Reseptlərin yazılış forması dəyişdiriləcəkmi?
Bizi izləyin

Qırmızı.az

Reseptlərin yazılış forması dəyişdiriləcəkmi?

Azərbaycan Səhiyyə Nazirliyi ölkənin bütün apteklərində dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərlə satılması barədə verdiyi qərarın icrasına başlandıqdan sonra həkimlər tərəfindən reseptlərin yazılma formasında dəyişikliklərin olub-olmayacağına aydınlıq gətirib.

Nazirliyin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov Trend-ə bildirib ki, hələlik Azərbaycanda yalnız dərmanların təsiredici maddəsinin adının yazılması ilə reseptlərin yazılması mümkün deyil: "Çünki Azərbaycanın müvafiq qanunvericiliyinə müvafiq olaraq, reseptlər SN-nin 172 nömrəli əmri ilə təsdiqlənmiş "Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması" qaydalarına uyğun şəkildə yazılır. Reseptlərin yazılış forması artıq müəyyən edilib, bu barədə həm həkimlərə, həm də aptek sahiblərinə məlumat verilib. Dərmanlar SN-nin təsdiqlədiyi vahid resept blankı əsasında satılmalıdır, digər resept formalarında satılanlar əlbəttə ki, qanunsuz sayılır. Buna görə də İnzibatı Xətalar Məcəlləsində müvafiq maddələr nəzərdə tutulub. Bununla bağlı tərəfimizdən nəzarət tədbirləri görülür və bundan sonra da görüləcək”.

Bəzi dərmanların reseptsiz satılmasına icazənin verildiyini deyən P.Əzizbəyov onların siyahısının SN tərəfindən təsdiqləndiyini qeyd edib: “Amma bu siyahıda olmayan bütün digər dərman vasitələri mütləq vahid resept blankında yazılmalıdır. Buna görə də apteklərdə çalışan provizor və əczaçılar reseptlərin Səhiyyə Nazirliyinin təsdiq etdiyi vahid resept blankında yazılmasına ciddi fikir verməlidirlər”.

Qeyd edək ki, sentyabrın 15-dən dərman vasitələrinin Tarif Şurasının müəyyən etdiyi qiymətlərlə satılmasına başlanılacaq. Hazırda Azərbaycanda 4500-dən çox dərman vasitəsi dövlət qeydiyyatından keçib. İlk olaraq həyati vacib və daha çox satılan dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədilə həmin kateqoriyadan olan təsiredici maddələrin syahısında 25 təsiredici maddə seçilib, 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin (antibiotik, təzyiq, işemiya əleyhinə, ürək xəstələri üçün, allergiya və iltihab əleyhinə olan dərmanlar) qiymətləri təsdiqlənib.

Növbəti mərhələ üçün digər xəstəliklərin müalicəsində istifadə olunan dərmanların malik olduğu 55 təsiredici maddə seçilib və həmin dərmanların qiymətləri tənzimlənəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm