Daha iki TSEK istifadəyə verilib
Bizi izləyin

Qırmızı.az

Daha iki TSEK istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Qazax və Ağstafa rayonları üzrə 27 saylı, Şəmkir və Gədəbəy rayonları üzrə 29 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) istifadəyə verilib.

Publika.az xəbər verir ki, ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, əvvəllərdə TSEK-lər daimi inzibati binaları olmadığına görə ayrı-ayrı yerlərdə, müxtəlif təşkilatlara məxsus binalarda, uyğun olmayan şəraitdə yerləşirdilər və tibbi-sosial ekspertizanın aparılması üçün müasir avadanlıqlara da malik deyildilər. Ötən ilin ortalarından artıq bu çətinliklər aradan qaldırılır və nazirliyin 38 TSEK-indən artıq 30-a yaxını yeni inzibati binalarda müasir iş şəraiti və ekspertiza avadanlıqları ilə təmin edilib. Belə şərait təbii ki, komissiyalarda əhaliyə layiqli səviyyədə xidmət göstərməyə, əlillik müayinələrinin normal şəkildə aparılmasına imkan verir. Qısa müddətdə digər TSEK-lərdə də belə şərait yaradılacaq.

Tədbirdə qeyd olunub ki, tətbiq olunan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi əlillik müayinəsi ilə bağlı səhiyyə müəssisələri və TSEK-lər arasında elektron məlumat mübadiləsinə şərait yaradıb. Bu da əlillik müayinəsinin aparılması ilə bağlı vətəndaşla məmur arasında təmasların xeyli azalmasını, tibbi-sosial ekspertiza xidmətində müasir iş üsullarının formalaşmasını şərtləndirir.

Tədbirlərdə TSEK-lərin yeni iş şəraitləri və tibbi ekspertiza avadanlıqlarına baxış olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm