Bakı avtovağzalını çökdürən süni təpələr – Kim məsuliyyət daşıyır?
Bizi izləyin

Qırmızı.az

Bakı avtovağzalını çökdürən süni təpələr – Kim məsuliyyət daşıyır?

Bakı Beynəlxalq Avtovağzalının qarşısında, Bakı-Sumqayıt yolunda ötən gün baş verən sürüşmənin səbəbi yolun kənarında yaradılan süni təpələrdir. Bunu Publika.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.

Həmin yolun və ərazidə olan yarğanın sovet dövründən də mövcud olduğunu deyən ekspertin sözlərinə görə, yolun qırağına tökülən və mütəmadi olaraq suvarılan torpaq çökməyə səbəb olub:

“Sovet dövründə həmin ərazidə motodrom var idi və yarğanın qabağında istinad divarı yox idi. İstinad divarı yox idi, yol çökmürdüsə, nə oldu, indi çökdü? Bunun əsas səbəbi yaşıl təpələrdir. Ora mütəmadi torpaq tökülüb və 3-4 metr hündürlüyündə təpələr yaradılıb. Yol da 50-60 metr uzanıb gedir. O qədər torpaq özü yolun qırağında ağır yükdür və hər gün süni yaşıllıq üçün həmin yer sulanır. Su da sızıb yerin altına gedir. Abşeron torpağına su dəydikdə isə xəmır kimi olur. Yoldan maşınlar gedir, həmin hissədə daim hərəkət, vibrasiya, dinamiklik var. Yol da dəmirdən, daşdan olmadığına görə belə şəraitdə dağılmalıdır. Hələ yaxşı qurtarıblar ki, insan tələfatı olmayıb”, - deyə Ə. Hüseynov bildirib.

İstinad divarının bəzi yerlərdə eni 8-10 metr olduğunu deyən ekspert bildirir ki, əgər həmin divarlar aşsa, faciə ola bilərdi. Ekologiya Nazirliyi də çökməyə ya qrunt suları, ya da suvarma sularının səbəb ola bilməsi ilə bağlı məlumat yayıb. Mütəxəssisin sözlərinə görə, amma ərazidə bulağın olmaması, qrunt sularının təpənin üstündə olması bu ehtimalı sıfra yaxınlaşdırır. Hətta olsa belə, bu, özünü daha əvvəl göstərərdi və sovet dövründən fəsad törədərdi.

Ə. Hüseynov bildirib ki, həmin yolun qırağında təpəni tikmək məntiqsiz hərəkətdir:

“Əslində, bütün dünyada yolun qırağında 50 metrlik boş zona saxlanılır. Orada heç ağac da əkmirlər ki, maşınlar yoldan çıxanda dəyməsinlər. Mən bu problemlə bağlı bir il öncə “Azəryolservis” ASC-yə müraciət etmişəm. Həmin yolun təhkim zolağından 3 metrə qədər boş hissə olmalıdır. Ondan sonra hər iki tərəfdə sağa və sola 30 metrlik mühafizə zonası olmalıdır. Həmin hissə “Azəryolservis” ASC-nin balansındadır və onların icazəsi olmadan heç kim bir daşı da daş üstünə qoya bilməz. Qoyursa, dərhal cəzalandırmalı və oradan yığışdırılmalıdır”, - Ə. Hüseynov belə deyib.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Publika.az-a bildirdiyinə görə, sürüşmə baş verən ərazi Beynəlxalq Avtovağzalın ərazisidir. Təpəcikləri də Binəqədi Rayon İcra Hakimiyyəti tikib, problem yolla bağlı deyil:

““Azəryolservis” ASC icraedici orqandır. Biz yolun təmiri və yolun saxlanması ilə məşğuluq. Yolun kənarında icra hakimiyyəti nəsə bir iş aparırsa, “Azəryolservis” onlara qadağa qoymalı deyil. Burada bizə aid heç nə yoxdur, problem avtomobil yolunda deyil”, - deyə A. Nəcəfli bildirib.

Binəqədi Rayon İcra Hakimiyyətindən Publika.az-a bildirdilər ki, Avtovağzalın qarşısındakı çöküntüyə səbəb yolun kənarında qurulan təpəcikər olmayıb.

Bütün qurumlar problemi özlərindən kənarlaşdırmağa çalışsalar da, ortada - böyük bir ərazidə çökmə faktı var. Bu dəfə insan tələfatı olmasa da, növbəti dəfə problemin hansı miqyasda olacağını heç kim bilmir. İnsan tələfatının olmayacağına da heç kim təminat vermir.

Qeyd edək ki, sürüşmə hadisəsi nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasından faktı təsdiqləyiblər.

Bildirilib ki, sürüşmə nəticəsində Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib. Hazırda aidiyyəti qurumlar ərazidə iş aparır.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm