Türkiyədə “Əlibəy Hüseynzadə - Turan” kitabının təqdimat mərasimi keçirilib
Bizi izləyin

Qırmızı.az

Türkiyədə “Əlibəy Hüseynzadə - Turan” kitabının təqdimat mərasimi keçirilib

Türkiyənin Aydın Universitetində millət vəkili, Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru Qənirə Paşayeva və yazar Azər Turanın Türkiyə türkcəsində çap edilən “Əlibəy Hüseynzadə - Turan” kitabının təqdimat və imzalanma mərasimi keçirilib.

Publika.Az-ın məlumatına görə, mərasimdə Universitetin müəllim və tələbə kollektivi ilə bərabər, ziyalılar, mətbuat və media nümayəndələri iştirak edib. Aydın Universitetinin rektoru, professor Yadigar İzmirli Türk dünyasının böyük aydınlarından biri olan Əlibəy Hüseynzadə haqqında kitabın ərsəyə gəlməsində kitabın müəlliflərindən olan Qənirə Paşayevaya təşəkkür edib və bu kitabın Türkiyə türkcəsində çap edilməsinin önəmini qeyd edib. Türk dünyası aydınlarının irsinin öyrənilməsi baxımından gənclərin bu kitabı oxumalarının vacibliyini vurğulayıb.

Tədbirdə iştirak edən Türk Ocakları İstanbul şöbəsinin sədri Cezmi Bayram çıxışında qeyd edib ki, Q.Paşayeva və yazar A.Turanın “Əlibəy Hüseynzadə” kitabı ilə tanış olduqdan sonra türk Ocaqlarının 100 illiyi barədə ən dəyərli kitabın məhz bu əsər olduğuna qərar verilib və Türkiyə türkcəsində çap edilib:

“Bu kitab vasitəsiylə biz Türk Ocaqlarının yaradılmasında ikinci önəmli şəxsiyyət olan böyük mütəfəkkir Əhməd Ağaoğlunu da daha yaxından tanımış olduq. Kitabdan öyrəndiyimizə görə, Türk Ocaqlarının qurulması ideyasını Əlibəy Hüseynzadə vermiş, ilk toplantılar isə Əhməd Ağaoğlunun evində keçirilmişdir”, - deyə Cezmi Bayram əlavə edib.

Q.Paşayeva türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında Əli bəy Hüseynzadənin xüsusi yeri olan bir fikir adamı olduğunu qeyd edib. Azərbaycanlı olduğuna baxmayaraq, Türkiyə və Türk dünyası üçün böyük fədakarlıqlar edən, Əli bəy Hüseynzadənin gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı da tövsiyyə edib: "Əli bəy Hüseynzadə bütün Türk dünyası üçün böyük işlər görmüş nəhəng bir şəxsiyyətdir və harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk gənclərinin Əli bəy Hüseynzadəni yaxından tanımasına, ondan öyrənməsinə bu gün də, gələcəkdə də böyük ehtiyac olacaq. Onun fikirləri Türk dünyasının birliyi və inkişafına çağırır və gənclərimiz üçün ən gözəl örnəklərdən biridir və bu kitabı hazırlmaqda da məqsədimiz Əli bəy Hüseynzadəni gənc nəsillərə daha geniş öyrətməkdir". O, türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yerə malik olan fikir adamı Əli bəy Hüseynzadə şəxsiyyəti və kitabı haqqında geniş fikirlərini də bölüşüb.

Tədbirin sonunda millət vəkili Qənirə Paşayeva “Əlibəy Hüseynzadə - Turan” kitabını imzalayaraq tədbir iştirakçılarına təqdim edib.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm