Fəzail Ağamalı: “Milli Televiziya və Radio Şurasının qərarı düzgün qərardır”
Bizi izləyin

Qırmızı.az

Fəzail Ağamalı: “Milli Televiziya və Radio Şurasının qərarı düzgün qərardır”

Efirlərdə şou xarakterli, ailə-məişət mövzularının müzakirəyə çıxarıldığı verilişlər yenidən mətbuatın gündəmindədir. Səbəb Milli Televiziya və Radio Şurasının son günlər qəbul etdiyi qərarlardır. Əvvəlcə ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin dayandırılması, daha sonra “Salam, Azərbaycan” verilişinin yayımının 10 günlük məhdudlaşdırılması və 54 min manat cərimələnməsi ilə bağlı qərarlardır.

İllərdir bu tip əyləncəli verilişlərin yayımının dayandırılması müzakirə mövzusuna çevrilib. MTRŞ-nın bu verilişlərlə bağlı yekun qərar verməsi gözlənilən idi. Televiziya Şurası da dəfələrlə bu verilişlərin yayımına qarşı olduğunu bəyan etmişdi. Əvvəldə sadaladığımız qərarlarla Şura yekun mövqeyini ortaya qoymuş oldu.

Bəs MTRŞ bu qərarında haqlıdırmı?

Millət vəkili Fəzail Ağamalı Publika.az-a açıqlamasında bu tip verilişlərin insanlarda ətrafa, baş verən hadisələrə biganəlik təbliğ etdiyini deyir:

“Şou xarakterli verilişlərə baxmıram. Onlar zövqümə uyğun deyil. Bu verilişlər çoxlu tamaşaçı toplamaq, reklam alıb, daha çox pul yığmaq üçündür. Telekanalların bu cür yanaşmasını başa düşürəm. Sadəcə, bu verilişlərin kütləvi hal alması, bütün televiziyaların daha çox şou xarakterli veriliş yayımlamaq üçün sanki rəqabətə girməsini anlaya bilmirəm. Bu verilişlər cəmiyyətdə biganəlik yaradır, tale yüklü problemlərdən uzaqlaşdırmağa xidmət edir. Bir neçə telekanal istisna olmaqla, elə televiziyalar var ki, bu problemlə bağlı bir veriliş belə hazırlamırlar. Belə məqamda müxtəlif adlarla şou verilişlərinin efirə buraxılmasının qarşısı alınmalı idi. Çünki televiziyalarda şou xarakterli verilişlər ölkənin düşünən təbəqəsini haqlı olaraq narahat edirdi. Milli Televiziya və Radio Şurasının qərarı düzgün qərardır”.

F.Ağamalı hesab edir ki, bu verilişlərin yeri boş qalmamalıdır, onların əvəzinə vətənpərvərlik, analitik xarakterli verilişlər yayımlana bilər.

Millət vəkili Asim Mollazadə telekanalların səviyyəsinin çox aşağı olduğunu deyir:

“Onlar televiziyanın maarifçilik funksiyasını peşəkar səviyyədə həyata keçirə bilmirlər. Vətəndaşları dolğun informasiya ilə təmin edə bilmədiklərinə görə insanlar xarici ölkələrin televiziyalarına müraciət edir. Telekanallarımızın Azərbaycan mədəniyyəti, mənəvi dəyərlərlə yanaşı, müasir dünyanın səviyyəsində işləmələrini istərdik. Təəssüf ki, səviyyə çox bayağıdır. Televiziya sahəsində mütəxəssis yetişdirilməsinə ehtiyac var”.

Milli Televiziya və Radio Şurasının televiziyalarla bağlı belə qərar qəbul etmək səlahiyyətinin olduğunu deyən millət vəkili Aydın Mirzəzadə bu qurumun dövlətin teleradio sahəsində təmsilçisi olduğunu dedi:

“Qanuna uyğun olaraq vəzifələr yerinə yetirir. Əvvəllər də bayağı verilişlərin efirə verilməsi ilə bağlı çıxışlar olurdu. Lakin Şuranın bu barədə qərar qəbul etmək səlahiyyəti yox idi. Qanunda müvafiq dəyişiklik edildikdən sonra Şura bu səlahiyyətə uyğun hərəkət etdi. İstənilən telekanalın birinci vəzifəsi məlumatlandırmaq, ikincisi, maarifləndirmək, üçüncüsü, əyləndirməkdir. Telekanal bu üç vəzifəni eyni vaxtda icra edə bilər. Təəssüf ki, bu gün telekanallarda milli dəyərlərdən uzaq, bayağı, insanların hissiyyatı ilə oynayan, cəmiyyətə xas olmayan məsələni zorla insanların beyninə yeridən verilişlər artıb. Cəmiyyətdəki narazılığa isə “xoşunuza gəlmirsə, baxmayın” kimi cavablar verildi. Lakin nəzərə almaq lazımdır ki, bu verilişlər müəyyən auditoriya toplayırdı. Bu baxımdan həmin verilişlərə “dayan” deməyin vaxtı çatmışdı. Şura düzgün qərar qəbul etdi. Bu vaxta qədər Milli Televiziya və Radio Şurası tərəfindən dəfələrlə telekanallara müraciətlər olmuşdu. Bu müraciətlər sona qədər yerinə yetirilmədiyinə görə, Şura belə bir addım atmaq məcburiyyətində qaldı”.

A.Mirzəzadə telekanalları proqram siyasətində müəyyən dəyişiklik etməyi tövsiyə etdi:

“Bu qərar şou-verilişlərinə qarşı deyil. Məqsəd günün tələblərinə cavab verən, insanların mədəni səviyyəsini qaldıran verilişlərə yer ayrılması əsas məqsəddir. Hansı ki, bu gün verilişlərdə ailələrin möhkəmləndirilməsinə xidmət edən verilişlər azalıb. Bu da telekanalların reklam gəlirlərinə diqqət ayırması ilə əlaqədardır. Azərbaycan tarixi və mədəniyyətindən bəhs edən kifayət qədər reytinqli, baxılan verilişlər hazırlamaq mümkündür. Şura yalnız cəzalandırmır, həm də yol göstərir. Telekanallar Teleradio Şurasının bu məsələlərə diqqət etməsini nəzərə alıb proqram siyasətində dəyişiklik edə bilərlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm