Bunların hesabı ermənilərdən soruşulacaq - Naqif Həmzəyev
Bizi izləyin

Qarabağ

Bunların hesabı ermənilərdən soruşulacaq - Naqif Həmzəyev

"Erməni siyasi rəhbərliyi və ideoloqları 2 əsr ərzində azərbaycanlılara, türklərə qarşı düşmənçilik siyasəti həyata keçiriblər. Onlar öz övladlarını düşmənçilik ideologiyası əsasında böyüdüblər. Bu baxımdan da işğal edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində azərbaycanlılara məxsus olan bütün evlər, tarixi-mədəni abidələr tamamilə dağıdılıb. Demək olar ki, viran qoyulub".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Millət vəkili bildirib ki, biz işğal altındakı bütün ərazilərdə erməni vandalizminin şahidi oluruq: "Ərazilərimizin işğaldan azad edilməsindən hələ bir il keçməyib. Buna baxmayaraq, Qarabağda və Şərqi Zəngəzurda dirçəlməyə, çiçəklənməyə şahidlik edirik. Cənab Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində "ağıllı kənd", "ağıllı şəhər" konsepsiyaları həyata keçirilir. Ağdamın, Cəbrayılın, Füzulinin, Zəngilanın baş planları təsdiqlənib. Şuşanın Baş planı təsdiqlənməklə yanaşı, orada quruculuq və abadlıq işləri sürətlə davam etdirilir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. Biz ümid edirik ki, Şuşa türk dünyasının, eləcə də müsəlman aləminin mədəniyyət paytaxtına çevriləcək. Göründüyü kimi, qısa bir müddət ərzində Qarabağ torpaqlarında ermənilərdən fərqli olaraq yenidənqurmanın, çiçəklənmənin şahidiyik. Bu da onu deməyə imkan verir ki, buralar heç vaxt ermənilərə məxsus olmayıb. Onlar işğal etdikləri ərazilərdə yaşayış evlərinin daşlarına qədər söküblər. Onları ya satıblar, ya da Ermənistana apararaq başqa məqsədlər üçün istifadə ediblər. Ancaq Azərbaycan həmin torpaqların müasir dövrün tələblərinə cavab verəcək şəkildə qurulması üçün işlər görür".

Deputat qeyd edib ki, Qarabağ regionun ən inkişaf etmiş iqtisadi ərazilərindən birinə çevriləcək:

"Əgər 7-8 ay kimi qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verilirsə, bunun ardınca tezliklə Laçında və Zəngilanda beynəlxalq aeroportların tikilib istifadəyə veriləcəyinin şahidi olacağıqsa, qısa müddətdə yol infrastrukturu bərpa olunursa və ya yenidən qurulursa, həmçinin işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisinin təminatı öz həllini tapırsa, bu o deməkdir ki, biz ən qısa zamanda Qarabağın cənnət məkana çevrildiyini görəcəyik. Burada qısa müddət sonra həyat canlanacaq. Keçmiş məcburi köçkünlərimiz də öz dədə-baba yurdlarına qayıdacaq. Buna baxmayaraq, ermənilərin bizə qarşı etdikləri unudula bilməz. Ermənilərin dağıtdıqları ərazilər və onlar tərəfindən həmin ərazilərə vurulmuş ziyan həm yerli, həm də beynəlxalq ekspertlər tərəfindən araşdırılır, öyrənilir. Mütləq şəkildə bütün bunların hesabı ermənilərdən soruşulacaq. Eyni zamanda Ermənistandan təzminat tələb olunacaq. Əks təqdirdə, bir daha erməni terrorizmi baş qaldıra bilər. Onlara elə bir dərs verilməlidir ki, bir daha bu cür vandal hərəkətlərə cürət etməsinlər. Bir daha Azərbaycan ərazilərinə iddia etməsinlər".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm