
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə sentyabr ayı ərzində 11479 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 dəfə çox, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 dəfə çox) daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 7598 vətəndaşa xidmət göstərilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 662 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 1704 sənəd (981 ərizə, 655 məktub, 68 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlərdə daha çox ali təhsil sənədlərinin
(diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu
və yerdəyişməsi, ümumi təhsil müəssisələrinə uşaqların qəbulu və
yerdəyişməsi, yerli ali təhsil müəssisələrinə köçürülməsi və
bərpası ilə bağlı məsələlər əksini tapıb.
Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox
həftənin çərşənbə (2851 zəng) və çərşənbə axşamı (2738 zəng)
günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 13:30-dan 16:00-dək
müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin
bazar ertəsi (1865 müraciət), çərşənbə (1804 müraciət) və çərşənbə
axşamı (1781 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və
14:00-dan 16:00-dək müraciət edilib.