Zəngilan böyük iqtisadi potensiala malikdir - Deputat
Bizi izləyin

Qarabağ

Zəngilan böyük iqtisadi potensiala malikdir - Deputat

Bu gün Zəngilan şəhərinin işğaldan azad olunduğu gündür. Düz 1 il öncə, müzəffər Ali Baş Komandan xalqa müraciəti zamanı Zəngilan şəhəri və rayonun 6 kəndinin, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndinin işğaldan azad olunduğunu bildirmişdi. 5 qəsəbə və 79 kəndə sahib olan Zəngilan rayonu Azərbaycanın cənub-qərbində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, füsunkar təbiəti ilə seçilən Zəngilan rayonunun böyük iqtisadi potensialı var ki, burada da turizmin inkişafı əhəmiyyətli rol oynayacaq: "Bununla yanaşı, Zəngilan rayonu təbii ehtiyatların çoxluğuna görə də fərqlənir. Belə ki, rayonun Vejnəli kəndində 6.5 ton qızıl ehtiyatı mövcuddur və güman olunur ki, müasir texnologiya ilə qiymətləndirmə aparılan zaman daha çox ehtiyatların aşkarlanması mümkün olacaq. Vejnəli yatağı eyni zamanda filiz, gümüş, mis ehtiyatları üzrə də məşhurdur.

Qeyd edim ki, Zəngilan rayonunun iqtisadi inkişafına dəstək göstərəcək digər amil onun strateji mövqeyi ilə yanaşı, Zəngəzur dəhlizinin, yeni nəqliyyat xətlərinin istifadəsi olacaq ki, bu da rayonu bölgənin logistik habına çevirəcək. Horadiz ilə Zəngilanı birləşdirəcək dəmir və avtomobil yollarının inşaatı sürətlə davam etdirilir. Zəngilana gedən zaman yolboyu texnika və avadanlıqların intensiv işləməsinin şahidi olmaq mümkündür. Eyni zamanda, Zəngilanda inşa ediləcək Beynəlxalq Hava Limanı inşaatı ilə bağlı da işlər sürətlənir. Uzun illər işğal altında qalan torpaqlarımız bərpa edilir və yenidən qurulur. Tezliklə bu yerlərə gülüş və həyat yenidən qayıdacaq. Qarabağ Azərbaycandır! Zəfərimiz əbədi olsun. Allah şəhidlərimizə rəhmət etsin".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm