Məhərrəm ayı başladı
Bizi izləyin

Qırmızı.az

Məhərrəm ayı başladı

Bu gündən Məhərrəm ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən Publika.az-a verilən məlumata görə, Qazılar Şurasının fətvasına əsasən, hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır. Yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.

Məhərrəm ayı Hicri-qəməri ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan biri olmasına baxmayaraq Aşura günü İslam tarixinə İmam Hüseyn əleyhissəlam və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olubş Müsəlman ümmətinin tarixinə kədərli, lakin, eyni zamanda, insanlara qürur bəxş edən bir məqam kimi daxil olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi, əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın, işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və dəyanətə çağırışın təcəssümüdür.

“Məhərrəm ayının 10-u – Aşura günü oktyabr ayının 24-nə təsadüf edir. Bu münasibətlə bütün dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının İmamın (ə) şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər”.

Məlumatda vurğulanıb ki, son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm