Ermənistan Kəlbəcər cinayətlərinə görə hökmən cavab verəcək - Deputat
Bizi izləyin

Qarabağ

Ermənistan Kəlbəcər cinayətlərinə görə hökmən cavab verəcək - Deputat

“Kəlbəcər ərazi baxımından ən böyük rayonlarımızdan biridir. Rayon ərazisində sənaye əhəmiyyətli qızıl, civə, tuf, gil, perlit, üzlük daş, qum-çınqıl qarışığı, mərmər, nefroid, obsidian (dəvə gözü), listvenit yataqları var. Burada Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da yerləşir. Kəlbəcərin işğaldan azad edilməsi ilə Azərbaycanda balneoloji turizmin və mədən sənayesinin inkişafında yeni bir mərhələ başlayıb”.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov Kəlbəcər rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ərəfəsində verdiyi açıqlamada söyləyib.

Deputat xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi: “Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib".

K.Qafarov hazırda Kəlbəcər rayonunda həyata keçirilmiş və yerinə yetirilməkdə olan infrastruktur layihələrindən də söz açıb: “Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2- ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11,6 kilometrlik 2 tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir”.

K.Qafarov deyib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə ötən ilin avqust ayının 16-da birinci səfərində Azərbaycan bayrağını ucaldıb, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağında inşa olunacaq tunelin təməlqoyma mərasimində iştirak edib: “Dövlət başçısının bu il iyulun 26-da Kəlbəcərə ikinci səfərində isə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissələrin açılışnda iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Kəlbəcər şəhərinin Baş planı, Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimilərində iştirak edib”.

Deputat sonda bildirib ki, işğal altında qaldığı müddət ərzində düşmən tərəfindən Kəlbəcərin sərvətlərinin qanunsuz istismarının miqyasının dəqiq uçotu aparılaraq, Ermənistan tərəfi beynəlxalq hüququn tələbləri çərçivəsində vurulmuş ziyanı ödəməyə məcbur edilməlidir: "Ermənistan Kəlbəcər cinayətlərinə görə, hökmən cavab verəcək!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm