Bu, Füzuli aeroportunun əhəmiyyətini artıracaq
Bizi izləyin

Qarabağ

Bu, Füzuli aeroportunun əhəmiyyətini artıracaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. İşğaldan azad edilmiş ərazilərimizdə inşa edilən ilk hava limanı olan Füzuli aeroportu cəmi 9 ay ərzində qurularaq sınaq uçuşları həyata keçirildi. Bu gün isə hava limanının rəsmi açılış mərasimi reallaşır.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, Füzuli Beynəlxalq Hava Limanı ermənilər tərəfindən tamamilə dağıdılmış və xarabalığa çevrilmiş şəhərdə inşa edilən aeroportdur: "Bu da hava limanının xüsusi özəlliklərindəndir. Bununla belə, artıq Füzuli şəhəri də inşa edilir və yaxın illərdə şəhərdə ilkin məskunlaşma olacaq. Məhz ondan sonra hava limanının əhəmiyyəti daha da artacaq.

Füzuli şəhəri məskunlaşanadək də hava limanı öz fəaliyyətini həyata keçirə biləcək. Əvvəla, Füzuli şəhərini Şuşa ilə birləşdirəcək Zəfər yolu hazırdır və bu da o deməkdir ki, xarici və yerli deleqasiyalar hava limanı vasitəsilə Azərbaycanın mədəniyyət paytaxtına səfər edə biləcəklər. İkincisi, Füzuli Hava Limanı hər növ təyyarələri qəbul etmək imkanına malikdir. Bərpa olunan Qarabağda yükdaşımaların əhəmiyyətini nəzərə alsaq, hava limanı prosesə xüsusi töhfə vermiş olacaq".

Vüqar Bayramov əlavə edib ki, Füzuli Hava Limanı Qarabağın Azərbaycan iqtisadiyyatına re-inteqrasiyası baxımından vacibdir: "İşğaldan azad olunan ərazilərimizin bərpa və yenidənqurma mərhələsindən sonra Azərbaycan iqtisadiyyatının 8 faizini formalaşdıracağı gözlənilir. Bu, əlavə 5 milyard manatdan artıq yeni dəyərin yaradılması deməkdir. Bu baxımdan çox yaxın gələcəkdə Füzuli Beynəlxalq Hava Limanı Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm