“Facebook” dilənçiləri: Vicdan və cüzdan arasında - ARAŞDIRMA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Facebook” dilənçiləri: Vicdan və cüzdan arasında - ARAŞDIRMA - FOTOLAR

“Qurban olum, bunu hər kəs hər yerdə paylaşsın. 5 yaşlı Murad təcili əməliyyat olunmalıdır. Əməliyyat ancaq Almaniyada mümkündür. İmkanımız yoxdur, kimin əlindən nə gəlirsə, Allah xatirinə, kömək edin ki, balam sağalsın. Bank hesabı....”

Bu cür paylaşımları hər gün ən azı bir neçə dəfə sosial şəbəkələrdə yaradılan müxtəlif səhifələrdə görürük. Haradasa çarəsiz qalmış, əli hər yerdən üzülən ana gözümüzün qarşısında canlanır. Allah rizası üçün əlimizdən gələn 5-10 manat yardımı göstərilən hesaba köçürürük. Doğrudur, bu vasitə ilə həqiqətən köməyə möhtac və yaxını xəstə olanlar da şəfa tapır, amma... Amması odur ki, bu həm də bütün dünyada geniş yayılmış dilənçilik formasıdır. Fərqi yoxdur, küçədə dilənirsən və ya bank hesabı yaradıb dilənirsən. Əgər insanın xislətində fırıldaqçılıq və dilənçilik varsa, bunu edəcək. Əvvəllər bu şəkildə pul qoparmaq bir qədər çətin olduğundan hazırda heç bir nəzarətin olmadığı sosial şəbəkə üzərindən bunu asanlıqla etmək mümkündür.

1 Saylı Kliniki Tibbi Mərkəzdə cərrah işləyən Tural Mirzəyev belə hallarla tez-tez qarşılaşdığını deyir. Həkimin Publika.az-a bildirdiyinə görə, bir neçə dəfə bu cür imkansız xəstələri pulsuz əməliyyat etməyi öz öhdəsinə götürsə də, sonradan “xəstə”lərdən səs-səmir çıxmayıb:

“Bu yaxınlarda bizim sağlamlıqla bağlı səhifəmizdə bir xanım üzündə böyük xal olan uşağının şəklini paylaşıb əməliyyat üçün pul istəyirdi. Bizim plastik cərrah dedi ki, mən bu əməliyyatı pulsuz etməyə hazıram. Biz hətta klinikanın da xərclərini də ödəməyi öz üzərimizə götürdük və bunu həmin qadına yazdıq. Amma bundan sonra o, telefonu açmadı və yoxa çıxdı. Elə 2 ay öncə də təxminən buna bənzər bir hadisə ilə qarşılaşmışdım. Bir nəfər sosial şəbəkədə üzündən zədə aldığını və yalnız xarici ölkədə mümkün olan əməliyyat üçün insanlardan yardım etmələrini xahiş edirdi. Əslində, bu əməliyyat Azərbaycanda mümkündür və biz özümüz bunu edirik. Onunla da əlaqə saxlayıb kömək etmək istədiyimizi bildirdik. Təəssüf ki, həmin şəxsdən də səs-səmir çıxmadı”.

Millət vəkili Fazil Mustafanın Publika.az-a bildirdiyinə görə, insanlar belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər. Millət vəkili özü də dəfələrlə bu cür müraciətlərlə qarşılaşdığını, “facebook”dan təyinatına uyğun istifadə olunmadığını desə də, müraciət edənin fırıldaqçı olub-olmaması məsələsinə gələndə vəziyyətin mürəkkəbləşdiyini deyir:

“Mən özüm də dəfələrlə belə müraciətlərə rast gəlirəm. Bəzən baxıram ki, bu müraciət ağlabatan deyil. Bir çox hallarda tanınmış adamların ünvanına belə məktublar göndərirlər. Əslində, “facebook” bunun üçün nəzərdə tutulmayıb. Ayrı-ayrı adamlara mesaj göndərmək və yardım istəmək “facebook”un təyinatına uyğun deyil. Belə adamların bir çoxu pul qazanmaq üçün bu məsələyə “kimi aldada bildik” prinsipi ilə yanaşırlar. Vətəndaşlar diqqətli olmalıdırlar və əgər şübhəli məqamlar varsa, polisə müraciət etmək lazımdır”.

Xeyriyyə məsələlərilə bağlı 20 ildir araşdırma aparan sosioloq Əhməd Qəşəmoğlunun Publika.az-a bildirdiyinə görə, əslində, bu insanlar indi çoxalmayıb, onlar həmişə olub və indi də sosial şəbəkələrdən vasitə kimi istifadə edirlər:

“Belə adamlar həmişə müxtəlif yollardan istifadə ediblər. Təəssüf ki, bu, insanlarımızda olan mənfi xüsusiyyətdir. Həmin adamların bir az əvvəl “facebook”dan başları çıxmırdı, indi xəbər tutublar. Çalışmaq lazımdır ki, insanlar bu fırıldaqlara getməsin. Təəssüf ki, Azərbaycanda bu mədəniyyət hələ formalaşmayıb”.

Ekspertin sözlərinə görə, Hollandiyada, Almaniyada və digər Avropa ölkələrində kilsələr çox ciddi xeyriyyə fəaliyyəti ilə məşğul olurlar. Bizdə məscidlərdə bu qədər nəzir qutusu qoyulsa da, yəqin ki, heç kəs həmin qutulardan çıxan pullarla məscidin kimisə müalicə elədiyini və ya oxumağa göndərdiyini eşitməyib. Müqayisə üçün bir kilsə və məscid götürsək, hansının daha çox xeyriyyə işi gördüyünü araşdırsaq, ortaya çıxan mənzərəni yəqin ki, təxmin edirsiniz. Sosioloqun sözlərinə görə insanlar görsələr ki, yığılan pulları məscid xeyriyyə məqsədləri üçün istifadə edir, camaat da ora pul verməkdə maraqlı olar:

“Bu baxımdan bu problem dərindir, çox işlər görülməlidir, maariflənmə aparılmalıdır. Bu, asan məsələ deyil və əhalinin çox yüksək mədəniyyət göstəricisidir. Heyf ki, o göstərici barədə təəssüflə danışmaq lazım gəlir. Çıxış yolu kimi, Azərbaycanda xeyriyyə fəaliyyətinin güclənməsi üçün təkliflər paketi hazırlamaq lazımdır. Bu da elmi əsaslarla hazırlanmış təkliflər paketi olmalıdır. Bir məqam da var ki, xaricdə biznes strurkturları xeyriyyə fəaliyyəti göstərməyə maraqlı olur və bununla fəxr edirlər. Bizdə isə biznes strukturları xeyriyyə fəaliyyəti göstərəndə maliyyə idarələrindən zərbə aldıqlarını deyirlər. Burada məsələ çox qəlizdir, sizin, mənim təklifimlə olmaz. Radikal ciddi bir yol olmalıdır və təkliflər paketi hazırlanmalıdır. İndiki vaxtda qısa müddətdə heç nə etmək olmaz”.

Məsələnin bir tərəfi də “Reproduktiv sağlamlıq haqqında qanun”un qəbul olunmasına, sığorta ilə bağlı problemlərin həll olacağı məchul günə qalır. Əslində, xarici ölkələrdəki kimi bizdə də heç olmasa, xeyriyyə fondları yaradılsa, imkansız adamları pulsuz əməliyyat etməyə həkimlər də tapılar. Elə Tural Mirzəyev kimi. Amma görünür, sosial şəbəkələrdə hələ çox fırıldaqçıların bizə öz uşağı kimi təqdim etdiyi çox şikəst uşaq, ağır xəstə görəcəyik. Hələ bir “layk”a, “komment”ə, paylaşıma pul qoyanlar da olacaq. Allah daha betərindən saxlasın!

Bu yaxınlarda mətbuatda 2 yaşında erməni əsirliyinə düşüb işgəncələrə məruz qalmış, əsirlikdən qayıtdıqdan sonra gözləri, demək olar ki, görməyən və 7 dəfə əməliyyat olunan qızın müalicəsi üçün bizim bir telekanalda yayımlanan xeyriyyə xarakterli verilişdə 10 min manata qədər pul toplandığını oxudum. Bura qədər hər şey normal idi, məsələ ondadır ki, camaatdan toplanan həmin vəsait kimə çatıbsa da, uşağın əməliyyatı üçün pul axtaran ailəyə çatmayıb. Bəs belə məqamda insanların etibarından istifadə edib pul qazananlar onu hansı namusa və əxlaqa sığışdırırlar? Amma təəssüf ki, bütün dünyada olduğu kimi, bizdə də bu yolla pul qazananlar çoxdur. Bəs necə etməliyik ki, insanların hələ az da olsa qalan mərhəmət və inamı tamamən sarsılmasın? Bəzən elə suallar olur ki, bütün dünya onun qarşısında susur. Hətta qanunlar da.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm