Keçmiş XİN başçısından MESAJ: Antiterror əməliyyatı YETİŞİB
Bizi izləyin

Qarabağ

Keçmiş XİN başçısından MESAJ: Antiterror əməliyyatı YETİŞİB

Yayılan məlumata görə, yaxın zamanlarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşü keçiriləcək. Xüsusilə ötən gün Qarabağ daxilində və sərhəddə baş verən insidentlər fonunda bu görüşün keçirilməsi maraq doğrur. Bəzi ekspertlərin fikrincə, bu görüşdə danışılacaq əsas mövzu Zəngəzur dəhlizinin açılması olacaq.

Publika.az-a müsahibə verən politoloq Tofiq Zülfüqarov bildirib ki, görüşün gündəliyində duracaq əsas məsələ məhz Zəngəzur dəhlizinin açılması ilə bağlı olacaq.

Müsahibəni təqdim edirik:

- Tofiq bəy, İlham Əliyev və Paşinyan görüşündən gözləntiləriniz nədir? Hansı mövzular ətrafında müzakirələr aparılacaq?

- Regionda proseslər sürətlənir. Qərb-Rusiya qarşıdurmasının bir hissəsi artıq cənub istiqamətinə şamil olunub. Blinkenin zəngi, Astana görüşü və Baydenin səfərini nəzərə aldıqda görürük ki, bölgəyə aid mövzular artıq gündəmdədir. Bütün bu olanlar birbaşa Zəngəzur dəhlizi ilə bağlıdır. Çünki Rusiyanın maraq etdiyi əsas bölgə cənub və şərq olacaq. Şərq dedikdə Çin nəzərdə tutulur, ancaq cənuba yönəlik fəaliyyətin artması bizim bölgədə də hərəkətlənmələrin olması deməkdir. Yəni həm siyasi, həm də iqtisadi fəallıq gözlənilir. İqtisadi fəallığın əsas amillərindən biri komunikasiyadır. Deməli, Zəngəzur mövzusu artıq gündəmdədir. Çünki oradan keçəcək dəmir yolları vasitəsilə Rusiya və İranın yolları birləşəcək. Daha geniş coğrafiyaya baxsaq, görəcəyik ki, Rusiyanın Türkiyə ilə dəmir yolu bağlantısı da Zəngəzur vasitəsilə Naxçıvandan keçir. Yəni Qərb-Rusiya qarşıdurmasının bir issəsinin bizim bölgədə davam etməsi istisna deyil. Təbii ki, burada Azərbaycanla Ermənistan arasındakı qarşıdurmadan da istifadə olunacaq.

- Ötən gün ermənilər Qarabağ və Azərbaycan-Ermənistan sərhəddində silahlı insidentlər törədib. Bu görüşdən əvvəl Azərbaycan ordusu xüsusi bir əməliyyat keçirə bilərmi?

- Ölkəmizin yaxın zamanlarda antiterror əməliyyatına başlaması istisna olunmur. Qarabağda olan iriçaplı silahlar sülhməramlılar tərəfindən yığışdırılıb. Yəni ermənilərin əlində yalnız avtomatlardır. Təxribatların çoxalması qarşıdurmanın daha da gərginləşməsinə gətirib çıxaracaq. Tək Qarabağ bölgəsində deyil, həm də Zəngəzur və Göyçə istiqamətində də müəyyən hadisələr baş verə bilər. Qərb istəyir ki, Ermənistanı öz tərəfinə çəksin. Çünki onlar bilir ki, adıçəkilən ölkənin Azərbaycan və Türkiyənin təsiri altına düşməsi qaçılmazdır. Qərb dövlətləri Ermənistanın bu situasiyadan kömək olmadan qaça bilməyəcəyini anlayır. Həmçinin onların bu addımı Azərbaycan, Türkiyə, Rusiya və İranın maraqlarına ziddir. Ermənistanın isə hansı tərəfi seçəcəyi bəlli deyil.

- Bu qarşıdurmalar, daha doğrusu, erməni təxribatı Zəngəzur dəhlizinin açılmasına necə təsir edəcək?

- Qarşıdurma Ermənistanı kimin öz tərəfinə çəkəcəyindən ibarətdir. Ermənistanın Qərbi seçməsi ilə Zəngəzur dəhlizinə qarşı çıxacağı bəlli deyil. Həmin ölkələr bu dəhlizin çox önəmli olduğunu bilir. Yəni bölgədə belə bir fəallığın məğzi hazırda davam edən Rusiya-Qərb qarşıdurmasıdır. Ermənistanın hansı tərəfi seçməsindən aslı olaraq bölgədə proseslər formalaşacaq.

Rahib Ələsgərov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm