Dil Komissiyasının üzvü: “İmza atdıq”, “boş ver”, “bir araya gəldilər” ifadələri dilimizə yaddır” - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Dil Komissiyasının üzvü: “İmza atdıq”, “boş ver”, “bir araya gəldilər” ifadələri dilimizə yaddır” - MÜSAHİBƏ

Son günlər Azərbaycan dilində bəzi təkliflər və lüğətlərdəki problemlər gündəmdədir. İstər təkliflər, istərsə də problemlərin aradan qaldırılması üçün irəli sürülən fikirlər birmənalı qarşılanmır. Dəyişikliklərin dilin inkişafına təsiri və digər yeniliklərlə bağlı suallarımızı Dövlət Dil Komissiyasının üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik Şöbəsinin müdiri İsmayıl Məmmədov cavablandırıb.

İ.Məmmədov bildirib ki, 2001-ci ildə yaradılan Dil Komissiyasının həmin dövr üçün qarşısında duran vəzifələr var idi. Hazırda komissiya fəaliyyətini digər qurumlarda davam etdirir.

- Əvvəlcə başlayaq bir neçə gün əvvəl təkliflə çıxış etdiyiniz apostrofun bərpa edilməsindən. Apostrofun bərpa edilməsi dilə nə verəcək?

- Dilimizdə 310 söz var ki, onlarda apostrof olub. Bu qədər sözdə apostrofu bərpa etmək çətin deyil. Türkiyə və Rusiyada apostrof var. Bu işarə dilə çətinlik gətirmir. Üstünlüklərə gəldikdə, bu gün klassik ədəbiyyatı oxumaq üçün apostrof mütləqdir. Çünki oradakı sözlərin əksəriyyəti apostrofludur. Füzulinin qəzəllərindəki sözlərin mənasını tarixi orfoqrafiya ilə anlaya bilərik. Buna görə də, apostrofdan imtina etməyimiz düzgün deyil. O vaxt ləğv olunması ilə bağlı təklif olanda da mən, akademik Tofiq Hacıyev, Yusif Seyidov, Əziz Əfəndizadə də apostrofun qalması fikrində idik. İndi də onun bərpa edilməsini təklif edirik. Məsələn, “nəşə” sözü apostrofdan asılı olaraq, yüksək əhvali-ruhiyyə və ya narkotik maddə mənasını verir. Bunları bir-birindən ayırmaq üçün apostrof lazımdır. Bu gün dərsliklərin əsas hissəsini klassik ədəbiyyat tutur. Həmin yazıçıların əsərlərini anlamaq üçün apostrof olmalıdır. Orfoqrafiya tarixi hadisədir. Məsələn, “şeir”, “feil” sözləri apostrof atılandan sonra qəribə bir vəziyyət olmuşdu. Yazıda çətinlik yaratdığını deyənlər yanlış düşünürlər. Qaydaları bilməyən, tənbəl adamlar apostrofun bərpa edilməsini istəmirlər.

- “Orfoqrafiya” lüğətində olan problemlər həm istifadəçiləri, həm də onu hazırlayan dilçiləri narahat edir. Bu problemlər nə vaxt aradan qaldırılacaq?

- Dilçilikdə ən qədim sahə lüğətçilikdir, daim bu sahə təkmilləşir. Türkiyədə “Orfoqrafiya” lüğətini 1932-ci ildən bu vaxta qədər 27 dəfə, biz isə 1929-cu ildən başlayaraq cəmi 6 dəfə nəşr etmişik.

“Orfoqrafiya” lüğəti də dildə baş verən yeniliklərdən asılı olaraq vaxtaşırı nəşr edilir. 1975-ci ildə nəşr olunan lüğətdə 58 min, 2004-cü il nəşrində 80 min söz oldu. 2013-cü ildə çap olunan lüğətdə 110563 söz var. Sözlərin sayı artsa da, lüğət heç də hər zaman dilin hazırkı durumunu özündə əks etdirə bilmir. Yeni orfoqrafiya normalarının müəyyən edilməsi əvvəlki lüğətdən istifadəni çətinləşdirir. Əvvəl sözləri rus dilindən almışdıq, ona görə də əvvəlki lüğətlərdə bu dilin xüsusiyyətləri əks olunmuşdu. “Hippodrom” sözü, əvvəl “ippodrom”, “hotel” əvvəl “otel” kimi, “həndbol” əvvəl “qandbol” kimi işlənirdi. Hazırda “Orfoqrafiya” lüğətində bəzi problemlər var. Əvvəl “Orfoqrafiya” lüğətində sözlər bir neçə variantda olurdusa, sonuncu nəşrdə bir variantda veriləcək. 1975-ci ildə Ə.Orucov tərəfindən hazırlanan lüğətdə “stəkan”, 2004-cü ildə A.Axundovun redaktor olduğu lüğətdə “müdrik” sözü ilə bağlı 8 söz verilməyib, “ucadan” sözü var, amma “uca” sözü yoxdur. Lüğət çox diqqət tələb edən sahədir. Çalışacağıq ki, yeni lüğətdə bu problemlər aradan qaldırılmış olsun.

- Bu problemləri nəzərə alsaq, yeni lüğətdə hansı dəyişikliklər olacaq?

- İlk növbədə yeni lüğətdə söz ehtiyatı daha çox olacaq. Sonuncu lüğətdə 110 min söz var idi, ola bilər ki, yenisində 115-120 min söz olsun. İlkin hesablamaya görə, mindən çox yeni söz tapmışıq. Bu sözlərin əksəriyyətinin mənasını izah edərkən də yeni sözlərin yarandığını müşahidə edirik. Məsələn, “motiv”, “assosiasiya”, “aura” kimi sözlər fərqli mənalar qazanıb. “Peyk” əvvəl yalnız Yerin peyki mənasında istifadə edilirdi. İndi kosmosa buraxılan gəmiyə də peyk deyilir. Söz semantik baxımdan yeni məna qazanır və dil inkişaf edir. Bizim hazırkı durumda əsas məqsədlərimizdən biri sözlərin mənasının düzgün anlaşılması və düzgün yazılmasıdır. Bəzi mürəkkəb sözlər - “uca boylu”, “beş atomlu”, “beş mərtəbəli”, “müxtəlif sistemli” kimi sözlər artıq birlikdə yazılır. Bəzi lüğətlərdə ayrı yazılıb. Çalışırıq ki, bu sözləri unifikasiya edək, vahid norma qəbul edək. Hələ ki lüğət hazırlanır, yaxın zamanda çapa veriləcək.

- Bir müddət əvvəl qoşa “yy” samitli sözlərin yazılışında dəyişiklik edilməsi gündəmə gəldi. Bu sözlərdə samitlərdən birinin atılmasına ehtiyac var?

- Kimsə nəsə təklif edə bilər. Lakin bu onun mütləq qəbul ediləcəyi kimi anlaşılmamalıdır. Çünki orfoqrafiya lüğəti-fonetik, morfoloji və tarixi ənənəvi prinsipə əsaslanaraq hazırlanır. Hansısa sözün tələffüzündə hərflərdən birinin düşməsi orfoepiya qaydasıdır. Orfoqrafiyada da buna görə dəyişiklik etməyə ehtiyac yoxdur. Çünki dilin morfoloji normasını poza bilmirik. Necə ki, insanlar sözünü [insannar] kimi tələffüz edirik. O deməkdir ki, bu sözü də elə yazmalıyıq? Qoşa “yy” samitli sözlər ərəb dilindən alınan sözlərdir. Samitin birini azaltsaq, sözün kökü, mənşəyi unudulacaq. Çünki yazı başqa, danışıq başqadır. Bu məsələ hələ ki təklif formasındadır. Qərarı Orfoqrafiya Komissiyası verməlidir. M.F.Axundzadə “səlamət” sözünü, “salamat”, “qaidə” sözünü “qayda”, “müğəyyəd” sözünü “muğayat” kimi dəyişməsi “Əkinçi” qəzetinə təklif kimi göndərmişdi. Lakin o demək deyil ki, hər təklifə uyğun dəyişiklik ediləcək. Hər dəfə “orfoqrafiya” lüğəti hazırlananda uzun müddət müzakirələr aparılıb. Çünki orfoqrafiya daim təkmilləşməli və vahid prinsipdən çıxış edilməlidir. Hər kəsin öz orfoqrafiyası ola bilməz. Qanunda da göstərilib ki, yazılı və şifahi dilin normaları gözlənilməlidir. Ola bilər ki, bu təkliflə çıxış edənlər fikirlərini əsaslandırsınlar. Lakin sözdə dəyişiklik edəndə 3 əsas prinsipə əməl edilməlidir.

- Azərbaycan dilinin izahlı lüğəti yenidən nə vaxt hazırlanacaq? Hazırda istifadə etdiyimiz lüğətdə də bəzi sözlərin izahını tapmaq olmur.

- Bu lüğətin də yenidən hazırlanması üzərində işləyirik. Hazırda üzərində işlədiyimiz yeni lüğətdə sözlərin sayı daha çox olacaq. Ən azından “Orfoqrafiya” lüğətinə salınan min söz bura daxil olacaq. Sonuncu hazırlanan lüğət 4 cilddədir, ola bilər ki, yenisi 6-7 cilddə olsun. Sovet dövründə hazırlanan lüğətdə 50 minə qədər söz var idi. Orfoqrafiya lüğətində hazırda yüz min söz var, yəqin ki, izahlı lüğətdə də yüz min olacaq. Bundan başqa, sözlərin bir çoxu yeni mənalar qazanıb. “Almaq” sözü əvvəlki lüğətdə 29 mənası ilə verilirdi, amma indi bu daha çox məna qazanıb. Bunların hər biri də izahlı lüğətdə veriləcək.

Ə.Orucovun hazırladığı lüğətdə o dövrün ideologiyası əks olunurdu. Bəzi cərəyanların qarşısında izahını "mürtəce" kimi veriblər. Təkrar nəşrdə də həmin izahlar saxlanılmışdı. Həmin lüğətdə “reklam”, “kibernetika” kimi sözlər olmayıb. Halbuki dilimizə reklamla bağlı onlarla söz daxil olub və onlar lüğətdə əks olunmalıdır.

- İstifadəçilər Sovet dövründə nəşr olunan lüğətlə 2004-cü ildə nəşr olunan arasında fərqlərin olduğunu deyirlər. Bu da real olaraq çaşqınlıq yaradır. Yeni lüğətdə yəqin bu məqamlara diqqət edilər.

- İzahlı lüğətin 2004-cü il nəşri Ə.Orucovun hazırladığı lüğətlə eynidir. Biz 1997, 1999 və 2000-ci ildə yenidən 3 cildlik lüğət hazırladıq. Bu lüğətlərdə yeni sözlər də vermişik, orada yazıçıların əsərlərindən nümunələr verməmişik. Bu baxımdan lüğətlər arasında müəyyən fərqlər olur. Çalışacağıq ki, yeni lüğətdə ən doğru variant olsun.

- Yeni texnologiyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bu zaman onlarla birlikdə dilə yeni əcnəbi sözlər daxil olur. Qarşılığı uzun müddət tapılmır, tapılanda isə istifadəsi çətin olur. Nəticədə dildə pərakəndəlik yaranır. Kommunikasiya ilə bağlı dilə daxil olan sözlərin qarşılığını qısa zamanda tapmaq olmazmı?

- Texnologiyanın inkişafı ilə dilə daxil olan sözlərin hamısı dilə uyğunlaşdırılmalıdır. Uyğunlaşdırma olmayanda dil normaları pozulur. Məsələn, “Tide” [tayd], “Space” [speys] kimi tələffüz edilir. Əcnəbi dili transliterasiya edəndə öz dilimizə uyğunlaşdırmalıyıq. Hesab edirəm ki, bu gün hər kəsin xarici dildə bilgisi olmadığına görə, sözlər tələffüz formasına uyğun yazılmalıdır. Əvvəl “qumanite” yazırdıq, indi “humanite” kimi istifadə edilir. Bundan başqa, bəzi sözlərin qarşılığı tapılmalıdır. Bu iş qısa zamanda baş vermir. Sözün qarşılığı tapılır, mütəxəssislər tərəfindən müzakirə edilir, sonra qəbul edilir. “Qandbol” sözünü uzunmüddətli müzakirədən sonra “həndbol” kimi istifadə etmək qəbul edildi. Bu qərar da qısa zamanda qəbul edilən və lüğətçilik şöbəsi çərçivəsində həll olan məsələ deyil. Bunun üçün Akademiyanın Rəyasət Heyəti səviyyəsində həll olmalıdır.

- Yeni sözlər dilə əsasən mətbuat vasitəsilə daxil olur. Lakin bəzi alimlər mətbuatın dilində yeni sözlərin yersiz istifadə edilməsindən narahatlıqlarını tez-tez dilə gətirirlər. Sizcə, hazırda kütləvi informasiya vasitələrinin dili necədir?

- Dildə yeni sözə ehtiyac olduğu üçün o, mətbuatda istifadə edilir. Yeni sözdən istifadədən qorxmaq olmaz. Dilə nə qədər yeni söz daxil olarsa, dil o qədər də zəngin olar. Amma bu məsələdə sözlərin necə istifadə edilməsinə diqqət edilməlidir. Məni narahat edən məqam xarici dildən alınan birləşmələrin dilə uyğunlaşdırılmadan istifadə edilməsidir. Xüsusən də son vaxtlar televiziya dilində bu halı daha çox müşahidə edirik. Yerli telekanalların aparıcıları türk televiziyasında eşitdikləri sözləri olduğu kimi istifadə edir. Məsələn, “aramızda qalsın” yox “öz aramızda qalsın” kimi, “əlinə sağlıq” yox, “əlin-qolun var olsun” kimi işlənməlidir. “İmza atdıq”, “boş ver”, “bir araya gəldilər” ifadələri dilimizə yaddır. Bu ifadələri eşidəndə insana qəribə gəlir. Mən Türkiyə türkcəsini çox yaxşı bilirəm və onun əleyhinə deyiləm. Sadəcə hər dilin öz özəlliyi, məna incəliyi var. Düzdür, “sonuc”, “aşağılamaq” sözləri dilimizdə işlənir. Lüğət tərkibinə də daxil edilib. Amma bütün sözləri kütləvi şəkildə dilə daxil etmək doğru deyil. Bu o deməkdir ki, Azərbaycan dilinin söz potensialı çox zəifdir.

- Bütün bu problemləri nəzərə alsaq, qaydaları pozanların cəzalanması nə qədər real görünür? Çünki Dil Komissiyasının yaradılması ilə bağlı qərarda həm də bu məsələ ayrıca qeyd olunmuşdu. Zaman-zaman dil polisinin yaradılması da gündəmə gəlir.

- “Dil haqqında” Qanun qəbul olunanda cəza məsələsini daxil etmək istədik. Lakin bu, qəbul edilmədi. Baltikyanı ölkələrdə dil müfəttişləri qaydanı pozanlara cərimə müəyyən edir. Hazırda aparıcının dilində olan pozuntuya görə cəzanı rəhbərlik verə bilər. Hələ ki bu hala rast gəlməmişik.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm