Qırmızı.az
Nazir cəbhədə - FOTOLAR/VİDEO
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir
Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən
birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığını
yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publka.az-a verilən
məlumata görə, müdafiə naziri yüksək dağlıq şəraitdə, ağır və çətin
relyefə malik bölgələrdə düşmənlə bilavasitə təmas xəttində döyüş
növbətçiliyi aparan şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı,
təminatı, sosial-məişət şəraiti və mənəvi-psixoloji vəziyyəti ilə
maraqlanıb.
Şəxsi heyətlə keçirilən görüşlərdə Müdafiə naziri Ali Baş
Komandanın Silahlı Qüvvələrimiz qarşısında qoyduğu bir sıra
tapşırıqları diqqətə çatdıraraq bildirib: “Bayram günlərində ön
xətdə, səngərlərdə yerləşən bölmələrin ziyarət olunması, şəxsi
heyətlə görüşlərimiz artıq Müdafiə Nazirliyinin rəhbər heyətinin ən
əsas vəzifələrindən birinə çevrilib. Biz bu günlərdə yüksək,
sıldırım dağ zirvələrində keşik çəkən qəhrəman övladlarımızla
görşüdük. Azərbaycan əsgərinin düşmən ərazilərini, mövqelərini,
yaşayış məntəqələrini daim nəzarətdə saxlamaqla istənilən anda
qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirməyə hazır olmasının
şahidi olduq.
Ön xətdə olarkən xidmət müddəti başa çatan, Silahlı Qüvvələrdən
tərxis edilməyə hazırlaşan təcrübəli həqiqi hərbi xidmət hərbi
qulluqçularının necə israrla xahiş edib səngərlərdə qalaraq
xidmətlərini davam etdirmələri və düşməni işğal altındakı
torpaqlardan qovmaq əmrinə hazır olduqlarını gördük. Bu,
gənclərimizin, ümumilikdə xalqımızın döyüş ruhunun yüksək səviyyədə
olmasının bariz nümunəsidir.
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci
ilin birinci yarısının yekunlarına həsr olunan iclasda ordu
quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiymət
bizi ruhlandırır. Prezidentin “bir həftə ərzində
Ermənistanda daş daş üstündə qalmaz” fikri ən müasir silah-sursat,
maddi-texniki təminata malik ordumuzun qarşıya qoyulan istənilən
döyüş tapşırığını yerinə yetirmək qüdrətində olan Azərbaycan
əsgərinin dünyanın güclü ordularının hərbçiləri sırasında olduğunu
sübut edir.
Xalqımız bilməlidir ki, düşmənə müxtəlif istiqamətlərdə zərbə
endirərək böyük itkilərə məruz qoyan, əməliyyat şəraitində
təşəbbüsə yiyələnən Azərbaycan əsgəri sübut etdi ki, düşməndən hər
cəhətdən üstündür. Silahlı Qüvvələrimiz hərbi güc tətbiq etməklə ən
əsas və müqəddəs borcunu - işğal olunmuş torpaqlarımızı düşmən
tapdağından azad etməyə hazırdır. Silahlı Qüvvələrimiz gecə-gündüz
təlim mərkəzlərində, səhra çıxışlarında döyüş vərdişlərini
təkmilləşdirməklə bu müqəddəs günün yaxınlaşması üçün inamla
çalışır. Ordumuz qısa bir müddətdə şəhidlərimizin qisasını almağa
tam hazırdır.
Sizi Ramazan bayramı münasibətilə bir daha səmimi-qəlbdən təbrik
edirəm. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və
xidmətinizdə uğurlar arzulayıram”.
Müdafiə Nazirliyinin rəhbərliyi yüksəkliklərdəki postların müdafiə
qurğuları, silah-sursat, döyüş texnikasının vəziyyəti, əsgər
yataqxanası, xidməti otaqlar, səhra hamamı, saxlanclar və digər
obyektlərə baxıb, hərbi qulluqçularla birlikdə nahar edib, onların
istək və arzularını dinləyiblər.
Müdafiə naziri şəxsi heyəti bayram münasibətilə təbrik edərək
dağlıq ərazilərdəki ön səngərlərdə yerləşən hərbi qulluqçulara
bayram sovqatları təqdim edib, xidmətdə fərqlənənləri qiymətli
hədiyyələrlə mükafatlandırıb və şəxsi heyətlə xatirə şəkli
çəkdirib.
Müdafiə naziri ərazinin relyefi, spesifikası nəzərə alınmaqla
yüksək dağlıq şəraitində xidmət keçən şəxsi heyətin xüsusi
hazırlığına diqqətin daha da artırılması, onların döyüş
tapşırıqlarını istənilən anda dəqiq və vaxtında yerinə
yetirmələrinə dair müxtəlif məşq və hazırlıqlarının davam
etdirilməsi ilə bağlı komandir heyətinə müvafiq tapşırıqlar
verib.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO