​IDEA adı Qırmızı Kitaba düşən bəbirin öldürülməsindən narahatdır
Bizi izləyin

Qırmızı.az

​IDEA adı Qırmızı Kitaba düşən bəbirin öldürülməsindən narahatdır

IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq İctimai Birliyi nəsli kəsilməkdə olan bəbirin öldürülməsindən ciddi narahatlığını bəyan edib.

Publika.az xəbər verir ki, təşkilatın açıqlamasında bildirilir ki, Astara rayonu ərazisində ovlanan bəbirin dərisini satmağa çalışan rayon sakinləri 22.10.1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu və 01.01.1995-ci il təvəllüdlü Fərəcov Səməd Yaqub oğlu Dövlət Səhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Natiq Böyükağazadə ilkin ifadəsi zamanı bu ilin avqust ayında Astara rayonu dağ-meşə massivində mühafizə olunan ərazidə vəhşi bəbir ovladığını etiraf edib.

Natiq Böyükağazadə bəbiri ovladıqdan sonra dərisini satmaq məqsədi ilə soyaraq, uyğun müştəri axtarıb. Qohumu Fərəcov Səməd Yaqub oğlu ilə Astara rayonu Çükəz kəndi ərazisində bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb.

Qeyd edək ki, dünya faunasının nadir incisi hesab olunan Qafqaz bəbirləri Azərbaycan Respublikasının Qırmızı Kitabı və Təbiətin Mühafizəsi Beynəlxalq Birliyinin Qırmızı Siyahısına daxil edilib. Qanunsuz ovlanma və təbii yaşayış arealının pisləşməsi səbəbindən bu nadir heyvan növünün sayı son on illiklərdə kəskin şəkildə azalıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçici və rəhbəri olduğu IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi (WWF) Təşkilatı tərəfindən Hirkan və Zəngəzur Milli Parklarında quraşdırılmış fotokamera nəzarətinə əsasən və aparılan araşdırmalar nəticəsində Azərbaycanda 6 Qafqaz bəbirinin yaşadığı məlum olub.

Bu günədək IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi təşkilatının birgə səyləri nəticəsində Qafqaz bəbirlərinin mühafizəsi və sayının artırılması istiqamətində bir sıra tədbirlər görülüb. Belə ki, bəbirlərin məskunlaşdığı ərazilərin mühafizəsi gücləndirilib, onların əhəmiyyəti, eləcə də nəsli kəsilməkdə olan bəbirlərin mühafisəzi barədə icitmaiyyətin maarifləndirilməsi üçün silsilə tədbirlər təşkil olunub. Əhali arasında maarifləndirmə istiqamətində İDEA tərəfindən “Qafqaz bəbirlərinin mühafizəsi” layihəsi həyata keçirilib. Bu layihənin həyata keçirilməsində məqsəd Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayanları bu nadir növ haqqında məlumatlandırmaq və onun mühafizəsi işini təbliğ etmək olub. Bəbirlərin mühafizəsi ilə bağlı son illərdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün - ayı, canavar, ceyran, qartal və bəbirin qorunmasını əhatə edən “Böyük beşlik” proqramı çərçivəsində tədbirlər həyata keçirilib.

Bununla belə biznes və tamah maraqlarından irəli gələrək bu nəsli kəsilməkdə olan heyvanları ovlamaq niyyətində olanlar hələ də var. Bu baxımdan IDEA İctimai Birliyi Azərbaycanın endem və nəsli kəsilməkdə olan heyvan növünün öldürülməsi faktı ilə bağlı ciddi narahatlığını bildirir.

Qeyd edək ki, 2009-cu ildə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəbirlərin mühafizəsinin gücləndirilməsinə dair milli fəaliyyət planı qəbul edib. Bəbirlərin yaşayış məskənlərində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi artırılıb. Bəbirlərin ovlanmasına qadağa tətbiq edilib və milli qanunvericiliyimizdə bu heyvan növlərinin öldürülməsinə görə nəzərdə tutulan inzibati məsuliyyət sərtləşdirilib. Azərbaycan Respublikasının qanuvericiliyində bəbirlərin öldürülməsinə görə iri həcmli maliyyə cəriməsi ilə yanaşı, cinayət məsuliyyəti də müəyyən edilib.

“Amma təəssüf ki, təbii irsimizin məhvi hesabına maddi mənfəət əldə etmək axtarışında olan bəzi məsuliyyətsiz şəxslər yox olma təhlükəsi altındakı bəbirləri belə öldürməkdən çəkinmirlər.

Bütün görülən tədbirlərlə yanaşı, IDEA İctimai Birliyi vətəndaşları təbiətin ölkəmizə bəxş etdiyi zəngin bioloji müxtəlifliyini və endem fauna növlərini qorumağa, nəsli kəsilməkdə olan heyvanların məhvinə yönəlik əməllərlə mübarizə məqsədi ilə qanunsuz faktlar barədə hüquq-mühafizə oqranlarını məlumatlandırmağa çağırır”, - İDEA-dan bildrilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm