Prezident bütün məsələləri zərgər dəqiqliyi ilə hesablayıb - Deputat
Bizi izləyin

Qarabağ

Prezident bütün məsələləri zərgər dəqiqliyi ilə hesablayıb - Deputat

"İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri sürətlə aparılır. Şəhərlərin və kəndlərin baş planları təsdiq olunur, yeni-yeni tikinti layihələrinə başlanılır. Demək olar ki, torpaqlarımızı işğaldan azad etdiyimiz bir ilin hər bir günü bu ərazilərin həyatında baş verən dəyişikliklərlə yaddaqalan olub. İlk növbədə ərazilərimizin minalardan təmizlənməsi ilə bağlı görülən böyük işlərə və müvafiq agentliyin fədakarlığına toxunmaq vacibdir. Çünki təhlükəsizlik təmin olunmadan iş görmək mümkün deyil".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirib ki, mütəxəssislər öz həyatlarını təhlükəyə ataraq işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işini sürətlə aparır və növbəti işlərin görülməsi üçün meydan açır:

"Bu qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən işlərin həcminə diqqət yetirəndə düşünürsən ki, dövlətimizi bu işlərə qadir edən cənab Prezidentin uzaqgörən siyasəti nə qədər güclü və möhtəşəmdir. İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturu, enerji, su təminatı məsələləri demək olar ki, öz həllini tapır. Cənab Prezident mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərlər edir. Yaşayış məntəqələrinin və çoxlu tikinti layihələrinin təməli qoyulur. Ölkə başçısı görülən işlərə nəzarət edir və tapşırıqlarını verir. Dünyanın heç bir ölkəsində müharibə getmiş bölgəyə dövlət başçısı bu qədər səfər etmir. Cənab Prezident torpaqlarımız işğal altında olduğu 30 ildə qaçqın və köçkünlərimizin çəkdiyi əziyyəti və o çətin dövrü özündə yaşadıb. Ona görə də özü şəxsən bu bölgəyə mütəmadi səfərlər etməklə tikinti işlərinə nəzarəti həyata keçirir. Eləcə də dünyanın ən yaxşı layihələrini reallaşdırmaqla maksimum komfortu təmin edəcək rahatlığı köçkülərimiz üçün yaratmağa çalışır".

Deputatın fikrincə, Şuşa şəhərinin konsepsiyası müasirlik və tarixiliyi özündə yaşadacaq:

"Ağdam, Cəbrayıl və Füzuli şəhərlərinin Baş planları təsdiq olundu. Zəngilan rayonunun Ağalı kəndlərinin "ağıllı kənd" layihəsi üzrə tikinti işləri sürətlə aparılır. Füzuli rayonunun Dövlətyarlı kəndinin "ağıllı kənd" layihəsi üzrə yenidən bərpasına başlanıldı. Füzuli aeroprtu tikilib başa çatdırılıb. Zəngilan və Laçın aeroportlarının tikintisi davam etdirilir. Dəmir və avtomobil magistrallarının çəkilməsi prosesi gedir. Alternativ enerji və su elektrik stansiyalarının tikintisi, yenidən qurulması işləri sürətlə aparılır. Yeni müəssisələrin, istehsal sahələrinin təməlləri qoyulub. İşğaldan azad olunmuş ərazilərdə insan həyatı üçün maksimum yaxşı şəraitinin yaradılması cənab Prezidentin dəst-xəttidir. Təbii ki, böyük maliyyə tutumlu bütün bu layihələri Azərbaycan heç kimdən kredit və borc almadan, öz iqtisadi gücü hesabına icra edir".

Azər Badamov bildirib ki, 2021-ci ilin dövlət büdcəsində cari ildə görüləcək işlərə 1,6 milyard dollar vəsait nəzərdə tutulmuşdu:

"Düşünürəm ki, 2022-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün daha çox vəsait nəzərdə tutulacaq. İşğaldan azad olunmuş ərazilərimiz cənnətə çevriləcək. Gələn ildən başlayaraq qaçqın və köçkünlərimiz mərhələli şəkildə öz yurdlarına qaytarılacaq. Həm müharibədə uğurun əldə edilməsi, həm də post-müharibə dövründə icra edilən işlərin bəhrəsi ölkə başçımızın siyasətinin uğurudur. Çünki planlarımız və proqnozlarımız düzgün müəyyənləşməsəydi, müharibədə qalib gəlsək belə, savaşdan sonrakı dövrdə görüləcək işlərin həyata keçirilməsində müəyyən çətinlik yaranacaqdı. Amma cənab Prezident bütün məsələləri zərgər dəqiqliyi ilə hesablayıb".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm