Cındırından cin ürkən bazardan FOTOREPORTAJ/VİDEO
Bizi izləyin

Qırmızı.az

Cındırından cin ürkən bazardan FOTOREPORTAJ/VİDEO

- Telefon “batareykası” 50 qəpik...

- Kişi şalvarları 1 manat ...

- Ayaqqabı 3 manat...

- Əsgər çəkməsi 4 manat...

Bunlar paytaxtın alıcıları “şok endirim” yalanları ilə aldadan mağazaların mallarının deyil, Sabunçu qəsəbəsində fəaliyyət göstərən “Cındır bazarı”nın, yaxud bir çoxlarının “Rus bazarı”, “Kolxoz bazarı”, bəzilərinin hətta “Ölüxana” adlandırdıqları alğı-satqı mərkəzində satılan əşyaların qiymətləridir.

Burada fərqli olan təkcə qiymətlər deyil. Bazar sakitliyi ilə də seçilir. Başqa alğı-satqı mərkəzlərindən fərqli olaraq bu məkanda satıcılar müştəriləri çığır-bağırla, qışqırıqla çağırmırlar. Hər kəs başını aşağı salıb öz müştərisini gözləyir.

Publika.az paytaxtın ən ucuz bazarından reportajı təqdim edir:

“Tapançanı 100 manata alıb, auksionda 50 min dollara satdılar”

Mobil telefonlar, aksessuarlar, ətçəkən, üzqırxan, tozsoran və saçqurudanlar, yaşı 50-ni haqlamış yazı makinası, köhnə kompüterlər, klaviaturalar, qədim qablar və daha nələr yeni sahiblərini gözləyir. Əsrlərin birləşdiyi, zamanın donduğu yer adlandırılan bu məkanda XIX əsrin sonu ilə XX əsr, ötən əsrlə XXI əsrin əvvəli qovuşur. Köhnə elektrik tənzimləyicilərinin və sayğacların, qapı tutacaqlarının, uşaq oyuncaqlarının, əl tərəzilərinin, kino, cizgi filmləri disklərinin, balonların, çıraqların, kişi və qadın əl çantalarının ucuz qiymətə satıldığı alış-veriş mərkəzi digər bazarlardan fərqli olaraq səssiz məkandır.

Bu bazar hələ sovet dövründə, 40-50-ci illərdə yaranıb. Həmin vaxt burada ticarətlə məşğul olanlar da, alış-veriş edənlər də ruslar olub. Lakin sonradan ucuz qiymətli malların “şan-şöhrət”i hər yerə yayıldıqdan sonra bura azərbaycanlı satıcılar da üz tutub.

Dördü qadın, beşi kişi olmaqla indi burada cəmi 9 rus satıcısı qalıb. “Rus bazarı”nın ən qoca satıcılarından olan Valyanın təklif etdiyi ən bahalı malın qiyməti 3 manatdır. Bu bazarda yerpulu da çox ucuzdur – 1 manat.

Burada işləyən Telman İsmayılov adlı mebel ustası deyir ki, bazar əsasən şənbə və istirahət günləri fəaliyyət göstərir: “Qiymətlər çox ucuzdur. Bakının heç bir yerində tapılmayan ehtiyat hissələrini buradan almaq olar. Necə deyərlər, kasıb bazarıdır. Ürəyin əntiq mal istəsə, gəl al. Yaxud evdə işlətdiyin hər hansı avadanlıq sıradan çıxsa, ehtiyat hissələrini burdan ala bilərsən. Hətta sovet dövründən qalmış əşyaların da...”

Müsahibim bildirir ki, bazara kasıblarla yanaşı, bəzən imkanlı şəxslər də gəlir: “Bura neçə-neçə tanınmış adam – aktyor, aktrisa, meyxanaçı gəlir. Mərhum meyxana ustası Ağasəlim Çıldağ tez-tez buradan alış-veriş edərdi. Meyxanaçı Kərim də bazarın alıcılarındandır. Xalq artisti Arif Quliyev 2 həftə əvvəl burada eynək axtarırdı. “Ümid var” verilişində psixoloq kimi iştirak edən eksperti də hərdən alıcılar arasında görürük. Bazar ucuz mal axtaranlar üçün sərfəli yerdir. Heç yerdə satılmayan köhnə elektrik açarlarını, ətçəkən, paltaryuyan, üzqırxan maşınların hissələrini burdan tapıb almaq olar. Bir qədər əvvəl əntiq, ötən əsrin əvvəllərindən qalmış suvenir tapançanı buradan 100 manata alıb, Avropa ölkələrinin birində keçirilmiş auksionda 50 min dollara satdılar”.

40 qəpiyə külqabı, 5 manata mobil telefon...

Digər müsahibim, satıcı Elnur Şükürovun sözlərinə görə, fəhlələr iş yerində geydikləri uniformanı buradan alırlar: “Hər yerdə 10 manata satılan şalvarlar burada 1-2 manatadır. Gör nə qədər sərfəlidir! Həftəsonu təşkil olunan alış-veriş günorta saat 2-dək davam edir. Cibinə 40-50 manat qoyub istədiyin malı burda ucuz qiymətə əldə edə bilərsən”.

Onun sözlərinə görə, bəziləri bura maraq naminə gəlir: “Onlar heç kimdə olmayan unikal, əntiq əşyalar axtarırlar. Uşaq evdə 140 manatlıq çilçırağın asılqan hissəsini sındırmışdı. Gedib 140 manata yenisini alası deyildim ki..! Ehtiyat hissəsini burdan cəmi 1 manata aldım.

Müxtəlif janrlarda çəkilmiş filmlərin diskləri paytaxtda ən ucuz qiymətə məhz burada satılır. Disklərlə maraqlandığımızı görən satıcı “erotika (erotik filmlər) 30-40 qəpiyədir. Qiymətlər diskin vəziyyətindən asılı olaraq dəyişir. Eləsi var 1-2 manatdır” – deyir.

Bura rayonlardan da alıcılar üz tutur. Satıcıların sözlərinə görə, onların hətta Zaqataladan da müştəriləri var. Ayrı-ayrı rayonların ucqar kəndlərinin sakinləri istifadə olunmuş əsgər çəkmələrini, hərbi formalarını burdan alıb aparır, əkin sahələrində istifadə edirlər. Əsgər forması və çəkməsinin birlikdə qiyməti 6 manatdır.

Ovçu paltarları, ov ləvazimatları 3-4 dəfə ucuz qiymətə satılır. Hər yerdə 100 manata satılan mərasim çadırlarını burada 20 manata almaq olar.

Sovet dövründən qalma fotoaparatları 3-5 manata, ev telefonunu 1-2 manata, mobil telefonu 5 manata (2 manata satılanı da var - müəl.), telefon batareyalarını, televizor pultunu 60 qəpiyə almaq olar”. O ki qaldı 5 manata satılan mobil telefonların oğurluq olması ilə bağlı şübhələrə, bunu müəyyən etmək çətindir. Bəziləri burada gizli alış-veriş edir. Onlar adlarının hallanmasını istəmirlər. Elə satıcıların da bir çoxu burda çalışmalarının gizli qalmasını istəyirlər.

Ramil adlı satıcı deyir ki, Gürcüstanda yaşayan qohumları Bakıya qonaq gələndə qəssab baltasını burdan alıb aparıblar: “Üzərinə “SSR” yazılmış iri polad baltanı bütün Azərbaycanda ancaq burdan tapıb almaq olar”.

“Yekaterinanın pulu 40 manata satılır”

“Rus bazarı”nın daimi müştərilərindən olan santexnik Dəmir Məmmədov hər həftə bura üz tutur: “Mən ustayam, işimlə əlaqədar tez-tez santexnika avadanlıqları almalı oluram. Burdan elə şeylər alıb aparıram ki, işimə yarayır. Məsələn, digər bazarlarda 10 manata satılan santexnika əşyaları “rus bazarı”nda 1 manatdır. Həm ucuz, həm də sərfəli... Ona görə də hər şənbə-bazar bura gəlirəm. Bəzən sovet dövründən qalma, ya da işlənmiş elə mallar tapıram ki, onları heç yerdən ala bilmərəm. Hətta mənə heç nə lazım olmasa belə, gəlib bazarda satılan mallara baxıram ki, birdən burda işimə yarayan nə isə olar. Məsələn, “Vosmoy bazarı”nda 250 manatlıq dreli burda 40 manata satırlar”.

Uzun illər "Torqovı"da əntiq əşyalar satan başqa müsahibim son illər bura üz tutduğunu deyir. Qədim pullar, köhnə fotoaparatlar, saatlar satan bu şəxs ucuz qiymətə təklif etdiyi orden və medalların sahiblərinin dünyasını dəyişdiyini deyir: “Bunlar Böyük Vətən Müharibəsində fərqlənmiş döyüşçülərimizin təltif edildiyi “İgidliyə görə”, “Qırmızı Ulduz” orden və medallarıdır. Qiymətlər fərqlidir. Əmək fəaliyyəti ilə seçilmiş insanların təltif edildiyi ordenlər, medallar da münasib qiymətədir”.

Müsahibim bildirir ki, satdığı orden və medallar arasında qəhrəman analara verilmiş qızıl medallar da var: “Muzeylərin təklif etdikləri qiymətlər sərf eləmir, yoxsa əntiq əşyaları onlara sataram. “Lenin” ordeninə kim 50 manat verər? Məsələn, Yekaterinanın dövründən qalmış pulu (vəziyyətindən asılı olaraq) 35-40 manata satıram. Osmanlı imperiyasının pulu 100 manatadır”.

Müsahibim deyir ki, hərənin bir hobbisi var: kimi kağız, kimi qəpik pulların kolleksiyasını yığır. Onun sözlərinə görə, bəziləri bura imkansızlıq üzündən gəlir: “Elə adamlar var, evindəki köhnə əşyaları burada dəyər-dəyməzinə satırlar. Görünür, ehtiyacları var”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm