Füzuli yeni mərhələyə qədəm qoyur - Vüqar Bayramov
Bizi izləyin

Qarabağ

Füzuli yeni mərhələyə qədəm qoyur - Vüqar Bayramov

Bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən Füzuli şəhərinin işğaldan azad olunmasından 1 il keçir. Füzuli rayonu Qarabağda strateji mövqeyinə görə fərqlənən bölgələrimizdəndir və 44 günlük Vətən müharibəsində Füzuli şəhərinin azad edilməsi müharibədə xüsusən strateji baxımdan vacib uğurlardan biri kimi qiymətləndirilir.

Publika.az xəbər verir ki, bu sözləri parlamentdə Füzuli rayonunu təmsil edən millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, Füzuli rayonu artıq yeni bərpa-quruculuq işlərinə qədəm qoyub: "Füzuli Beynəlxalq Hava Limanı dünyada ən qısa müddətdə inşa edilən hava limanlarından biridir. Artıq ilkin sınaq uçuşları həyata keçirilib və Füzuli Hava Limanı beynəlxalq standartlara uyğun olaraq qurulan və beynəlxalq uçuşları həyata keçirəcək hava limanıdır.

Füzuli rayonunun nəqliyyat və logistik infrastrukturunun formalaşdırılması istiqamətində də işlər intensiv şəkildə həyata keçirilir. Horadiz-Ağbənd dəmiryolu xətti, eləcə də Horadizlə Zəngilanı birləşdirəcək avtomobil yolu, o cümlədən Füzuli-Hadrut, Füzuli-Şuşa Zəfər yollarının inşa edilməsi ondan xəbər verir ki, işğaldan azad edilmiş torpaqlarımız çox qısa zamanda bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub.

Bərpa və yenidənqurmanın intensiv şəkildə aparılması məskunlaşma prosesinin gözləniləndən daha tez olacağından xəbər verir. Füzuli şəhəri öz tarixində bütövlükdə yeni mərhələyə qədəm qoyur. Biz gülüş və həyatın uzun zamandır işğalda qalan Füzuliyə yenidən qayıtdığını görəcəyik. Füzuli artıq yeni və müasir standartlara uyğun olaraq qurulan bir şəhər olacaq. Bu da təbii ki, Qarabağın həyata yenidən və daha tez qayıdacağı anlamına gəlir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm