Gəncə meqapolisə çevrilir - VİDEO
Bizi izləyin

Qırmızı.az

Gəncə meqapolisə çevrilir - VİDEO

Baş Plan artıq hazırdır. Gəncə şəhərinin sonuncu Baş Planı 1967-ci ildə hazırlanıb və 1990-cı ilə qədər olan dövrü əhatə edib. Yeni Baş Plan 2013-cü ildə işlənilib. İcraçı təşkilatı Azərdövlətlayihə olan Baş Plan təsdiq olunma ərəfəsindədir. Hesab dövrü 2030-cu ilə qədərdir. Hazırda Gəncədə aparılan irimiqyaslı quruculuq və abadlıq işlərinin məhz həmin sənədə əsasən həyata keçirildiyi vurğulanıb.

Yeni Baş Planda şəhərin inkişaf perspektivləri nəzərdə tutulub. Sənədə əsasən, Gəncənin 9980 hektar olan ərazisi təxminən iki dəfə böyüyərək 17 min hektara çatdırılıb. Hazırda sosial- iqtisadi əlaqələr saxlanılmaqla lazımi infrastruktur qurulur və bu sahədə olan nöqsanlar aradan qaldırılır. Gəncə şəhər Şəhərsalma və Memarlıq İdarəsinin rəisi, şəhərin baş memarı Azad Əliyevdən aldığımız məlumata görə, Avtozavod, İmamzadə yolu, Nizami, Ş.İ.Xətai, H.Əliyev prospektləri, Əziz Əliyev, Vəli Xuluflu, 28 May, Mehmandarov, Əhməd Cəmil küçələri artıq genişləndirilib. Plana əsasən, Nizami prospektinin daha da genişləndirilməsi üçün küçənin Şəmkir istiqaməti üzrə sol hissəsində olan binalar da söküləcək. Şəmkir yolundan Poçt, Şıxzamanlı qəsəbələri, İmamzadə yolu daxil olmaqla Qala qapılarını da əhatə edəcək dairəvi yol salınacaq.

Yeni plana görə, Gəncədə fərdi yaşayış evləri çoxmərtəbəli binalarla əvəz olunacaq. Məlum olduğu kimi, Gəncə şəhəri seysmoloji ərazidir. Odur ki, Baş Planda binaların tikintisində 9 bal gücündə zəlzələyə davamlılıq nəzərə alınıb.

Baş Planın hesabat dövrü ərzində şəhərdə çoxmərtəbəli, gözəl infrastruktura malik binaların tikilməsi, yeni yaşayış massivlərinin salınması, müəssisə və obyektlərin açılması nəzərdə tutulub. Avropa ölkələrində olduğu kimi, Gəncədə də yaşayış binalarının şəhərdən bir qədər kənarda tikilməsi perspektivi nəzərə alınıb. Şəhərin genişləndirilməsində tarixi abidələrə daha diqqətlə yanaşılır. Odur ki, qədimilik və müasirlik vəhdət təşkil etsə də, daha çox şəhərin özünəməxsus milli-memarlıq üslubuna üstünlük verilir. Şəhərdə 300-400 illik tarixə malik bişmiş kərpicdən tikilən qədim binalar restavrasiya olunur.

Şəhərin baş memarı Azad Əliyevin sözlərinə görə, şəhərin ümumi görünüşünə təsir edən bir sıra binaların eyvanlarında quraşdırılan əlavə konstruksiyalar və artırmalar sökülüb. Yerdə qalan artırmaların aqibətinə gəlincə, onların sökülməsi nəzərdə tutulmayıb.

Hazırda tikintisi davam edən Gəncə Dövlət Filarmoniyası, Heydər Əliyev, “İmamzadə” Kompleksləri kimi möhtəşəm tikililər isə şəhərin görkəmində əhəmiyyətli rol oynayacaq. Müasir yeniliklər bununla bitmir. Hazırda Gəncə çayının sağ sahilində 150 hektar ərazini əhatə edən Park-Bulvarın salınması ilə bağlı işlər davam edir. Çayın üzərində 4 şəlalə və süni su hövzəsi yaradılır. Velosiped yolu, "Əli və Nino" memarlıq Kompeksi də bulvarın tərkib hissəsi olacaq. Çayın sağ qolunda yerləşəcək Kitab evi, Mətbuat evi, Uşaq Əyləncə Mərkəzi və yaşayış binaları inşa edilir. Yeni tikilərək ötən il istismara verilən Uşaq Yaradıcılıq Mərkəzi, Məshəti Muzeyinin yerləşdiyi Gəncə çayının sol sahilinə gəlincə, burada bəndsalma işləri aparılır. Azad Əliyev bildirib ki, həmin ərazidə yerləşən 50-yə yaxın həyət evi gələn ilin əvvəlində söküləcək. Yerində isə çoxmərtəbəli yaşayış binaları inşa ediləcək.

Bir sözlə, Yeni Baş Planda 2030-cu ilədək şəhərin infrastrukturunda və funksionallığında bir sıra yeniliklərin edilməsi, Gəncənin meqapolisə çevrilməsi nəzərdə tutulur. (Region TV)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm