Cənublu yazarlar deputatın müdafiəsinə qalxdılar
Bizi izləyin

Qırmızı.az

Cənublu yazarlar deputatın müdafiəsinə qalxdılar

Publika.az xəbər verir ki, bir qrup Masallı yazarları millət vəkili Elmira Axundova ilə bağlı Kütləvi İnformasiya Vasitələrinə, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova bəyanat ünvanlayıblar.

Bəyanatda deyilir:

“Bu günlərdə ölkəmizdə keçirilən birinci Avropa Oyunları ərəfəsində qabarıq şəkildə görsəndi ki, dünyada hələ də uğurlarımızdan “narahat olanlar”, nailiyyətlərimizi gözü götürməyənlər var. Onlar bizim zəfərlərimizdən çəkinir, inkişafımızdan qorxurlar və ən tutarlı faktların – sübutların şahidliyinə məhəl qoymadan, adi etik normaları gözləmədən, hətta qatı böhtandan – iftiradan belə metod kimi istifadə etməyə çalışırlar. Budur, dövlətimizin qüdrəti qarşısında növbəti dəfə məğlubiyyətin acısını yaşadılar. Prezident İlham Əliyevin müdrik siyasəti, Azərbaycanın birinci xanımı, Avropa Oyunları üzrə təşkilat komitəsinin rəhbəri Mehriban xanım Əliyevanın bacarığı sayəsində xalqımız bu sınaqdan da üzüağ çıxdı və vətənimiz Avropa Oyunlarının ilk məkanı tək tarixə düşdü.

Önümüzə yenə onlarca – yüzlərcə görüləsi, bizi beynəlxalq aləmdə tanıtdırası işlərimiz var. Yenə dost sevinci ilə yanaşı, düşmən hiyləsi ilə də rastlaşa bilərik. Dövlətimizin şərəfini sayıqlıqla qorumalıyıq və bura ümummilli liderimiz Heydər Əliyevin ideyalarına sədaqət göstərən, Prezident İlham Əliyevin fəaliyyətinə dəstək olan vicdanlı insanların heysiyyəti, şəxsiyyəti də daxildir.

Millət vəkili Elmira Axundova məhz həmin sıradandır. Biz özünü sahibkar adlandıran Fərman Məmmədovu tanımırıq. Onun hansı dəstəyə mafiyaya xidmət etməsinin, kimlərinsə “qulluğunda dayanmasının” fərqində də deyilik. Lakin şər atdığı, ləkələmək istədiyi, ictimaiyyət arasında böyük nüfuzuna xələl vurmağa çalışdığı ziyalının əqidəsinin saflığına dərindən bələdik. Həm də təkcə biz yox, Azərbaycanda və Azərbaycandan kənarda minlərlə - milyonlarla insan onun ölkəmiz – xalqımız üçün dəyərini gözəl bilir. Fərmanlar – fərmankimilər bundan bixəbərdirlərsə, bir daha xatırladaq.

Elmira Axundova filologiya elmləri namizədi, jurnalist, publisist və yazıçı kimi olduqca məhsuldar yaradıcılıq fəaliyyətinə malikdir. Yüzlərlə məqalə, oçerk, ədəbi portret, o cümlədən “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildliyinin, məşhur rus tarixçisi görkəmli siyasi bioqraf Roy Medvedevin təbirincə desək, bu janrda yazılan ən yaxşı kitabın müəllifidir. Respublikamızın imicini yüksəltmək, beynəlxalq arenada anti-Azərbaycan təbliğatını dəf etmək istiqamətində təqdirəlayiq işlər görmüş, “Literaturnaya qazeta” və “Azadlıq” radiosunda uzun illər boyu Azərbaycan həqiqətlərini sistemli sürətdə işıqlandırmışdır. İstedadı, zəhmətsevərliyi hesabına tərcümeyi halında çoxsaylı mükafatlar sıralanmış, dövlətimiz tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Yorulmazlığını, mübarizliyini, təmannasız xidmətlərini nəzərə alaraq 1997-ci ildə Azərbaycan Yazıçıların X qurultayında Ulu öndərimiz Heydər Əliyev onu “çox dəyərli bir insan” kimi səciyyələndirmişdir. Ulu öndərimizin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin səramcamı ilə Elmira Axundova ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına görə “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu” ilə təltif edilmiş, “əməkdar jurnalist”fəxri adına, həmçinin ədəbiyyat sahəsi üzrə respublikada ilk Dövlət Mükafatına layiq görülmüşdür.

Elmira Axundovanın deputatlıq fəaliyyəti də seçicilərinə vaxtaşırı qayğısı ilə, irəli sürdüyü qanun layihələri ilə, MDB və Avropa ölkələrində keçirilən konfranslarda, forumlarda fədakar çıxışları ilə zəngindir.

“İpək parça nəm götürməz” deyiblər. İnanırıq ki, kimlərinsə dəyirmanına su tökən Fərman Məmmədovun böhtan dolu iddiası da qara yel kimi ötüb keçəcək və ağı qaradan seçə bilən cəmiyyətimiz Elmira Axundovanın müdafiəsinə qalxacaq...

Hörmətli KİV rəhbərləri və Əflatun müəllim, biz Elmira Axundova və onun ailəsi barədə şantaj-böhtan dolu yazılardan hiddətləndiyimizi bildirir və sizləri bunlara son qoymağa çağırırıq”.

Hörmətlə, bir qrup Masallı yazarları adından:

Arif Fərzəli – şair – puplisisit,

AYB-nin üzvü Zakir Abbas – yazıçı – puplisisit, əməkdar jurnalist,

AYB, AJB-nin və Teatr Xadimləri İttifaqının üzvü Xanəli Tolış – şair,

AYB-nin üzvü Nurməmməd Ağa - şair,

AYB-nin üzvü Sülhiyyə Tağızadə – şair – puplisisit,

AJB-nin üzvü Tahir Heydərli – şair

Ağalar İdrisoğlu – yazıçı, rejjisor, Əməkdar İncəsənət xadimi,

AYB və Teatr Xadimləri İttifaqının üzvü, “Qızıl Dərviş” mükafatı laureatı Aliq Nəbioğlu – yazıçı – puplisisit,

AYB-nin üzvü Rahilə Həsənova – yazıçı – puplisisit

Qulu Vəcioğlu şair

Oxumağa davam et
Reklam
Reklam

Gündəm