Bakının avtobus dərdi: hava qaralanda marşrutlar niyə işləmir? - SƏBƏB
Bizi izləyin

Qırmızı.az

Bakının avtobus dərdi: hava qaralanda marşrutlar niyə işləmir? - SƏBƏB

Əslində saat 22:00-dan sonra gün bitməsə də, işdən çıxıb evə getmək üçün dayanacaqda saatlarla avtobus gözləyənlərin əsəbləri bitib-tükənir. Paytaxt sakinləri axşam saatlarında getmək istədikləri ünvana çatmaq üçün evdən azı bir saat tez çıxmalı olurlar. Buna səbəb isə axşam saatlarında bəzi marşrutların xəttə istədiyi vaxtda çıxması, bəzilərinin isə ümumiyyətlə çıxmamasıdır.

Sakinlərin ən çox narazılıq etdikləri isə “29”, “6”, “175”, “161”, “103” saylı marşrutlardır. Hövsan sakini Xəyalə Məmmədovanın Publika.az-a bildirdiyinə görə, axşam saatlarında “Xətai” metrostansiyasından qəsəbəyə gedən “175” saylı marşrutu saat 21-22-dən sonra tapmaq mümkün olmur:

“İşdən çıxıb evə gələnə kimi bir neçə marşrut dəyişirəm. Doğrudur, əksər marşrutlar gecə saatlarında gündüz işlədikləri kimi işləmir. Amma “175” saylı marşrut saat 22-dən sonra çox nadir hallarda gəlir. Məcbur olub adambaşına 2 manat verməklə evə taksi ilə gedirik. Maaşımızın da yarısı taksilərə gedir, ad da olur ki, Bakıda yaşayırıq”, - deyə şikayətçi bildirdi.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən də axşam saatlarında belə bir problemin yaşandığını təsdiq etdilər. Qurumun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Publika.az-a verdiyi məlumata görə, Bakıda istənilən xətt üzrə marşrut avtobuslarının fəaliyyətinin gecə saat 24:00-dan tez dayandırması qanuna ziddir. Belə hallara yol verən marşrut sahibləri isə ciddi şəkildə cəzalandırılır:

“Əslində, avtobuslar gecə 24:00-a qədər, ehtiyac olduqda isə bundan da artıq işləyir. Bizə bununla bağlı şikayətlər daxil olur. Çox vaxt sürücülər sahibkarlardan xəbərsiz marşrutları dayandırırlar. Biz şikayətlərlə bağlı Bakı Sərnişin və Yük Daşımalarının Təşkili MMC-yə və sahibkarlara məlumat veririk. Daxil olan şikayətlər araşdırılır. Əgər avtobuslar həmin vaxtda işləmirsə, problemlə qarşılaşan sakinlər müraciət etsinlər”.

Ş. Mehmanqızının sözlərinə görə, ən çox şikayət isə şəhərin mərkəzi hissələrində deyil, nisbətən uzaq məsafələrə gedən marşrutlardan olur. Yol, məsafə uzaq olduqda intervallar da böyüyür.

NİİM rəsmisi bildirdi ki, vətəndaşlar gecə saat 24:00-dək belə problemlə rastlaşarsa, 141 nömrəli "Qaynar xətt"ə və 561-76-28/29 nömrəli telefona zəng etsinlər.

Bakı Sərnişin və Yük Daşımalarının Təşkili MMC ilə əlaqə saxlamağa çalışsaq da, suallarımızı cavablandıran tapılmadı. Qurumdan suallarımızı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə ünvanlamaq məsləhət görüldü. Məsələ adıçəkilən qurumun mətbuat xidmətinə gəldisə, buradan nəsə öyrənmək gedər-gəlməzə yollanmaq kimi bir şeydir. Hətta saatlarla dayanacaqda durub avtobus gözləmək də bundan yaxşıdır. Heç olmasa, evə gedəcəyinə ümidin ölmür.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm