Aynur Camalqızı: “Qadın təhsilli olarsa, ailədə zorakılıq olmayacaq”
Bizi izləyin

Qırmızı.az

Aynur Camalqızı: “Qadın təhsilli olarsa, ailədə zorakılıq olmayacaq”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyinə həsr edilmiş tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bir qrup mətbuat işçisinin Prezident tərəfindən təltif edilməsini yüksək qiymətləndirib.

"Mətbuat cəmiyyətin həyatında informasiya daşıyıcısıdır. Xüsusən də ailə, qadın məsələsində jurnalistlərin rolu olduqca vacibdir. Mətbuatımızın tarixi “Əkinçi” qəzeti ilə başlayıb. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının yaranması jurnalistlərin problemlərinin həllində böyük rol oynayır".

Sədaqət Qəhrəmanova mətbuatın ailə, qadın, uşaq problemlərini işıqlandırmasından danışıb. O bildirib ki, bizim vəzifəmiz televiziyalarda, mətbuatda problemli ailələri işıqlandırmaq deyil: "Əsasən nümunəvi ailələrə televiziyalarda, mətbuatda yer verilməlidir. Kriminal verilişlərin yayımlanmasını düzgün hesab etmirəm. Çünki kriminal xəbərin yayılması cəmiyyətdə aqresiya yaradır. Məsələyə həssas yanaşmalı və cəmiyyətə müsbət fikir ötürməliyik".

Qadın və uşaq problemlərinin aktual mövzu olduğunu vurğulayan Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, hər bir vətəndaş vəzifəsini bilməlidir.

"Biz vəzifələrimizi dərk etsək, hüquqlarımızın pozulmasının qarşısını ala bilərik. Valideynlər uşaqlarına tərbiyə verən zaman ilk növbədə vəzifələrini öyrətməlidirlər. Televiziyalar, qəzet və saytlar ilk növbədə nümunə ola biləcək yazılar verməlidirlər. Bu zaman cəmiyyətdə neqativ halların qarşısı alınacaq".

Tədbirdə çıxış edən “Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı bildirib ki, ailə, qadın və uşaqlarla bağlı məsələlərdə ilk növbədə problemdən çıxış yolu tapılmalıdır.

Onun sözlərinə görə, ailədaxili problemlərin ictimailəşməsi cəmiyyətə ziyan vurur: “Tarixən ailədaxili problemləri ağsaqqallar həll edib. Təəssüf ki, bu gün televiziyalarda işıqlandırılan mövzular milli dəyərlərimizi dağıtmağa xidmət edir".

Aynur Camalqızı bu məsələlərdə çıxış yolu kimi qadınların güclü olmasını vurğulayıb: "Bunun üçün qadın ilk növbədə özü güclü olmalı, atasından, həyat yoldaşından asılı olmamalıdır. Gənc qızlarımız, qadınlarımız təhsilin arxasınca getməlidir və bu yolda media onlara yol göstərməlidir. Onlar təhsilli olarsa, ailədə zorakılıq olmayacaq. Qadınların rəhbər vəzifəyə irəli çəkilməsi üçün kvotanın tətbiq olunmasına ehtiyac var. Hansı ki Skandinaviya ölkələrində 30%-lik kvota müəyyən olunandan sonra Norveçdə, İsveçdə parlamentdə təmsil olunan qadınların sayı artdı. Biz də bu təcrübədən istifadə etməliyik. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra siyasi həyatda bu kvota qeyri-rəsmi tətbiq olunurdu. Bundan sonra İcra hakimiyyətlərində, Milli Məclisdə təmsil olunan qadınların sayı artıb. Bu gün qadın siyasəti dövlətin inkişafında mühüm rol oynayır. Bu gün rəhbər vəzifələrdə qadınların təmsil olunması gənc qızlarımızı öz üzərində işləməyə sövq etməlidir".

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm