Bakıda sovet abidələrinin saxlandığı ev, Lenin və Stalinin büstlərini qoruyan ailə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıda sovet abidələrinin saxlandığı ev, Lenin və Stalinin büstlərini qoruyan ailə - FOTOLAR

Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi 72-3 ünvanındakı 120 saylı mənzil digər evlərdən qeyri-adiliyi ilə seçilir. Klassik güləş (1946-cı il), milli güləş (1947-ci il) üzrə Bakı çempionu olmuş, keçmiş Maarif Nazirliyinin Hərbi və Bədən Tərbiyəsi Şöbəsinin sabiq rəisi, Bakı şəhər Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri (1964-75-ci illər), SSRİ bədən tərbiyəçisi və idman əlaçısı, Ümumittifaq dərəcəli hakim olmuş, mərhum Əbdülağa Sadıqova məxsus bu mənzildə SSRİ-nun qurucusu Vladimir Leninin, diktator İosif Stalinin büstləri, fotoları, kitablar, sovet hərbi və ictimai-siyasi xadimlərinə məxsus kitablar, nəşrlər saxlanılır. Bütün bunlar Azərbaycan SSR əməkdar məşqçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin aparıcı xadimlərindən olmuş Əbdülağa Sadıqovun yadigarıdır.

Publika.az olaraq ilk baxışdan əsl sovet evini xatırladan bu mənzillə bağlı digər maraqlı faktları təqdim edirik:

“Ağlım kəsəndən ailəmizdə Stalin haqqında xoş söhbətlər eşitmişəm”

Əbdülağa Sadıqovun qızı Gülnarə Abbasova ilə öncə atası barədə söhbətləşdik. Bildirdi ki, sovet abidələrinin saxlandığı mənzil vaxtilə bütün ölkə miqyasında tanınmış atasından ona miras qalıb. Əbdülağa Sadıqov 1930-cu ilin dekabrın 28-də Bakıda anadan olub: “Atam 12 yaşından güləşlə məşğul olmağa başlayıb. 1949-cu ildən məşqçilik fəaliyyətinə başlayıb. 1954-64-cü illərdə respublika sərbəst və yunan-Roma güləşi üzrə kənd yığma komandalarının baş məşqçisi olub.

İdman Veteranları İttifaqının baş katibi, 2000-ci ildən isə sədri işləyib. Zəhmətkeşlərin 1 May Beynəlxalq Həmrəyliyi günü ilə bağlı Bakıda keçirilmiş paradların idman hazırlığını atam həyata keçirirdi”.

Gülnarə Abbasovanın sözlərinə görə, məşhur idman xadimi əqidəli kommunistlərdən olub: “Ağlım kəsəndən ailəmizdə Stalin haqqında xoş söhbətlər eşitmişəm. Uşaq yaşlarımdan Stalinin, Leninin abidələrini evimizdə gördüm. Atam onun pərəstişkarı idi. Söhbətinin əvvəlində də, axırında da SSRİ rəhbərindən danışardı. Stalini həddən artıq sevirdi.

Köhnə evimizdə yaşayanda atam Bakı Aqreqat İstehsalat Birliyində Stalinin tökmə büstünü hazırlatdırmışdı. Təəssüf ki oradan bu mənzilə köçəndə həmin abidəni itirdik.

Bir dəfə Stalinin büstünü təmizləyəndə ehtiyatsızlıqdan onun burnunun ucundan kiçik hissəni qopardım. Atam buna görə əsəbiləşdi. Dedi bilirsən, ona nə qədər hörmət bəsləyirəm?! Bu ehtiyatsızlığıma görə məni bir neçə gün danışdırmadı. O, Lenini bizə kasıbları sevən adam kimi təqdim edirdi.

80-ci illərin əvvəli - 90-cı illərin əvvəllərində Qorbaçovun fitnəsi ilə Qarabağ hadisələri baş verəndə deyərdi ki, Stalin sağ olsaydı, indi bunlar baş verməzdi. SSRİ-ni dağıdırlar, indiki vaxtda bizə Lenin lazımdır”.

“2003-cü ildə İlham Əliyev mənzilin orderini atama təqdim etdi”

Ailə üzvləri 11 ildir bu ünvanda məskunlaşıblar: “Atam bu mənzilə 2004-cü ildə köçdü. Əvvəlki evimiz Şahbazi küçəsində idi”.

Əvvəllər Kommunist Partiyasının üzvü olmuş Əbdülağa Sadıqov ətrafına məşhur insanları toplayıb: “O, ölənə kimi də partiya biletini atmadı. Həmişə deyirdi ki, onu niyə atmalıyam? Həmin bilet indi də evimizdədir. Adi fəhlə ailəsində dünyaya gəlmişəm, kasıb övladı olmuşam. Heç bir arxa, dayağım olmaya-olmaya ucalmışam.

Atam akademik Ziya Bünyadovla, sevimli aktyorumuz Lütfəli Abdullayevlə, məşhur idman xadimi, hakim Tofiq Bəhramovla yaxın idi”.

Əbdülağa Sadıqova hörmət bəsləyən insanlar arasında yüksəkvəzifəli şəxslər də var: “Atamın nazir Əbülfəs Qarayevlə də yaxın münasibətləri vardı. Əbülfəs Qarayev 1994-2001-ci illərdə gənclər və idman naziri, 2001-2006-cı illərdə gənclər, idman və turizm naziri vəzifələrində çalışanda atamla tez-tez görüşərdi.

Nazir atamı Abdul çağırardı. Həmişə deyərdi ki, bircə Abdulumuz var, ona heç vaxt etiraz etmək, sözünü yerə salmaq olmaz. O, atamı “XX əsrin ən yaxşı idman xadimi” şəhadətnaməsi ilə təltif etdi”.

Yeri gəlmişkən, bu mənzilin Sadıqovlar ailəsinə verilməsində də Əbülfəs Qarayevin xüsusi rolu olub: “Əvvəllər yaşadığımız evin sahəsi cəmi 48 kvadratmetr idi. Ailə üzvlərimizin sayı çox olduğundan yaşamaq çətin idi. Bu səbəbdən də atam Əbülfəs Qarayevə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılması üçün nazirdən kömək istədi.

Əbülfəs Qarayev isə öz növbəsində ölkə prezidentinə bununla bağlı müraciət etdi. 2003-cü ilin noyabrında prezident İlham Əliyev şəxsən özü yeni mənzilin orderini atama təqdim etdi. Bu, cəmi bir neçə gün əvvəl - oktyabrda prezident seçilmiş İlham Əliyevin bağışladığı ilk mənzil idi. 2004-cü ilin əvvəlində mənzilə köçdük”.

“Heydər Əliyev 2002-ci ilin oktyabrında ona fərdi prezident təqaüdü ayırdı”

Əbdülağa Sadıqov Heydər Əliyevi sevən şəxslərdən seçilirmiş: “Ümummilli lideri çox sevirdi. “Heydər Əliyev və Azərbaycan İdmanı” kitabının müəlliflərindən biridir. Kitabın redaksiya heyəti üzvləri arasında nazir Əbülfəs Qarayev, icra başçısı Asif Əsgərovla yanaşı, atam da var.

Ulu öndərin mənzilimizdəki portretini özü almışdı. Portreti daim əzizləyərdi.

Heydər Əliyev 2002-ci ilin oktyabrında imzaladığı sərəncamla atama fərdi prezident təqaüdü ayırdı.

Gənclər və idman naziri Azad Rəhimov isə “İlin ən fəal idman veteranı” fəxri fərmanı ilə təltif etdi”.

“Stalinlə eyni ayda dünyaya gəlmişdi, eyni gündə də vəfat etdi”

Klassik güləş, milli güləş üzrə keçmiş çempion son müsahibəsini “İdman” qəzetinə verib: “Həmin vaxt xəstə idi. Qəzet, deyəsən, o vaxtlar iki həftədən bir çıxırdı. Onun müsahibəsi ilə barəsində yazılmış nekroloq qəzetin eyni nömrəsində dərc olundu.

Atam 2009-cu il, martın 5-də dünyasını dəyişdi. Bu, Stalinin vəfatı günüdür. Maraqlıdır ki, atam dekabrda dünyaya gəlib. Stalin də həmin ayda doğulub”.

Müsahibim atasının ənənəsini bundan sonra da davam etdirəcəyini vurğuladı: “Mən də Stalinin, Leninin abidələrini mənzilimizdə qoruyub saxlayıram. Bunları heç vaxt çölə atmaram. Çünki atamın yadigarı kimi baxıram. Bundan əlavə, atam kimi mənim də, həmin şəxslərə xüsusi rəğbətim var. Düzdür, son zamanlar Lenin və Stalin haqqında müəyyən faktlar ortaya çıxıb, iddialar səsləndirilir”.

Sovet ənənələrinin qorunub saxlandığı bu mənzildə Lenin və Stalinin büstləri ilə yanaşı, SSRİ-nin məşhur sərkərdəsi, marşal Georgi Jukovun, habelə digər sovet xadimlərinin kitabları, Azərbaycan SSRİ-nin ensiklopediyaları qalır: “Nə qədər sağam, Stalinin, Leninin büstləri mənzilimizdə qalacaq. Əgər harasa köçməli olsam, bunları da özümlə aparacam”.

Anar Tağıyev,

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm