Yeni yol Laçın şəhəri, Zabux və Sus kəndlərini... - Deputat
Bizi izləyin

Qarabağ

Yeni yol Laçın şəhəri, Zabux və Sus kəndlərini... - Deputat

“Laçın şəhərinin Azərbaycanın nəzarətinə qaytarılması 10 noyabr razılaşmasına əsasən həyata keçirilir. Yolun marşrutu üçtərəfli bəyanata uyğun olaraq, Rusiya tərəfinin vasitəçiliyi müəyyən edilib və razılaşdırılıb. Burada mübahisə doğuracaq heç bir məqam yoxdur. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, razılaşmanın bəndlərini tam icra etməlidir”.

Publika.az xəbər verir ki, bu fikirləri millət vəkili Ceyhun Məmmədov qeyd edib.

Deputat bildirib ki, ölkəmiz yeni yolun Azərbaycan Respublikasının ərazisindəki hissəsinin inşasını yüksək keyfiyyətlə, qısa müddətdə icra edib: “Bu, Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin, o cümlədən üçtərəfli bəyanatın icrasına Ermənistandan fərqli olaraq məsuliyyətlə yanaşmanın ən bariz nümunəsidir.

Yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmininə şərait yaratmaqla, münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaq. Eyni zamanda, yeni yolun inşası ilə bağlı Azərbaycanın ardıcıl və sürətli addımlar atmasına baxmayaraq, Ermənistan öz ərazisindən keçən hissənin tikintisini uzatması bu ölkənin öz öhdəliklərinin icrasına məsuliyyətsiz yanaşmasını, yerli erməni əhalinin rahatlıq və rifahına etinasızlığını nümayiş etdirir”.

C.Məmmədov əlavə edib ki, Azərbaycan tərəfi konstruktivlik nümayiş etdirərək, yerli erməni əhalinin xahişini nəzərə alaraq, yolun Ermənistandan keçən hissəsi yekunlaşana qədər 4.7 km-lik müvəqqəti yolun tikintisinə istifadə olunmasına razı olub: “Bu, erməni əhalinin yeni marşrutdan problemsiz istifadəsinə imkan yaradacaq.

Bu onu göstərir ki, Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq, qısa zamanda və yüksək keyfiyyətdə yeni yol inşa edir, növbəti xoş məram nümayiş etdirərək hərəkətin müvəqqəti yol ilə təşkili üçün ardıcıl tədbirlər həyata keçirir. Ermənistan isə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında maneəsiz gediş-gəlişin təmini ilə bağlı üçtərəfli bəyanatdan irəli gələn öhdəliyin icrasından boyun qaçırmaqda davam edir. Yolun inşası zamanı yerli erməni əhali ilə təmaslar olub, inşaat prosesinin mühüm bir hissəsi Rusiya sülhməramlı kontingentinin müşayiəti olmadan aparılıb. Bu isə azərbaycanlı və erməni əhali arasında birbaşa təmasın və birgə fəaliyyətin mümkünlüyünü bir daha nümayiş etdirir. Yerli erməni əhali yeni yolun fəaliyyətə başlamasına razı olduğu təqdirdə, məhz Ermənistan hökuməti yolun fəaliyyətə başlamasını növbəti ilin sonuna qədər təxirə salmaq üçün cəhdlər göstərib. Bu, həmçinin yerli erməni əhalinin təhlükəsizliyi və məişət problemlərinin həlli istiqamətində Azərbaycanın müvafiq tədbirlər həyata keçirdiyini göstərir”.

Millət vəkili vurğulayıb ki, yeni yolun fəaliyyətə başlaması ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması ilk növbədə beynəlxalq hüququn, ədalətin bərpasıdır: “Ərazilərin Azərbaycana qaytarılması bu ərazilərdən Ermənistanın işğalı nəticəsində didərgin salınmış on minlərlə məcburi köçkünün tezliklə öz doğma yurdlarına qayıtmasını təmin etməyə şərait yaradır”.

C.Məmmədov onu da əlavə edib ki, Laçın şəhəri, Zabux və Sus kəndlərində işğal dövründə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür: “Qanunsuz məskunlaşdırma Cenevrə Konvensiyalarının müddəalarının ciddi pozuntusu, müharibə cinayətidir və bu Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Ermənistan bu qanunsuz əməllərə görə məhkəmə qarşısında cavab verəcək. Sözügedən ərazilərdə qanunsuz məskunlaşmış şəxslərin mütləq əksəriyyəti məhz Ermənistan hakimiyyətindən onların Ermənistana köçürülməsini tələb edir. Bu şəxslərin Qarabağ bölgəsində yaşamaq istəməməsi öz-özlüyündə həmin şəxslərin bölgəyə aid olmadığını birmənalı təsdiq edir. Qanunsuz məskunlaşmaya görə bütün məsuliyyət məhz Ermənistan daşıyır. Bu vəziyyətin aradan qaldırılması Ermənistanın məsuliyyətidir. Qanunsuz məskunlaşmanın aradan qaldırılması sülhün möhkəmləndirilməsi səylərinin mühüm tərkib hissəsi olmalıdır.

Ermənistanın Laçın şəhəri daxil olmaqla, işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması, bu ərazilərin yerli sakinləri olan azərbaycanlıların mülklərini, qəbiristan və məscidlərini tamamilə dağıtması, köçürülmüş ermənilər üçün evlər, kilsə və s. inşa etməsi etnik və dini zəmində ayrı seçkiliyin bariz təzahürüdür”.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm