İlham Əliyev onlara haqq-ədalət dərsi keçir - Deputat
Bizi izləyin

Qarabağ

İlham Əliyev onlara haqq-ədalət dərsi keçir - Deputat

“Zəngilan rayonunun işğaldan azad olunması ilə İranla olan sərhədlərimiz böyük ölçüdə bərpa olunub. Həmin ərazinin azadlığa qovuşması ilə Azərbaycan Ordusu Ermənistanı sərhədlərimizin bir hissəsindən kənarlaşdırıb”.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Zəngilanın işğaldan azad olunması ermənilərə vurulan növbəti zərbə idi: “Azərbaycan Ordusu Zəngilan rayonunu azad etməklə qələbəyə çox yaxın olduğumuzu bir daha göstərdi. Ermənistan ordusu uğursuzluğa düçar oldu, çünki ordumuz qətiyyətli şəkildə irəliləyirdi. Onlar artıq səhər duranda hər yerdə Azərbaycan bayrağını görürdülər. Bu cür hadisələrin olmağı ermənilərin psixoloji vəziyyətinə ciddi təsir göstərirdi. Zəngilan rayonunun işğaldan azad olunması müharibənin müqəddəratını həll edən hadisələrdən biri oldu. Bu ərazilər strateji olaraq çox mühüm yerlərdəndir”.

E.Məmmədov vurğulayıb ki, vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasına çox az müddət qalıb: “Azərbaycan ərazisində ilk dəfə Zəngilan rayonunun İkinci Ağalı kəndində “ağıllı kənd” layihəsi həyata keçirilir. Bir neçə ərazi ilə birlikdə həmin kəndə də vətəndaşlarımız yaxın zamanda qayıdacaqlar. Qarabağda qazandığımız qalibiyyətin əsas səbəblərindən biri də güclü iqtisadiyyatımızın olmasıdır. Maddi imkanlar və güclü iqtisadiyyatımız olmasaydı, ordumuz bu qədər güclü vəziyyətdə olmazdı. Çünki ordunun təminatı dövlətin maliyyəsindən asılıdır. Prezident İlham Əliyev illər ərzində şaxələnmiş iqtisadiyyat yaradıb. Müharibənin hər saniyəsi iqtisadiyyatla bağlıdır. Azərbaycan hər hansı bir dövlətin və beynəlxalq qurumun yardımına ehtiyac duymadan işğaldan azad olunmuş ərazilərdə böyük layihələr həyata keçirir. Çox təəssüf ki, dünyada bizə qarşı böyük bir ədalətsizlik var. Beynəlxalq qurumlar bu cür məsələlərdə ədalətsiz mövqe sərgiləyirlər. Ermənistan bizim torpaqlarımızı işğal edib və müharibə bizim torpaqlarımızda gedib, ancaq beynəlxalq humanitar təşkilatlar ermənilərə yardım edir. Onlar bizim ərazilərimizi viran qoyub və vətəndaşlarımıza qarşı soyqırımı törədib, ancaq böyük dövlətlər Azərbaycana deyil, ermənilərə humanitar yardım göstərirlər. Prezident İlham Əliyev öz çıxışlarında həmin dövlətlərə haqq-ədalət dərsi keçir. Həmin dövlətlər və qurumlar işğalçı dövlətə yardım göstərməyə davam edirlər. Biz isə bütün bərpa işlərini və digər məsələləri öz gücümüz hesabına həll edirik”.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm