Çatışmayan dərsliklər, həllini gözləyən problem - Şagirdlərin kitab dərdi
Bizi izləyin

Qırmızı.az

Çatışmayan dərsliklər, həllini gözləyən problem - Şagirdlərin kitab dərdi

”Qızım 5-ci sinifdə oxuyur, məktəbdə onlara fransız və rus dili kitabları verilməyib. Deyirlər ki, bu dərsliklər məktəbdə yoxdur, pulla almaq lazımdır”. Bu barədə İsmayıllı rayon sakini Ömər Əliyev məlumat verib.

Amma dərslik çatışmazlığı yalnız bölgələrdə mövcud deyil. Bakı məktəblərində də bu problem yaşanır. Bəzi məktəblərdə bir neçə şagird ayrı-ayrı fənlər üzrə bir kitabdan istifadə etmək məcburiyyətində qalır.

Dərs ili iki həftədən çoxdur ki başlayıb. Lakin hələ də bəzi məktəblərdə kitab çatışmazlığı halları var. Kitabsız, ya da bir kitabdan bir neçə şagirdin istifadə etdiyi təhsildən necə gələcək gözləmək olar?

Düzdür, bu hal daimi olmur, müəyyən müddət sonra məktəblər dərsliklərlə tam təmin olunur, ya da o vaxta qədər şagirdlər kitabları alırlar. Baxmayaraq ki, artıq illərdir məktəblərdə dərsliklərin dövlət tərəfindən təmin edilməsi barədə qərar var.

Təhsil Nazirliyi hələ dərs ili başlamamışdan dərsliklərin böyük hissəsinin yenidən hazırlandığı barədə məlumat vermişdi.

Ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 2015-2016-cı tədris ilinə 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllimlər üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. Əvvəlki illərdə hazırlanması baş tutmamış V sinif “Alman dili” və “Ərəb dili”, eləcə də VII sinif “Fransız dili” dərslik komplektləri də çap prosesindədir və yaxın günlərdə yerlərə göndəriləcəyi bildirilmişdi.

Yeni tədris ilində ümumtəhsil məktəblərinin I, II, III, V, VII, IX, X və XI sinif şagirdləri əvvəlki illərdə çap olunmuş və məktəbin kitabxana fondundakı dərsliklər hesabına təmin olunmalı idilər.

Lakin gözlənilən olmadı. Hər il olduğu kimi, bu il də məktəblərdə kitab çatışmazlığı özünü göstərdi.

Problem yalnız məktəb divarları arasında qalmadı. Dərs ilinin başlanmasından təxminən bir həftə sonra təhsil nazirinin müavini Ceyhun Bayramov açıqlamasında nazirlik tərəfindən kifayət qədər dərslik çap olunaraq yerlərə paylandığını dedi: "Hər hansı səbəbdən istənilən bir məktəbdə dərslik problemi olsa belə, vətəndaşlar özləri dərslik almamalıdırlar. Çünki kifayət qədər dərslik ehtiyatı var və məsələ tez bir zamanda öz həllini tapacaq. Yaxud da hər hansı təhsil müəssisəsi, məktəb direktoru dərsliklərin alınması üçün Təhsil Nazirliyinə müraciət etməlidir. Çünki bununla bağlı çox ciddi tədbirlər görüləcək".

Nazir müavininin bu xəbərdarlığından sonra da məktəblərdə kitab çatışmazlığı tam həllini tapmadı.

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü hesab edir ki, dərslik çatışmazlığının kökündə kitabların çoxunun məktəblərə verilmədən satışa çıxarılması durur: “Təhsil Nazirliyi məktəbin sifarişi əsasında dərslik hazırlayır. Təəssüflər olsun ki, bu kitabların əksəriyyəti “qara bazar”a çıxarılır. Bu da məktəblərdə kitab çatışmazlığına səbəb olur. Bu məsələni hüquq mühafizə orqanları həll etməlidir. Bu, təkcə Təhsil Nazirliyinin həll edə biləcəyi məsələ deyil. Əvvəldən sifariş verilən və məktəblərə verilməli olan kitablar nə üçün tapılmır?”

M.Mürşüdlü hesab edir ki, məsələnin digər tərəfi isə bəzi məktəblərdə kitabların artıq olduğu halda bəzilərində tapılmamasıdır: “Bəzi məktəblər var ki, ildən-ilə şagirdlərin sayında azalma olur. Lakin o dərsliklər kitabxanada toplanır. Digər məktəblərdə isə kitab çatışmır. Bu da daxili tənzimləmənin olmamasını göstərir. “Kitab çatışmır, gedin alın” deməklə iş bitmir. İlin bir ayını kitabsız keçirən şagirddən yüksək təhsil gözləmək olmaz”.

Təhsil Nazirliyindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, dərsliklərlə təminat barədə Nazirliyin “Qaynar xətt” xidmətinə və digər əlaqə vasitələrinə müntəzəm olaraq məlumat verilir. Həmin məlumatlar araşdırılır və tədbirlər görülür.

Dərs ili başlamamışdan əvvəl şagirdlərin sayı bəlli olur. Kitab çapını buna uyğun tənzimləmək olmazmı?

“Şagirdlərin sayı barədə məlumatlar əvvəlcədən proqnoz şəklində verilir və dərsliklər yerlərə həmin məlumatlara əsasən paylanılır. Tədris ilinin əvvəlində isə əhalinin say artımı, şagirdlərin bu və ya digər səbəblərdən oxuduqları məktəbi dəyişməsi və sair səbəblərdən dərsliklərlə təminatda müvəqqəti problemlər yaranır və bu da mövcud qanunvericilik əsasında həllini tapır”.

Kitab çatışmazlığının ən çox hansı rayonlarda olması və bunun səbəblərinə gəldikdə nazirlikdən bildirilib ki, belə ümumiləşmə aparmaq əsassız olar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm