Dindarların loxmasını saymaq
Bizi izləyin

Qırmızı.az

Dindarların loxmasını saymaq

Oruc tutmaq heç də asan bir şey deyil.

Hər il Ramazan ayında milyonlarla müsəlmanın oruc tutmasına görə, bu ritualın elə də rahat olduğunu düşünməyin.

Məsələ heç də o deyil ki, bu isti havalarda əlimizdən ice-tea düşmür, susuzluğa və istiliyə dözmək olmur. Gün ərzində iki litr su içmək həkim məsləhəti olsa da, 15-16 saat su içməmək təkcə fiziki dözümlə əsaslandırıla bilməz. Burada inanc, doqma və qətiyyət də vardır.

Tələbəlik illərində davamlı oruc tutan biri kimi, ritualın bir çox mahiyyətindən xəbərim var.

Ayrıca bu ritualın İslamdan daha öncə olduğunu da bilirəm.

Məni üzən hər Ramazan ayında vətəndaşlar arasında qıcığın yaradılmasıdır.

Halbuki, biz özümüzü çağdaş sayırıqsa, kimin necə oruc tutması, sahuru, iftarı harada eləməsi maraq obyektimizdə olmamalı idi.

Əgər biz Amerikada homoseksuallarla bağlı qərarı çağdaşlıq, insan hüquq və azadlığı çərçivəsində qəbul ediriksə, bir dindarın hansı restoranda iftar açdığına niyə qarışırıq?

Qısaca desək, bizə nə, sizə nə?

Reklam və ya dəstək kimi qəbul edilməsin deyə adını çəkmirəm.

Hər hansı bir restoranın hər hansı bir iftar menyusundan bizə nə?

Hansısa restoranın qiymət tənzimlənməsini onun rəhbəri edir, xidmət göstərməyi hesabladığı müştəri təbəqəsinə uyğun olaraq müəyyən edir.

İndiyə qədər hansı restoran bizdən qiymət soruşub?

Bahadır, getməyəcəksən, daha ora gedən, iftarını açan insanların loxmasını niyə sayırsan?

Bir-birimizin pulunu saymaqdan, bir-birimizin işinə qarışmaqdan vaz keçməliyik.

Əgər hansısa xidmət obyektini bəyənmiriksə, bunun sadə bir yolu var: getməmək, almamaq.

Daha gedənləri və alanları niyə tənqid edirik?

Bir müsəlman iftarını padval kafelərindəmi açmalıdır?

Bir müsəlman iftarını siqaret tüstüsündən, natəmizlikdən oturuluması mümkün olmayan kafelərdəmi açmalıdır?

Kim nə qədər qazanırsa, ona uyğun da iftarını aça bilər.

Kimi evində, kimi dağ başında, kimi gəmidə aça bilər.

Əgər bir müsəlmanın iftara verdiyi pulu kasıblara paylaması məsələsini deyəcəksinizsə, o insanların kasıba və ya başqa kiməsə yardım etmədiyini necə iddia edə bilərsiniz?

Və ya siz kafelərdə, restoranlarda oturmayıb, ora verəcəyiniz pulu uşaq evlərinə, qocalar evlərinəmi bağışlayırsınız?

Hamımız evimizdə oturaq, qatara minməyək, təyyarə ilə uçmayaq, restoranda sevgilimizlə yemək yeməyək ki, qonşum acdır və s.

Bu qədərmi həqiqət mərhələsinə çatdıq?

Əl çəkin dindarların və ya başqalarının loxmasını saymaqdan.

Əl çəkin müsəlmanın kasıb, miskin görünməli olması iddiasından.

Paytaxtda yaşayış günü-gündən bahalaşır.

Nəinki içərisinə girə bilmədiyimiz, yanından keçməyə də portmanat qarışıq qorxduğumuz restoranlar var.

İşimizi-gücümüzü ataraq, bu restoranları tənqidmi etməliyik? Zatən o restoranlar sənin, mənim üçün düşünülməyib.

O restoranların əvəzinə heç də narahat olmayın, bizim tanımadığımız ağ adamlar onları dolandırır, boş yer qalmasına imkan vermirlər.

Bu isti havalarda bir-birimizi rahat buraxaq.

Kifayət qədər dərdimiz var onsuz da...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm