Bakının ən gözəl xarabalığı – Zığda ölümə söykənib yaşayanlardan FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bakının ən gözəl xarabalığı – Zığda ölümə söykənib yaşayanlardan FOTOREPORTAJ

“Sürüşə-sürüşə gedirik, heç olmasa, yay olsaydı, sürüşüb düşərdik dənizə…” Zığ qəsəbəsində sürüşmə baş verən ərazini soraqlaya-soraqlaya gedərkən qarşımıza çıxan ilk sakinin bu reaksiyası bizə çox şit və mənasız görünmüşdü. Rastlaşdığımız insanlardakı qəribə inamsızlığı da heç cür anlaya bilmirdik. Əraziyə uzun macəralardan sonra yetişə bildik. Burada gördüyümüz mənzərə indiyə qədər olan bütün təəssüratlarımızı alt-üst etdi. Qəsəbə sakinləri “həftə səkkiz, mən doqquz” yüyürüb əraziyə gələn icra nümayəndələrindən də, aidiyyəti qurumlardan da, elə jurnalistlərin özlərindən də o qədər bezmişdilər ki... 3 ildir çat verən evlərinə gəlib-gedənlər ancaq ölçmək və şəkil çəkməkdən başqa heç nə bilmirlər. Əlbəttə, bir də rəsmi şəxslərin vədləri var idi, həm də “kişi” kimi: “Kişi kimi söz veririk ki, mart ayında kompensasiya alacaqsınız”… Artıq ikinci mart gəlir, amma kompensasiyanın heç ucu da görünmür…

Hətəm Allahverdiyev küçəsində ilk qarşımıza çıxan paramparça evin qapısını döydük, açan olmadı. Evə diqqətlə göz gəzdirdikdə anladıq ki, bu qapını açan olmayacaq. Çünki ərazidəki torpaq necə sürüşmüşdüsə, qapı da əyilib torpağa girmişdi, evdə yaşayan yox idi. Növbəti qapıya yaxınlaşdıq, amma evlərin əksəriyyəti boş idi. Məhəllədən xarabalıq qoxusu gəlirdi. İrəli getdikcə qarşımızda daha dəhşətli mənzərələr açılırdı. İçərisinə adam yerləşən yarğanlar, yerin altından sızıb çıxan su, uçulmuş, parçalanmış evlər... Həmin mənzərəni sözlə ifadə etmək mümkün deyil, insanların nə yaşadığını gözlə görmək lazımdır. Fotoqrafımız Elçin də mənzərədən necə təsirlənmişdisə, başını qarmaqarışıq ərazidəki qaz borusuna çırpdı. Bilmədik sakinləri danışdıraq, yoxsa fotoqrafın başından axan qanı silək… Reportajımız belə qanlı-qadalı başladı. Sakinlərdən öyrəndik ki, bəxtimiz gətirib, gəlişimiz yaxşı günə təsadüf edib. Əgər ötən gün yağışlı havada qəsəbəyə gəlsəydik, yəqin ki, buralara ayaq basa bilməyəcəkdik.

Paytaxtın ən gözəl xarabalığı

Əvvəlcə ondan başlayaq ki, əgər burada sürüşmə olmasaydı, qəsəbə, bəlkə də, paytaxtın ən gözəl yeri olardı. Havası da əsl dağ havası idi. Amma təbiət bu gözəlliyi insanlarla paylaşmaq istəmirdi. Elə ona görə də qəsəbənin bəzi sakinləri min bir əziyyət bahasına tikdikləri evləri qoyub buradan baş götürüb gediblər. Qəzalı evlərdə qalan digər bir qisim isə bir neçə ay öncə Suraxanı Rayon İcra Hakimiyyətinin verdiyi aylıq 250 manat hesabına şəhərin başqa ərazilərində kirayə ev tutublar.

Döydüyümüz qapılardan qarşımıza çıxan ilk sakin Fariz Əliyev idi. Tez-tez qəsəbəyə əlində dəftər, çiynində kamera ilə gələn jurnalistləri görməyə vərdiş etdiyindən bizi görəndə heç təəccüblənmədi də. Amma ürəyi dolu idi, dediyinə görə, bu şəraitdə yaşamağa öyrəşdiklərindən təhlükə də onlar üçün adiləşib:

"2006-cı ildən burada yaşayıram. 4 il var ki, bu ərazidə sürüşmə başlayıb. 2 uşağım var, axşam olan kimi onları aparıb nənəsigilə qoyuruq, gecəni orada qalırlar. Əsas uşaqlardır, nəsə hadisə olsa, özümüz birtəhər qaçıb aradan çıxarıq. Qonşu 2 il yarımdır ki, evini qoyub gedib, yaxın ətrafda adam yaşamır. İcra Hakimiyyətindən gəlib evimizə baxıb deyirlər ki, yaşayış təhlükəlidir, çıxın gedin kirayədə qalın, 250 manat verərik. Mən bu qiymətə harada ev tapım?”

F.Əliyevin sözlərinə görə, yağış yağanda qəsəbədə vəziyyət daha təhlükəli olur və gündən-günə çatlar böyüyür, sürüşmə artır. 4 ay əvvəl darvazanın qırağına beton töksə də, artıq darvaza tamamilə sürüşüb və həmin hissədə böyük yarğan əmələ gəlib. Evin yanındakı qayalar isə öz-özünə tərpənir.

Qəsəbə sakini qarşımıza düşüb bizə yerin altından sızıb çıxan və üzü aşağı axan suyu da göstərdi. Dediyinə görə, indiyə kimi qəzalı vəziyyətdə qalan evlərdə ölüm-itim olmasa da, bundan sonra da olmayacağına heç kim zəmanət vermir.

Bir mənzil boyda haqsızlıq...

Burada heç kim darvazasını bağlamır. Hər an ölüm təhlükəsi olduğundan qapılar da açıq idi, adamlar da ayaqda idilər. Elə müsahibim 3 uşaq anası Ruhiyyə Ağamehdiyeva kimi. Evləri yarıuçuq vəziyyətdə olduğundan ailə onun qarşısında balaca bir daxma tikib ora yığışıb. Son vaxtlar yağan yağışlar bu daxmanı da onlara çox görüb. Ruhiyyə xanımın sözlərinə görə, evdə və həyətdə gün-gündən böyüyən yarğanları doldururlar ki, heç olmasa, uşaqlar düşməsin. Qucağında 8 aylıq körpəsi olan bu qadın üçün bütün dünya haqsız idi:

“Kirayədə qalmaq üçün İcra Hakimiyyətindən pul verirlər, amma ona da etibar etmirik. Çox imkansızıq, bir də gördün pulu yarımçıq dayandırdılar, nə edərik? Evimiz uçub, yaşamalı şəraitdə deyil. Bir otaqda da qalmaq mümkün deyil. Qızım da sakitlik olsun deyə gedib dərslərini uçan evdə oxuyur, ona görə də qorxu keçirirəm. Biz bu uçulmuş evdə gələcəyin əsgərlərini böyüdürük. Nazirlər Kabinetinə ayda 4 dəfə gedirik, “baxılacaq” deyirlər. Hamı bizi aldadır. Bunu Allah necə götürür?!”

Yağış həmişə ruzi-bərəkət gətirmir...

Qəsəbə sakinlərini dinlədikcə fikirləşirdim ki, yağış heç də həmişə ruzi-bərəkət demək deyil. Yağış kimlər üçünsə əsl faciədir. Uçulmuş tikilidə yaşayan Fəxrəddin Mirzağayevin sözlərinə görə, yağış yağanda qəsəbənin kişiləri yatmırlar. Kimin evi salamatdırsa, uşaqları ora yığırlar. Kişilər də səhərə qədər aralıqda gəzir ki, birdən ev dağılar. Sakinlərin sözlərinə görə, torpağı alanda heç kim gəlib onlara deməyib ki, burada ev tikmək olmaz. Sözsüz ki, icazə verməsəydilər, burada daşı daş üstünə qoyan olmazdı...

Bütün qurumlar bu evlərdə yaşamağın təhlükəli olduğu ilə bağlı akt tərtib etsələr də, sakinlərə ancaq yol göstərməklə kifayətləniblər. Evi qəzalı vəziyyətdə olan Rafiq Abbasovun sözlərinə görə, ümumilikdə 500 ailə sabaha sağ çıxacağına ümid etmir: “Əlimizdə sürüşmə ilə bağlı 2012-cü ildə dövlət komissiyasının təsdiq etdiyi rəsmi akt var. Onlar sürüşmə olması barədə hər bir evə akt yazıb veriblər, o cümlədən də mənim evimə. Aktda göstərilib ki, burada yaşamaq olmaz, təhlükəlidir, gediş-gəliş dayandırılmalıdır. 2012-ci ildən bu günə qədər heç bir tədbir görülməyib. Gəlib ən qəzalı 55 evi ölçüblər, siyahısını tərtib ediblər ki, guya onlara pul veriləcək. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. 55 evdən 8-nin sakinləri çıxmayıb, bəziləri daha əvvəl, 23 ailə isə 4 ay bundan qabaq kirayəyə köçüb. Tutaq ki, ailə bu pulla 2 otaq tutub köçdü, bəs evimizin əşyaları necə olsun? Bunları gecə kimsə oğurladı və ya ev uçdu, onu kimdən alaq? 2 beşmərtəbə - 39 və 43 saylı binalar da daxil olmaqla 120 ev bu vəziyyətdədir. Ümumilikdə 500 ailə köçürülməlidir”.

Sakinlərdən öyrəndik ki, qəsəbədə kanalizasiya sistemi çəkilib və sürüşməyə səbəb qurunt suları deyil, tektonik xətlərdə olan qırılmadır. Yəni bu küçə sürüşmə zonasında yerləşdiyindən burada ev tikilməməli idi.

Göydən daş yağır...

Qəsəbədə yuxarıya doğru qalxdıqca, vəziyyət daha da kəskinləşir. Hətta bəzi sakinlər çıxış yolunu həyətlərində qurduqları çadırda görürlər. Vəziyyətin acınacaqlı hal alması sakinləri əsəb xəstəsi edib. 1999-cu ildən burada məskunlaşan Zəkiyyə Cəfərovanın sözlərinə görə, külək əsən kimi evin damından başlarına daş yağır. Hətta yatdığı yerdə başına daş düşən 2 yaşlı nəvəsinin yarası təzə sağalıb: “16 ildir bu evdə yaşayırıq. Evimizin “kupça”sı da var. 10-11 nəfər bu evdə yaşayırıq. 5 ildir evimiz qəzalı vəziyyətə düşüb, yağan yağış evimizin içərisinə tökülür. Bu çadırı qurmuşuq ki, ev uçub eləsə, heç olmasa, uşaqları götürüb bura yığışaq. Əslində bura da təhlükəlidir, amma nə edək, əlacımız yoxdur. 10 nəfəri aparım kimin qapısına yığım? Kirayə qalmaq problemi həll eləmək deyil. Gecə yatdığı yerdə 2 yaşlı nəvəmin başına daş düşüb. Gecəni nə özüm, nə də yoldaşım yatırıq. Səhərə kimi qorxudan oyaq qalırıq ki, birdən ev uçar, uşaqlara nəsə olar. Əsəblərim də pozulub, dərmanla yaşayıram”.

Ümidin cəsədi...

Həqiqətən də, bir dəqiqəlik çəkiliş üçün girməyə ehtiyat etdiyimiz bu evlərdə insanlar illərdir yaşayır və hələ də yaşamaqda davam edirlər. Əlbəttə ki, buna yaşamaq demək olarsa... Fotoqrafımızın başından aldığı kiçik yaranı nəzərə almasaq, bu günü beləcə yola verdik, qansız, qadasız... Amma sabah nələr olacaq, Allah bilir. Gəlişimizi eşidib küçəyə çıxan sakinlər bizi qarşıladıqları kimi ümidsiz-ümidsiz yola saldılar. Onlara ümid verməkdən başqa gücümüz heç nəyə çatmırdı. "Ümid sonuncu ölür" deyirlər. Biz də orada bütün insanların baxışlarında ümidin cəsədini gördük... O, artıq bu qəsəbədə yox idi. Əgər tezliklə bu insanlar qəsəbədən köçürülməsə, bizi çox faciəli mənzərələr gözləyir. Hətta Türkiyədəki partlayışlardan daha faciəli.

Gülnar Əliyeva

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm