Valideynlər iş dəftəri almağa məcburdurlarmı? - RƏSMİ MÖVQE
Bizi izləyin

Qırmızı.az

Valideynlər iş dəftəri almağa məcburdurlarmı? - RƏSMİ MÖVQE

Yeni tədris ilinin başlanması ilə bəzi valideynlərin orta məktəblərlə bağlı narazılıqları yenidən gündəmə gəldi. Bu narazılıqlardan biri isə tədris prosesində iş dəftərlərindən lüzumsuz yerə istifadə edilməsi, müəllimlərin bu vəsaitləri şagirdlərə məcburi şəkildə aldırması ilə bağlıdır. Bəzi valideynlər bu vəsaitləri almaq üçün hətta kifayət qədər vəsait xərclədiklərini də bildirirlər.

Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev Trend-ə bildirib ki, iş dəftərlərindən 2008-ci ildən 2O11-ci ilə qədər olan 4 il müddətində istifadə edilməyə icazə verilib: "Bu vəsaitlər həmin müddətdə dərslik komplektinə daxil olub. Lakin o zaman da iş dəftərlərinin şagirdlərə verilməsi dövlət tərəfindən maliyyələşdirilməyib. Bu vəsaiti TN ilə əməkdaşlıq edərək dərslik çap edən nəşriyyatlar özləri hazırlayaraq satıblar. Lakin sonradan yerlərdən daxil olan narazılıqlar iş dəftərlərinin dərslik komplektindən çıxarılmasına əsas verdi. İş dəftərləri komplektdən çıxarıldı, orada verilən müəyyən suallar, tapşırıqlar dərsliklərə yerləşdirildi. İş dəftəri dərslik komplektindən rəsmən çıxarılıb, artıq yoxdur. Müəllim üçün metodiki vəsaitdə də yazılmır ki, iş dəftərində nə isə iş görsünlər”.

Ə.Quliyev deyib ki, hazırda yalnız I sinif üzrə vəsaitlərdə iş dəftərindən müəyyən tapşırıqların edilməsi ilə bağlı göstərişlər qalıb: "Lakin bu məsələ də bu il I siniflər üçün yeni dərsliklər hazırlanarkən nəzərə alınacaq və ləğv ediləcək. Artıq bütün dərsliklərdə, müəllim üçün metodiki vəsaitlərdə iş dəftəri ilə bağlı tapşırıqların, əlavə göstərişlərin hamısı çıxarılıb, yalnız I sinifdə qalıb. I siniflər üzrə dərsliklər 4 il əvvəl nəşr edilib, bu il isə həmin dərsliklər yenidən nəşr ediləcək”.

Ə.Quliyevin sözlərinə görə, məktəblərə tapşırıq verilib ki, heç kəs iş dəftərlərindən istifadə etməyə məcbur edilə bilməz: “Dərslik komplektində iş dəftəri olmadığı üçün məktəb şagirdi iş dəftəri almağa məcbur edilə bilməz. Əgər belə hallar varsa, Bakıda yaşayan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, digər rayon və şəhərdə yaşayanlar isə müavfiq təhsil şöbələrinə müraciət etsinlər. Bu qurumlar da məktəb direktorlarını inzibatı qaydada töhmətləndirsinlər ki, belə hallara niyə yol verirsiniz?”

Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Sevinc Məmmədova isə Trend-ə bildirib ki, əslində I, II, III siniflər üzrə olan “İş dəftərləri” istifadə üçün olduqca yararsızdır və bu vəsaitlərdə uşaqları maraqlandıra biləcək yeni məlumatlar yoxdur. Amma IV sinif üzrə “İş dəftərləri” əvvəlki siniflər üçün nəzərdə tutulmuş iş dəftlərlərindən bir qədər fərqlənir, burada bəzi maraqlı məntiqi məsələlər var: “Müəllim həmin məsələri lövhədə yaza, şagirdlər isə dəftərlərində bunu həll edə bilərlər. Bunun üçün şagirdlərin iş dəftəri alması mütləq deyil. Hər şagirdin buna imkanı çatmır. Mən də iş dəftərlərindən istifadə etmirəm”.

S.Məmmədovanın sözlərinə görə, iş dəftərləri daha çox müəllimlərin işinin yüngülləşdirilməsinə kömək edir. Amma bu, şagirdlərin imla yazma və s. kimi bacarıqlarının inkişaf etməsinə imkan vermir: “Əgər müəllim yaradıçıdırsa, o özü uşaqları işlədə bilər. Əgər hansısa müəllim deyirsə ki, iş dəftəri olmasa, işləmək mümkün deyil, bu, düzgün yanaşma deyil”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm