Azərbaycan bu yolla əsl mina xəritələrini almağa çalışacaq - Rəy
Bizi izləyin

Qarabağ

Azərbaycan bu yolla əsl mina xəritələrini almağa çalışacaq - Rəy

“Hazırda Ermənistanın Azərbaycandan xeyli asılılığı var”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib. O bildirib ki, ermənilər “əsir” hesab etdikləri şəxslərin azad edilməsini istəyirlər:

“Biz isə onları diversant kimi qəbul edirik və onlar Azərbaycan qanunları ilə mühakimə olunublar. Hələ də bizim həbsxanalarımızda bir xeyli sayda erməni diversantlar mövcuddur. Hiss olunur ki, Ermənistanın düz-əməlli mina xəritələri yoxdur. Daha dəqiq ifadə etsək, Ermənistanın həmin dəqiq xəritələrə sadəcə olaraq əli çatmır. Görünən odur ki, Ermənistanın Azərbaycana daha əvvəl təqdim etdiyi mina xəritələri cəmi 25% dəqiqliyə malikdir. Belə xəritələrin bizdə olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Bu o deməkdir ki, bütün ərazilər yoxlanılmalıdır. Çünki dəqiq mina xəritələrinin olmaması bunu deməyə əsas verir. Azərbaycanın Ermənistandan bu istiqamətdə tələbləri var. Bu tələbə həmsədrlər də, Ermənistanı himayə edən dövlətlər də qoşulublar. Sadəcə olaraq, qarşı tərəf - yəni Ermənistan bildirir ki, nəyimiz varsa, vermişik. Belə olan halda, Ermənistana daha hansı təzyiqlər etmək olar?! Hər bir halda Ermənistan bizdən xeyli asılıdır”.

Rasim Musabəyovun fikrincə, biz bundan istifadə edərək təzyiqlərimizin davamını gətirəcəyik:

“Azərbaycan bu yolla əsl mina xəritələrini almağa çalışacaq. Mina xəritələrinin alınmasının ən effektiv yolu Rusiya hərbi komandanlığıdır. Çünki minaları hərbçilər basdırıblar. Nikol Paşinyan ümumiyyətlə hərbi xidmətdə olmayıb. Onun ətrafındakılar da bütün bu məsələlərdə naşıdırlar. Amma bu işlərlə konkret olaraq məşğul olan şəxslər var və Rusiyanın hərbi komandanlığı əgər bu məsələ ilə bağlı ciddi şəkildə məşğul olmaq istəyində olarsa, daha dəqiq xəritələri əldə edə bilərik. Ən azından saf-çürük olunmuş, nəyinin yanlış, nəyinin düzgün olduğu bilinən xəritələri əldə etmək mümkündür. Yəni heç olmasa, 25 faiz doğruluğundan faydalana bilərik. Təqdim edilən mina xəritələrinin 75 faizlik saxta hissəsi ilə məşğul olub vaxt itirmərik”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm