Gəmidə yaşayan sakinlər və ya Bakının ağcaqanad səviyyəsinə enmiş problemi - ARAŞDIRMA - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Gəmidə yaşayan sakinlər və ya Bakının ağcaqanad səviyyəsinə enmiş problemi - ARAŞDIRMA - FOTOLAR

“Elə bil gəmidəyik, yaşadığımız binanın zirzəmisi su ilə doludur. İcra Hakimiyyətinə, MİS-ə müraciət etməkdən yorulmuşam. Deputat seçiləndə üstümüzə vədlərlə gəlirlər, 2 metr asfalt çəkib qaçırlar, belə problemimiz olanda isə dərdimizi deməyə adam tapmırıq. Ümumiyyətlə, bu əraziyə baxan yoxdur. Mühəndis də gəlib binanın zirzəmisindəki sudan baş çıxarmır. Deyirlər ki, evlər çoxalıb, kanalizasiyanın boruları suyu tutmur. Nəmişlik, üfunət və ağcaqanad əlindən evdə otura bilmirik...”

Bunu Publika.az-a Binəqədi rayonunun 7-ci mikrorayon A. Kunanbayev küçəsində yaşayan 12 saylı binanın sakini Zəhra İslamova bildirib. Binanın 60-dan yuxarı yaşı olduğunu deyən Zəhra xanımın sözlərinə görə, dəfələrlə etdikləri şikayət əsasında gəlib zirzəmidən iylənmiş suyu çəksələr də, səhəri gün həmin yer yenə su ilə dolub. Bina sakinlərinin sözlərinə görə, onsuz da istifadə müddəti keçmiş binanın zirzəmisi illərlə su ilə dolu olduğundan bina tamamilə əyilib və üçbucaq vəziyyətdədir. İş o yerə çatıb ki, sakinlər çıxış yolunu baş götürüb getməkdə görürlər. Şikayətçilərin sözlərinə görə, bu gedişatla bir gün bina tamamilə çökəcək və bəlkə, ondan sonra aidiyyəti qurumlar maraqlanarlar.

Zirzəmilərə suyun yığılması Bakının əbədi və əzəli problemlərindəndir. Hətta o qədər əbədi ki, işdən binaların zirzəmilərindəki su ilə bağlı araşdırma aparmaq və fotolar üçün getdiyimizi biləndə bir yoldaşımız zarafatla “siz də iş tapmısınız, zirzəmidə su olar da” dedi. Yaxınlıqdakı bir neçə binaya baş çəkmək kifayət etdi ki, məsələnin nə qədər ciddi olduğunu dərk edək. Üfunət və iylənmiş zibil qoxusundan fotoqrafımız çətinliklə də olsa, zirzəmilərin acınacaqlı fotolarını çəkə bildi. Zirzəmilərin bərbad vəziyyətini çəkmək istədiyimizi bilən sakinlər dəstə-dəstə gəlib problemlərini anlatmağa başladılar. Fotolara gələndə isə hər kəs daş atıb başını tutdu ki, bizim şəklimizi çəkməyin. Amma nəzərə çatdırım ki, paytaxtda bu cür ən azı “utancverici” binaların sayı 200-ü çoxdan ötüb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun Publika.az-a bildirdiyinə görə, hazırda paytaxt Bakıda 274-dən artıq çoxmərtəbəli binanın zirzəmisi su ilə doludur. Binaların çoxunun zirzəmisində yığılan qrunt suları yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Şöbə müdirinin sözlərinə görə, mərkəz ildə iki dəfə tədbirlər planına uyğun olaraq dezinfeksiya işlərini həyata keçirir və aparılan təhlillər nəticəsində yoluxucu xəstəliklərin ocaqları müəyyən edilir.

Əslində, bu binalara cavabdeh qurumlar ərazidə yerləşən dezinfeksiya şöbələri ilə müqavilə bağlamalıdırlar. Bundan sonra sözügedən binalarda ödənişli əsasla dezinfeksiya işləri aparıla bilər. Amma həmin qurumların heç biri Mərkəzin dezinfeksiya şöbələri ilə nəinki müqavilə bağlamır, heç qrunt sularının təmizlənməsi istiqamətində də iş aparmırlar:

“Bakı şəhərində yerləşən əksər binaların və yataqxanaların zirzəmilərində su var. Məsələyə ciddi yanaşılmasa, sakinlər arasında bəzi infeksion xəstəliklərin, o cümlədən malyariyanın yayılması ehtimalı var. Biz hər il binaların zirzəmisində olan su ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edirik, bu il də müraciət etmişik”, - deyə Z. Kazımov bildirdi.

Hər il problemin yalnız ağcaqanadla bağlı hissəsini qabardıb onu mığmığa-ditdili səviyyəsinə endirsək də, problemin digər tərəfi zirzəmilərə yığılan suyun binaların özülünü çökdürməsi ilə bağlıdır. Bakıda çoxmərtəbəli binaların çoxunun əyildiyini isə, yəqin ki, görməyən yoxdur.

Azərbaycan İnşaat və Memarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Abdı Qarayevin Publika.az-a bildirdiyinə görə, əslində binanın zirzəmisinə su dolmamalıdır. “Əgər suyun tərkibi betona, armatura qarşı aqressivdirsə, içərisində duzlar varsa, o, təhlükəli ola bilər. Betonun mühafizə qatının dağılmasına, armaturun korroziyasına gətirib çıxara bilər”.

Binanı belə suların əyməsinin mümkün olmadığını deyən mütəxəssisin sözlərinə görə, əslində, bina tikilərkən həmin suyu nəzərə alaraq hesablama aparırlar. Amma A. Qarayev həmin suyun torpağı çökdürə biləcəyini də inkar etmədi.

Zirzəmiyə tökülən su isə divarlardan sızan yeraltı sular və ya hansısa kommunikasiya xəttində qəza ilə bağlı sızan su ola bilər. Mütəxəssisin sözlərinə görə, istənilən halda bunun qarşısı alınmalı və zirzəmidə su saxlanılmamalıdır.

Bakı şəhər İcra hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfatı Departamentinin sədr müavini Sabit Hüseynovun Publika.az-a bildirdiyinə görə, bu məsələ gündəmdədir və mütəmadi olaraq iş aparılır: “2 il əvvəldən “Azərsu” ASC bütün su xətlərini öz balansına götürüb. Əgər su xətlərində sızmadan zirzəmilərə suyun dolma halları müşahidə edilirsə, o zaman həmin qurum tərəfindən tədbir görülür. Yox, əgər qrunt sularının zirzəmiyə axması müşahidə olunursa, onda drenaj qoyaraq su çəkilir. Biz mütəmadi olaraq monitorinqlər aparırıq və zirzəmilərə dolan suları çəkirik”.

2013-cü ildən çoxmənzilli binalarda daxili su təchizatı və kanalizasiya sistemi “Azərsu” ASC-nin balansına verildiyindən problemin bir hissəsi də həmin quruma aiddir. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının Publika.az-a bildirdiyinə görə, bu müddət ərzində Bakı şəhərində 1100-dən çox binanın zirzəmisindən keçən su xətləri yenilənib. Ən çox problemli binalar isə Xətai rayonundadır: “Bakı şəhərində 8 mindən artıq çoxmənzilli yaşayış binası var. Hər birində monitorinq aparmışıq və bilirik ki, hansı binada vəziyyət necədir. Harada dəyişməyə, təmirə ehtiyac var, biz çalışırıq ilk növbədə bunları edək. Bakı şəhərində 1100-dən çox binanın zirzəmisindən keçən su xətləri yenilənib, su xətlər binanın qarşısına çıxarılıb. Kanalizasiya ilə bağlı bəzi binaların zirzəmisində problem var idi və onların bir hissəsi aradan qaldırılıb. Amma təəssüf ki, bəzi binalarda problem hələ də qalır”.

A.Cəbrayıllının sözlərinə görə, bəzən də problemlər vətəndaşlar tərəfindən süni şəkildə yaradılır: “Sakinlər binada xətlərin yerini özbaşına dəyişdirdiklərindən həmin xətlərdə tez-tez tutulmalar və qəzalar baş verir. Bəzən binanın üstündə çən quraşdırılır və onun suyu birbaşa zirzəmiyə axıdılır. Elə zirzəmilər var ki, orada kommunikasiya köhnədir, biz təmir edirik, yenə qəza halları baş verir. Bizim ən böyük problemimiz isə Xətai rayonundadır. Zirzəmilərin ən çox su və çirkabla dolu olduğu rayon da buradır”.

Problemlə bağlı ayrı-ayrı icra hakimiyyətləri ilə əlaqə saxlasaq da, onların hər birindən təxminən eyni məzmunlu cavab aldıq. Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Bəxtiyar Qasımovun Publika.az-a bildirdiyinə görə, hazırda rayon ərazisində 5 yerdə zirzəmilərdən su təmizlənir:

“Bu problem köhnə tikililərdə, istismar vaxtı bitmiş binalarda ola bilər. Qəzalı binaların zirzəmiləri yoxdur. Onlar adətən ikimərtəbəli zirzəmisiz evlərdir. Az miqdarda isə Bakıxanov qəsəbəsində və 3-4 ədəd isə Zabrat qəsəbəsində çoxmərtəbəli bina var. Rayonda qalan evlərin əksəriyyəti isə həyət evləridir. Problem olan binalarda zirzəmilərə yığılan su drenaj sistemi ilə axıdılır”.

Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Elçin Cabbarovun sözlərinə görə, rayon ərazisində yalnız Əmircan və Qaraçuxur qəsəbələrində zirzəmisində su olan iki bina var. Drenaj sistemi ilə mütəmadi olaraq həmin su yığılır və zirzəmidə su qalmır.

Yasamal Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Zeynal Mənsimovun bildirdiyinə görə, rayon ərazisində 4 belə bina var: “Biz qrunt sularını nasoslarla çəkirik. Rayon ərazisində zirzəmisində su olan 4 bina var. Onlar da köhnə binalardır. Bu suyun qabağını tamamilə almaq mümkün deyil, biz hər dəfə yığılan suyu drenaj sistemi ilə axıdırıq”.

Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Vəli Əliyevin bildirdiyinə görə, Binəqədi rayonu ərazisində olan 286 bina əsaslı təmir olunub. Kanal su xətləri zirzəmilərdən kənara çıxarılıb. Baş mühəndisin sözlərinə görə, qrunt suları olan 1-2 belə bina var ki, bunlar da drenaj sistemi ilə tənzimlənir.

Qurumlar tərəfindən verilən açıqlamada hər şey öz qaydasında idi. Əlbəttə, əgər binaların və zirzəmilərin real vəziyyətini gözlərimizlə görməsəydik. Hər kəs danışdığı qədər iş görsəydi, yəqin ki, heç bir problem də olmazdı. Digər bir məsələ də var, əgər Bakının əlaqə saxladığım bütün böyük rayonlarında 2-3 belə bina varsa, bəs 274 bina hansı rayonun ərazisinə düşür?

Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikası Mənzil Məcəllənin 141-ci maddəsində göstərilir ki, çoxmənzilli binanın idarə edilməsi binanın sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi, idarəedici təşkilat tərəfindən həyata keçirilə bilər. Qanunun məhz bu maddəsi MİS-in fəaliyyətisiz olduğunu sübut edir. Göründüyü kimi, mənzil fondunun hər üç mülkiyyət formasında MİS-lərin xidməti barədə heç nə deyilmir. Məcəllədə əsasən müştərək cəmiyyətlərin və ya ixtisaslaşmış istehlak kooperativlərin yaradılması və idarəedilmənin onlara verilməsi nəzərdə tutulur. Əslində isə özü havada olan qurumun xidmət göstərdiyi sakinlərin gəmidə yaşamasında təəccüblü heç nə yoxdur.

Gülnar Əliyeva

FOTO: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm