İŞİD tezliklə Qafqaza girəcək – ŞOK İDDİA
Bizi izləyin

Qırmızı.az

İŞİD tezliklə Qafqaza girəcək – ŞOK İDDİA

Son günlər İŞİD-in fəallığı daha da artıb. Xüsusilə Türkiyənin əməliyyatlara başlaması terror təşkilatının yeni məkanlara çıxmaq cəhdlərini gündəmə gətirib. Bir sıra ekspertlər hesab edir ki, Suriya və İraqda küncə sıxılan İŞİD Orta Asiya və Qafqaza doğru irəliləyə bilər. Fərat çayından Aralıq dənizinə qədər olan Suriya torpaqları İŞİD-dən təmizlənməsi və bu bölgənin Türkiyənin nəzarətinə keçməsi haqda Ankara-Vaşinqton anlaşmasından sonra qruplaşma yeni torpaqlara doğru yola çıxmasını aktuallaşdırır.

Bir neçə gün öncə Şimali Qafqazda İŞİD-çilərə qarşı keçirilən əməliyyat isə terror təşkilatının bölgədə mövcudluğunu bir daha gündəmə gətirdi. Rusiyanın Milli Terrorçuluğa qarşı Komitəsinin məlumatına görə,
avqust ayının ilk günlərində Şimali Qafqazda İŞİD terror təşkilatının 14 döyüşçüsü məhv edilib.


Qeyd edək ki, Şimali Qafqaz döyüşçüləri iyunun sonlarında tam heyətdə İŞİD və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını - Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir.

Bundan əvvəl də Şimali Qafqaz döyüşçülərinin ayrı-ayrı liderləri İŞİD-ə sədaqət andı içdiyini elan ediblər. 2014-cü ilin noyabrında Dağıstanın Xasavyurt rayonunda hərəkət edən döyüşçülərin lideri, Çeçenistan Respublikasının sakini Suleyman Zaylanabidov terror təşkilatının liderinə biət edib. O, 6 iyun 2015-ci il Xasavyurt rayonunun Komsomol kəndinin ərazisində öldürülüb.

2014-cü ilin payızında “Xəzər” qrupunun rəhbəri Muqutdin Mazanov İŞİD-ə sədaqət andı içib. 19 dekabr 2014-cü ildə Mahaçqala sektorunun lideri Arslanali Kambulatov eyni addımı atıb. O, 24 aprel 2015-ci ildə Dağıstanın Yeni Paraul kəndində xüsusi əməliyyatın gedişatında öldürülüb.

Rəsmi məlumatlara görə, MDB ölkələrindən təxminən 1,5 min nəfər İŞİD-in sıralarında vuruşur. İŞİD-in sıralarında vuruşan 850 nəfərin əksəriyyəti Şimali Qafqaz, xüsusilə Çeçenistan Respublikasının sakinləridir. Hələ 2014-cü ilin sentyabrında sosial şəbəkələrdə videomüraciət yerləşdirən döyüşçülər Rusiya prezidenti Vladimir Putini Qafqaza “azadlıq” yürüşü ilə hədələyiblər. Bu il aprelin 20-də Dağıstanda keçirilən xüsusi əməliyyatın gedişatında “Qafqaz Əmirliyi”nin başçısı, Doku Umarovun varisi Əliaşxab Kebekov öldürülüb. Həmin vaxt bəziləri bildirdilər ki, Kebekovun ölümü başsız qalan döyüşçülərin İŞİD-in təsiri altına keçməsini sürətləndirəcək. Bəziləri isə hesab edirdilər ki, Kebekovun qətli Şimali Qafqazdakı vəziyyətə, həmçinin İŞİD və “Qafqaz Əmirliyi” arasındakı münasibətlərə təsir etməyəcək. 3 gün əvvəl yayılan videomüraciət isə birincilərin haqlı olduğunu göstərdi.

Bu arada “Qafqaz əmirliyi”nin “Əl-Qaidə”yə yaxın qolunun lideri olan Məhəmməd Dağıstaninin ölümü də regionda İŞİD-in əl-qolunu açıb. Belə ki, İŞİD-in məşhur çeçen lideri Ömər Şişaninin regionda nüfuzu kifayət qədərdir. Dağıstaninin sağlığında Şişani əmirliyin yalnız kiçik bir qisminə təsir edə bilirdi. Hazırda isə onun bütün əmirliyə nüfuz edə biləcəyi ehtimal olunur.

Azərbaycan üçün şimal sərhədlərində İŞİD-in aktivləşməsi təhlükə mənbəyinə çevrilə bilər.

Publika.az xəbər verir ki, rusiyalı ekspert Vitali Arkov bu təhlükənin mövcudluğunu istisna etməyib. Onun sözlərinə görə, İŞİD hələlik Qafqazda o qədər də aktivləşə bilmir: “Amma mən istisna etmirəm ki, tezliklə vəziyyət tamamilə dəyişəcək. İŞİD-in bu bölgədən olan döyüşçülərinin öz həmyerlilərini təşkilata cəlb etmək imkanları genişdir. Aşkar faktdır ki, Azərbaycan, Gürcüstan və Rusiyada terror təhlükəsinə qarşı mübarizə son dərəcədə sərtdir və müəyyən uğurlar da mövcuddur. Lakin İŞİD tərəfdarlarının sayının çoxalması da inkar olunmaz faktdır. Qruplaşmanın təbliğatı da öz təsirlərini göstərir və gənclərin beyinləri “oğurlanır”. Axı İŞİD yalnız döyüşçü yox, həm də yaxşı məvacibə neft, qaz mütəxəssislərini də öz sıralarına cəlb edir. Hətta kimyaçılar, mühəndislər, həkimlər, İT mütəxəssisləri, maliyyəçilər də İŞİD sıralarına qoşulur”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm