Azərbaycanda İLK - Ürəyinə su yığılan uşaq ana bətnində əməliyyat edildi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda İLK - Ürəyinə su yığılan uşaq ana bətnində əməliyyat edildi

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ana bətnində döş qəfəsinə maye yığılan dölü əməliyyat ediblər.

Klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun Publika.az-a verdiyi məlumata görə, həkimlərin vaxtında müdaxiləsi sayəsində körpə sağlam dünyaya gəlib və vəziyyəti hazırda yaxşıdır.

T.Canbaxışov qeyd edib ki, hələ körpə ana bətnində ikən həkimlər bu patologiyadan xəbərdar olublar: “Ana 7 aylıq hamilə ikən gəlmişdi. Həmin vaxt müayinələr göstərdi ki, ana bətnində uşağın döş qəfəsinin içinə, ağ ciyər və ürəyinin ətrafında maye yığılır. Bu da ürəyin fəaliyyətinə əngəl olmuş, ürək çatışmazlığına gətirib çıxarmışdı. Bildiyimiz kimi, ürək qanı təzyiqlə bütün damarlara paylaşdırmaqla işləyir. Lakin yığılan maye həmin orqanı sıxdığına görə qan dövranı pozulmuş, ürək ətrafı ilə yanaşı, qarına da maye yığılmışdı və mayenin miqdarı getdikcə daha da artırdı. Bu həm də dəri ödeminin (şişkinliyinin) artmasına səbəb olurdu. Xəstə məhz belə vəziyyətdə bizə üz tutmuşdu”.

Həkimin sözlərinə görə, ana 5 aylıq hamilə ikən uşağın döş qəfəsinə maye yığılmağa başlayıb. Xəstə Türkiyəyə üz tutub, orada döş qəfəsinin hər iki tərəfinə stend taxdırıb ki, yığılan maye uşaqlıq boşluğundan çölə çıxsın. Lakin müəyyən müddət sonra stendlərin yolu tutulub:

“Biz diaqnozu qoyduqdan sonra təcili bir müdaxilə planlaşdırdıq. Yəni ana bətnində uşağın döş qəfəsinə daxil olub, həm sağdan, həm də soldan bu mayeni çəkmək lazım idi ki, ürək rahatlansın, fəaliyyəti bərpa olunsun və ağ ciyərlər açılaraq inkişafı davam etdirsin. Biz düz 3 dəfə bu proseduru həyata keçirdik. Bunlar hamiləliyin 35-ci, 36-cı və 37-ci həftəsində gerçəkləşdirildi. Prosedur zamanı bir sıra çətinliklərlə də üzləşirdik. Məsələn, bəzən uşaq dönürdü, onda məcburən ananı gəzdirib uşaq əvvəlki vəziyyətə qayıdandan sonra prosedura davam edirdik”.

ATU həkim briqadasının müdaxiləsi nəticəsində bu körpə heç bir ürək və ağ ciyər qüsuru olmadan dünyaya göz açıb. Uşaq doğulduqda yalnız ürəyin fəaliyyəti ilə bağlı müəyyən problemlər olub ki, indi həmin problemlər də nizama salınıb. Hazırda bu körpə ATU həkimlərinin nəzarəti altındadır və hər ay müayinə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm