təşviqat işləri aparılır

Ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin geniş ictimaiyyət arasında təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçularıın xalqa tanıdılması sistematik təşkil edilir və yerinə yetirilir. Bu barədə Müdafiə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə “Sən qalib gələcəksən!”, “Qalibiyyət döyüşü” və “Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanır cəbhədə olan şəxsi heyət və cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayılır.

Saat - 14:43 - Mülki əhali arasında 20-dən çox şəxs həlak olub

Təcavüzkar Ermənistan ordusu artıq 7-ci gündür ki, azərbaycanlı mülki əhaliyə qarşı müharibə cinayətlərini davam etdirir. Bu günlər ərzində işğal edilmiş ərazilərimizdən və Ermənistandan şəhər və kəndlərimiz məqsədli şəkildə raket və ağır artilleriya atəşinə tutulur.

Bunu keçmiş "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"nın rəhbəri Tural Gəncəliyev deyib. Onun sözlərinə görə, nəticədə mülki əhali arasında 20-dən çox şəxs həlak olub, 50-dən çox şəxs isə yaralanıb: "Həmçinin evlərə və mülki infrastruktura böyük ziyan vurulub. Bu, bir daha onu göstərir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin niyyəti qeyri-insani əməllər və müharibə cinayətləri vasitəsilə torpaqlarımızın işğalını davam etdirməkdən ibarətdir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində bu ədalətsiz müharibənin qurbanları olmuş şəxslər kimi bildiririk ki, Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri zərərsizləşdirir. Azərbaycan Silahlı Qüvvələri Ermənistandan fərqli olaraq, heç bir halda mülki əhalini hədəfə almır. Lakin Ermənistanın rəhbərliyi məqsədli şəkildə hərbi obyektləri yaşayış yerlərinin yanında yerləşdirib. Belə qeyri-insani hərbi-siyasi rəhbərlikdən hər şey gözləmək olar. Azərbaycan özünün Dağlıq Qarabağ bölgəsinin erməni əhalisinə deyil, məhz işğalçı Ermənistan ordusuna qarşı döyüşür. Bizim məqsədimiz 30 ilə yaxındır həsrətində olduğumuz Qarabağımızı işğaldan azad etmək, oradakı doğma evlərimizə qayıtmaq və erməni icması ilə birgə sülh şəraitində yaşamaqdır", - T.Gəncəliyev bildirib.

Saat - 15:32 - Ermənilərin öldürdüyü və yaraladığı azərbaycanlıların STATİSTİKASI

27 sentyabrdan etibarən təmas xəttinin Azərbaycan istiqamətində Ermənistan silahlı birləşmələri tırəfindən edilən hücumlar nəticəsində Azərbaycanın 19 mülki vətəndaşı qətlə yetirilib. Bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib.

Baş prokuror 27 sentyabrdan etibarən Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətlər və vurulan ziyan barədə məlumat verib: "Bu faktlarla bağlı bir neçə cinayət işi açılıb. Bu işlər dinc əhalinin öldürülməsi, yaralanması və mülki obyektlərin zərər görməsi ilə bağlıdır. Bugünədək edilən hücumlarda 19 nəfər dinc əhali öldürülüb. Onlar arasında 3 qadın və 2 azyaşlı uşaq var. Onlar Naftalan şəhərinin Qaşaltı kəndinə hücum nəticəsində həlak olub. Ümumilikdə, bir ailənin evinə düşən mərmi nəticəsində bir ailənin 5 üzvü həlak olub. Bu hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100, 120 və 121-ci maddələri ilə cinayət işi açılıb. Digər bir hadisə 28 sentyabrda Ağdam şəhərində baş verib. Burada erməni silahlı qüvvələrinin hücumu nəticəsində Coşqun Paşayev həlak olub. Ağdam rayonunun Qaradağlı kəndində isə Sarıyev Elməddin həlak olub. Tərtər şəhərinə hücum zamanı 1 nəfər həlak olub, 3 nəfər yaralanıb. 28 sentyabrda ermənilərin dinc əhaliyə hücumu Tərtərdə 3 nəfərin həlak olması ilə nəticələnib. Qarabağdan olan qaçqınlar üçün salınan Şıxarx yaşayış qəsəbəsinə atılan mərmi nəticəsində 3 Azərbaycan vətəndaşı həlak olub ki, onlardan ikisi qardaşdır. Mehdiyeva Ayna 29 sentyabrda Tərtərə hücum nəticəsində dünyasını dəyişib. Füzuli rayonunun Horadiz və Cocuqmərcanlı kəndinə hücum nəticəsində 2 nəfər həlak olub. Sonuncu ölüm hadisəsi 1 oktyabrda Ağdamda qeydə alınıb". Baş prokuror qeyd edib ki, beləliklə, Baş Prokurorluq tərəfindən məsələlərlə bağlı 12 cinayət işi başlanıb: "Bu proseslər Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılır".

Saat - 15:40 - Ermənilərin hərbi cinayətlərilə bağlı 5 cinayət işi başlanılıb

Ötən ilin bu günü hərbi cinayətlərlə bağlı Hərbi Prokurorluq tərəfindən 5 cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib. O bildirib ki, hazırda araşdırmalar davam edir: "Müharibə cinayətləri ilə bağlı sübutları toplamaq nə qədər çətin olsa da, biz buna davam edəcəyik və sübutları toplayacağıq".

Saat - 16:01 - Ermənilər Azərbaycanın dinc əhalisini daim HƏDƏF SEÇİB

2020-ci ilin iyul ayında da Azərbaycan Respublikasının Tovuz bölgəsində erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın suverenliyinə qəsd edilmiş və həmin vaxt da Azərbaycanın nülki əhalisi hücuma məruz qalmışdı. bu barədə Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib. O bildirib ki, Ermənistan ordusunun atəşi nəticəsində 1944-cü il təvəllüdlü Əzizov Əziz qətlə yetirilmiş, Ağdam və Dondar Quşçu kəndlərində 6 nəfərə məxsus mülki obyektə zərər dəymişdi: "Bütün bu faktlar onu göstərir ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini daim hədəf seçib".

Saat - 16:08 - Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir

"Döyüş əməliyyatları zamanı istər canlı qüvvə, istərsə də döyüş texnikası sarıdan xeyli sayda itki verən Ermənistan silahlı qüvvələri artıq 60-70 yaşlarında olan qocaları da döyüşə göndərir". Bunu Azərbaycan Müdafiə Nazirliyi (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı: "Belə görünür ki, bu, qadınların ardınca döyüşə ahıl yaşında olan qocaları göndərən düşmənin son ehtiyat qüvvəsi olacaq", - o, əlavə edib.

Saat - 16:17 - Erməni kəşfiyyatçılar Kəlbəcər rayonundakı hərbi hissədə xidmət ediblər

23 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbçiləri tərəfindən Ermənistanın Dağlıq Qarabağda yerləşən hərbi hissəsinin kəşfiyyat rəhbəri Qurgin Alberyan saxlanılmış, onun barəsində cinayət işi başlanmışdır. Hazırda Baş Prokurorluq tərəfindən istintaq davam etdirilir. Bu sözləri Baş Prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev deyib. Baş prokuror bildirib ki, həmin istintaq bir neçə nəticəyə gəlməyə əsas verir: "Belə ki, araşdırmalar nəticəsində onun tək olmadığı və özü ilə birlikdə 2 erməni hərbçisinin Kəlbəcər rayonundan Azərbaycanın Goranboy istiqamətinə gəldiyi müəyyənləşdirilib. İstintaq zamanı o da bəlli olub ki, erməni kəşfiyyatçılar Kəlbəcər rayonundakı hərbi hissədə xidmət ediblər. Onlara Azərbaycan əhalisinin sıx yerləşdiyi əraziləri və Silahlı Qüvvələrimizin mövqelərini, koordinatlarını, strateji məntəqlərin yerləşdiyi əraziləri öyrənmək və onlara qarşı təxribat törətmək tapşırılıb. Kəlbəcərdə yerləşən hərbi hissənin rəhbəri isə Vazgen Vartanyan olub. Cinayət işinin nəticəsi olaraq Q.Alberyan həbsdədir, adıçəkilən digər şəxslər haqqında isə qiyabi həbs qərarı çıxarılıb və İnterpola göndərilib. Əldə etdiyimiz məlumata görə, kəçfiyyatçılar Ermənistanın Martuni rayonundan olan şəxslərdir. Beləliklə, məlum olur ki, Ermənistanın iddia etdiyi kimi, Qarabağda yerli əhali deyil, birbaşa Ermənistandan gələn erməni vətəndaşlar xidmət edir".

Saat - 16:31 - Düşmən ağır itkilər verməyə davam edir

Ötən iluin bu günü Azərbaycan Müdafiə Nazirliyi düşmənin ağır itkilər verməsi ilə bağlı yeni görüntülər yaydı.

Saat - 16:43 - Alman jurnalist minlərlə erməninin ölümünü PAYLAŞDI

Məşhur alman nəşri “Bild”in hərbi müxbiri Pol Rontsxaymer sensasion açıqlama yayıb.

İki Qafqaz dövləti arasındakı savaşı izləmək üçün bölgəyə gələn Pol ilk olaraq İrəvanda gördüyü mənzərədən söhbət açıb. Onun statusunu millət vəkili Zahid Oruc olduğu kimi paylaşıb: “Ermənilər özlərini təklənmiş hiss edirlər. Praktiki olaraq, hamı hərbiyə çağrılan bir adam tanıyır. Ermənistan hava limanında mənimlə qarşılaşan adamlar soruşur: "Nə üçün Merkel müharibədən bu qədər az danışır?". Alman jurnalist minlərlə erməni əsgərinin öldüyünün elan edildiyini yazıb. Jurnalist qeyd edir ki, onu qarşıda Xankəndinə olan 8 saatlıq, uzun yol gözləyir.

Saat - 17:18 - Ermənistan silahlı qüvvələri mülki obyektlərə ziyan vurub

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan vurur.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə yanğın baş verib, 20 ha sahədə qamışlıq, kol-kos və ağaclıq yanıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən görülən tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Yanğın zamanı tövlənin içərisində olan 3 baş iribuynuzlu heyvan çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Düşmənin atdığı mərmi Ağdam rayonunun Evoğlu kəndində vətəndaşa məxsus təsərrüfat obyektində yanğına səbəb olub. Yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində obyektin bir hissəsi yanğından mühafizə olunub.

Saat - 18:54 - Paşinyan xeyli itki verdiklərini ETİRAF ETDİ

Ötən ilin bu günü Nikol Paşinyan Ermənistan ordusunun xeyli sayda canlı qüvvə itirdiyini etiraf edib. Bunu baş nazir xalqa müraciəti zamanı bildirib. Onun sözlərinə görə, silahlı qüvvələrin çox sayda hərbi texnikası sıradan çıxıb.

Saat - 19:03 - Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını MƏHV ETDİ

Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib. Bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur. Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar.

Saat - 19:32 - Suqovuşan İŞĞALDAN AZAD OLUNDU

Ötən ilin bu günü Suqovuşan işğaldan azad olundu. "Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!" Bu barədə Azərbaycan Prezidenti İlaham Əliyev "Twitter" səhifəsində paylaşım edib. Qeyd edək ki, Prezident İlham Əliyev Madagizin tarixi adını bırpa edərək Suqovuşan adlandırdı.

Saat - 19:45 - Prezident Suqovuşanın azad olunmasına görə Hikmət Həsənovu təbrik etdi

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bu gün 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Suqovuşanın işğaldan azad olunması münasibətilə təbrik edib. Bu barədə Azərbaycan Prezidentin Mətbuat Xidməti məlumat yayıb. “Ona tapşırıq verdi ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirdi, Prezidenti əmin etdi ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcəkdir”, - deyə məlumatda bildirilir.

Saat - 19:55 - Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

“Ermənilərin təqdim etdiyi radiostansiya danışıqları bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur”. Bunu MN Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.EO bildirib ki, ermənistan mediasında yayılan və guya Azərbaycan ilə Türkiyə hərbçilərinin döyüş əməliyyatları zamanı radiostansiya vasitəsilə danışıqlarının səs yazısı bu ölkənin xüsusi xidmət orqanlarının saxta məhsuludur. Səs yazısının döyüş əməliyyatlarına heç bir aidiyyəti yoxdur.

Saat - 20:49 - Prezident Madagizin tarixi adını bərpa etdi - SUQOVUŞAN

"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!"

Bu barədə Azərbaycan Prezidenti İlaham Əliyev "Twitter" səhifəsində paylaşım edib.

Saat - 21:13 - Hikmət Hacıyev “Russia Today Arabic”ə müsahibə verdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic” kanalına müsahibə verib. Ətraflı BURADA

Saat - 21:24 - İlham Əliyev Ərdoğana təşəkkür etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Saat - 21:31 - Mehriban Əliyevadan Suqovuşanla bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Suqovuşanın işğaldan azad olunması münasibətilə "Instagram"da paylaşım edib. Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.

Saat - 21:39 - İlham Əliyev Qazaxıstan, Özbəkistan və Qırğızıstanlı həmkarlarına məktub yazdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə və Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb. Dövlətimizin başçısı məktublarda sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti təxribat törətdiyini və bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqelərini atəşə tutduğunu bildirib. Bu təxribat nəticəsində hərbçilərimiz, mülki şəxslərimiz həlak olub və yaralanıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.

Saat - 21:48 - Suqovuşanı işğaldan azad edən general danışdı

“Cənab Ali Baş Komandana və xalqımıza minnətdarlığımı bildirirəm. Hədəfimiz tək Madagiz (Suqovuşan) deyil. Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunması, işğalda olan torpaqlarımızın azad edilməsi, bu problemin birdəfəlik olaraq həll olunmasıdır”. Bunu Madagizi işğaldan azad edən 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov AzTV-yə açıqlamasında deyib.

“Əsgərlərdə döyüş ruhu yüksək səviyyədədir. Hamısı Vətən üçün öldürməyə və torpaqları azad etməyə hazırdırlar və bunu edirlər. Bir neçə gün sonra yubileyi olacaq general onun üçün işğal edilmiş torpaqlarımızın azad edilməsindən böyük hədiyyə olmadığını deyib. “İşğal edilmiş torpaqlarımızın azad edilməsindən böyük gözəl hədiyyə yoxdur. İnşallah o da olacaq. İnşallah, Ali Baş Komandamızını rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu yaxın vaxtlarda itirilmiş ərazilərni bərpa edəcək”

Saat - 22:43 - 7 kəndimiz İŞĞALDAN AZAD OLUNDU

Bu gün Azərbaycan Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad edib. Bu barədə Azərbaycan Prezidenti İlaham Əliyev "Twitter" səhifəsində paylaşım edib.

Saat - 22:52 - İşğaldan azad edilən ərazilərin videogörüntüləri yayıldı

Saat - 23:13 - Bakıda ordumuzun qələbəsi QEYD OLUNDU

Azərbaycan Ordusunun möhtəşəm qələbəsi - Suqovuşanın düşmən tapdağından azad olması hər bir vətəndaşın böyük sevincinə səbəb oldu. Paytaxt Bakıda bu xəbər böyük coşqu ilə qarşılanıb. Şəhər sakinləri əllərində üçrəngli bayrağımız küçələrə axışıblar. İnsanlar şüarlar səsləndirir, bu qələbə münasibətilə bir-birini təbrik edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm