Gənc yaşlardan narkotik, itirilən ailə, qazanılan Hepatit C və məhkumluq... - VİDEO
Bizi izləyin

Qırmızı.az

Gənc yaşlardan narkotik, itirilən ailə, qazanılan Hepatit C və məhkumluq... - VİDEO

Onların heç biri ilk dəfə narkotikdən istifadə edəndə nə vaxtsa narkomana çevriləcəklərini, məhkumluq həyatı yaşayacaqlarını, ailələrindən, övladlarından illərlə ayrı düşəcəklərini təsəvvür belə etməyiblər. Narkotik vasitələrin aludəçisinə çevrilən insanların düçar olduqları bəladan xilas olmaları müşkülə çevrilir. Onlar narkomaniya ilə yanaşı bir sıra infeksion xəstəliklərə yoluxur, ailələri dağılır, cinayət törətdikləri üçün azadlıqdan məhrum olurlar.

Publika.az narkotik aludəçilərinin dəhşətli həyat hekayələrini təqdim edir:

“Mən sevdiyim oğlana görə narkoman oldum...”

Yuliya M. (ad şərtidir) Bakıda tanış olduğu oğlan vasitəsilə narkotik aludəçisi olub. Narkotikin onun qürurunu sındırdığını, yaxınlarının, övladının sevgisini itirdiyini deyən Yuliyanın həyat hekayəsini öz dilindən eşidək:

“Məndə narkotik vasitələrə aludəçilik Bakıda tanış olduğum oğlan vasitəsilə yarandı. Onun narkotik vasitələrdən istifadə etdiyini bilmirdim. Bir dəfə o, hamamda idi. Bir saata qədər orada qaldı. Çıxanda da gözlərində heç bir ifadə yox idi, baxışları donuq idi. Birlikdə televizora baxırdıq, onun gözləri yumulurdu. Mən televizoru söndürdüm, o isə hirsləndi ki, mən baxıram, niyə söndürürsən? Mən etiraz etdim ki, gözlərin yumulur, televizora necə baxa bilərsən? Cavab verdi ki, mən öz aləmimdəyəm...

Bir dəfə o, evdə olmayanda narkotik - heroin tapdım və qərara gəldim ki, onun dadına baxım. Mən onun dediyi dünyanın nə olduğunu bilmək istəyirdim. Hamama girdim və istifadə etdikdən yarım saat sonra hiss etdim ki, “sönürəm”. Sanki evdən musiqi sədası gəlirdi. Amma məndən başqa heç kim yox idi. Başqa heç nə xatırlamıram. Bir də onu xatırlayıram ki, soyuq duşu açdılar və soyuq su ilə yuyunmağa başladım.

Sevdiyim insan mənim narkotikdən istifadə etdiyimi bildi və mənimlə dalaşdı. Amma mən bunu ona görə etdiyimi dedim. Dedim ki, mən də sənin dünyana daxil olmaq istəyirəm. Biz başqa cür bir-birimizi başa düşmürük. Əgər sən ayrılmaq istəyirsənsə, onda get, amma qalmaq istəyirsənsə, gərək narkotiki atasan. Ona dedim ki, əgər atmaq istəsən, mən sənə kömək edərəm. Dedi ki, bunu dərhal atmaq mümkün deyil. Daha sonra o, açıq şəkildə mənim yanımda narkotikdən istifadə etməyə başladı. Yaxşı pul qazandığımı bilirdi. Narkotik üçün məndən pul istəməyə başladı. O, ilk dəfə mənim damarıma iynə vurdu. Bir gün, iki gün, üç gün, dörd gün... beləcə, hər gün bu davam etdi.

Hərdən tapdığımız narkotik az olanda o, bunu məndən gizlədirdi. Görürdü ki, vəziyyətim ağırdır və dəhşətli ağrılarım var, amma mənə narkotik vurmurdu, təkcə özü istifadə edirdi.

Bu qədər... Etibar, mənlik, hörmət... hər şeyi itirdim. Ən dəhşətlisi o idi ki, mən qızımın sevgisini itirdim.

Kim ki narkotikdən istifadə edir, o, özünün xəstə olduğunu dərk edir. O fikirləşir ki, əgər mən ağrılardan əziyyət çəkirəmsə, niyə ətrafımdakılar rahat yaşasın? Ona görə də narkomanlar başqalarını da bu yola sürükləməyə çalışırlar. Əslində, insan kimisə bu yola sürükləyib məhv etməməlidir, özünü xilas etməyə çalışmalıdır.

Çox istəyirdim ki, bu bəladan xilas olum, çox da cəhd elədim. Hətta damarlarımı da kəsdim. Özümü öldürmək istəyirdim. Çox utanırdım. Mən əvvəllər çox qürurlu insan idim. Birdən-birə belə bir vəziyyətə düşmək mənə çox ağır gəlirdi. “Narkotik aludəçisiyəm, mənə kömək edin” deyə bilmirdim. Aptekə gedib yuxu dərmanı alırdım və yatırdım. Amma yuxudan ayılanda yenə də hər şey təkrarlanırdı.

Onu da qeyd edim ki, sonuncu gətirilən heroin çox təhlükəli idi və nə qədər tanıdığım insan bundan dünyasını dəyişdi. Bu heroində virus var idi. Nə qədər insan Hepatit C virusuna yoluxdu.

Narkotik insanı aldadır, əvvəlcə elə bilirsən ki, bütün dünya ayaqlarının altındadır. O anda özümü şahzadə kimi hiss edirdim. Elə bilirdim bütün hakimiyyət mənim əlimdədir. Amma bu həzz gedəndən sonra pəncərədən bayıra baxanda düşünürsən ki, insanlar necə də xoşbəxtdirlər...

Məni hərdən dostlarım Nabrana, Qubaya gəzməyə dəvət edirdilər. Amma heç birinə gedə bilmirdim. Fikirləşirdim ki, necə gedim, axı 2-3 gün narkotiksiz necə qalaram? Buna görə öz vəziyyətimi hamıdan gizlədirdim. Bu, mənim üçün dəhşətli yuxu idi.

Getdikcə özümü üçüncü dərəcəli adam hesab edirdim. Amma əvvəllər belə deyildim. Həmişə başımı dik tutub gəzmişəm. Kiminlə danışmaq, söhbət etmək, kimə salam vermək lazım olduğunu özüm müəyyənləşdirmişəm. Narkotik elə bir bəladır ki, ağrı başlayan vaxt insan narkotik əldə etmək üçün nə desən edə bilər. Hətta elə adamlar tanıyıram ki, onlar pul tapmaq üçün öz valideynlərinin boğazına bıçaq çəkiblər.

Sevdiyim şəxslə münasibətlərimiz ikimiz də tutulana kimi davam etdi. Əvvəlcə o həbs olundu, sonra məni satdı. Onda anladım ki, aramızda heç bir sevgi qalmayıb. Həbsxanada anladım ki, o, sadəcə, məndən istifadə edib, heç bir sevgidən söhbət belə gedə bilməz.

Çox istəyirəm ki, insanlara narkotik aludəçilərinin narkotikdən əvvəlki və sonrakı vəziyyətlərini göstərən görüntülər olaydı. Baxın, bu insanlar əvvəl necə idilər, indi nə hala düşüblər... Mən o dünyanı, narkomanların dünyasını gördüyümə görə bir də ora qayıtmaq istəmirəm”.

Bu elə bir bəladır ki...

Davud Ə. narkotik vasitədən istifadəyə ömrünün ən gənc, həyatının ən enerjili vaxtında başlayıb. Elə bununla da bütün həyatı məhv olub, yaxınlarından, ailəsindən, işindən, sağlamlığından uzaq düşüb:

“İlk dəfə 21 yaşımda yekəxanalığımdan siqaret çəkməyə-çəkməyə marixuanadan istifadə etməyə başladım. Təxminən bir ay bunu mənə pulsuz gətirdilər. Əvvəllər iyləyirdim, bir aya kimi iylədim, sonradan başladım iynəsini vurmağa. Təxminən 2 ay keçəndən sonra həmin adam dedi ki, daha yoxdur. Məcbur olub pul ilə almağa başladım. Tərgitmək istədim, ağrıdığım üçün dözə bilmədim.

Bu elə bir bəladır ki, mən deyərdim, bəlkə də, min adamdan 3-5 nəfər narkotikdən ayrıla bilər. Narkomaniyadan xilas olmağı hər adam bacarmaz.

Heç kim narkotik istifadə edən adama yaxın getmək istəməz. Mən indiki vaxtımda nə özüm yaxına gedirəm, nə də kimisə yaxınıma buraxıram.

Onda özüm gedib həkim axtardım, tapdım, xahiş elədim ki, məni müalicə etsin. Məni müalicə etdilər. Müalicəm bitəndən, üstündən bir xeyli vaxt keçəndən sonra yenə də başladım. 3 dəfə müalicə aldım, amma müalicələrim qurtarandan sonra yenidən başlayırdım.

Narkotik məni həyatda çox şeydən məhrum etdi – anamı aldı, sağlamlığımı aldı. Hepatitə yoluxdum. İki il ailəmdən, uşaqlarımdan ayrıldım. Dost-tanışlarımdan uzaq düşdüm, istər-istəməz onlardan aralandım. Narkomaniyadan xilas olmaq üçün çox cəhd göstərdim. Məncə, burada çox incə məqamlar var və hər kəs onları tuta bilmir. Əgər xilas olmaq istəyirsənsə, onları fikirləşib tapıb narkomaniyadan ayrılmaq lazımdır.

Narkomaniya məndən azadlığımı aldı. 2 il müddətinə həbs olundum. Burada hələ ki narkotikdən istifadə eləmirəm. Bu, mənim qəti fikrimdir ki, buradan çıxandan sonra bir də ona yaxın getməyəcəyəm.

Allahıma şükürlər olsun ki, mən indi işləyirəm. İki övladım var və onlarla fəxr edirəm. Mən ancaq onlar üçün yaşayıram. Mənim üçün həyatda onlardan əziz heç nə yoxdur. Görünür, bunu əvvəldən fikirləşməli idim...”

“Bəlkə də, tutulmasaydım, haradasa ölüb qalmışdım...”

Zakir M. ehtiyatda olan zabitdir. Deyir ki, narkotikə ilişməsəydi, həyatı başqa cür olardı:

“İlk dəfə dostlarımla yığışmışdıq. Yedik-içdik, sonra kimsə narkotik çıxardı və istifadə etdik. Bir dəfə, iki dəfə, üç dəfə və ondan sonra davamı gəldi...

Narkotikdən xilas olmaq çox çətindir. Adamın tam bədəninə, qanına işləyir. Bu elə bir bəladır ki, xilas olmaq üçün güclü iradəyə sahib olmalısan. Narkotikə qurşanmış adamın fikrində isə ancaq o olur ki, pul tapıb yenə narkotikdən istifadə etsin.

İnsanlar narkotikdən heç nə qazanmırlar, ancaq özlərini məhv edirlər. İş yerlərini, ailələrini, dost-tanışlarını itirirlər. Narkotik insanı hər qapıya aparıb çıxarır, insanı hər şeyə vadar edir. Ev, uşaq, ailə, hər şey yaddan çıxır, ancaq özünü düşünürsən. Ancaq fikirləşirsən ki, necə edim ağrıdan xilas olum. Narkotikə qurşanan adam oğurluq da edə bilər, rahatca adam da öldürə bilər, namus-qeyrətini də sata bilər. Narkomaniya bədbəxtlikdir, hər şeyini itirirsən. Gec-tez itirirsən...

Nakromanlar istəyirlər ki, başqalarını da öz getdikləri yolla aparsınlar. Belə insanlar hörmətdən düşür, onlara qarşı münasibət dəyişir. Ailədə də hamı onlara nifrət edir. Narkotik əldə etmək üçün hər şeyə əl atır, hətta evdən oğurluq edib, həmin əşyanı satmaqla haradansa uyuşdurucu əldə edirlər.

Mən də müalicə olunmağa çalışdım, amma müalicəni yarımçıq qoydum və yenidən narkotikdən istifadəyə davam elədim. Bacarmadım...

Gördüm pul tapa bilmirəm, imkan yoxdur, oğurluğa əl atdım. Bəlkə də, tutulmasaydım, haradasa ölüb qalardım. Yaxşı ki tutuldum və müalicə olundum.

Mən dövlət idarəsində işləmişəm, ehtiyatda olan zabitəm. Vaxtilə 35 nəfər işçim olub, indi təqaüdə çıxmışam. Narkotikə ilişməsəydim, həyatım tamam başqa cür olacaqdı. Həbsxananın bizə bir xeyri var ki, bizi bu bəladan uzaqlaşdırır. Bəlkə də, ilk başlayanda tutulub buraya gətirilsəydik, daha yaxşı olardı...”

“Paltarlarımı satıb narkotik almışam...”

Natəvan xanım da uzun zaman narkotik asılılığından əziyyət çəkib. Həbs olunduqdan sonra müalicə olunan xanım deyir ki, insan gərək qırmızı həddi keçməsin. Əgər iradəsizlik edib narkomanlara qoşuldusa, ömrünün axırına kimi bədbəxt olacaq:

“Astma xəstəliyindən əziyyət çəkirdim. Bir nəfər həb verdi və dedi ki, bundan istifadə elə, bu, sənə kömək eləyəcək. Mən o vaxta kimi narkotikin nə olduğunu bilməmişəm. Orqanizm ki buna öyrəşir, heç cür atmaq mümkün olmur, ancaq beynində narkotik olur. Səhər yuxudan oyanırsan, istəyirsən narkotikdən istifadə edəsən ki, rahatlaşasan. Narkomana çevrilməməsi insanın iradəsindən asılıdır. Elə adamlara qoşuldusa, ömrünün axırınadək bədbəxt olacaq. Sevdiklərindən ayrı düşürsən. Heç kimə belə həyatı rəva bilmərəm.

Narkomanlar çox vasitələrə – oğurluğa, pis əməllərə əl atırlar ki, əllərində pul olsun və narkotik alıb istifadə edə bilsinlər. Dəfələrlə özümü bu bəladan xilas etməyə çalışmışam, amma alınmayıb. Axşamlar özümə söz verirdim ki, bir də istifadə etməyəcəyəm, amma alınmırdı. Mən gənclərə tövsiyə edərdim ki, heç vaxt belə vasitələrdən istifadə etməsinlər.

Elə olub ki, narkotikə görə evimin əşyalarını, paltarlarımı satmışam. Həmişə düşünürəm ki, narkotik qəbul etməsəydim, çox gözəl həyatım ola bilərdi, amma alınmadı. Bu, bir bəladır, tutulursan, əziyyətini çəkirsən. İstəyirəm ki, bu xəstəliyə düçar olan insanlar, heç olmasa, həbsxanadan çıxandan sonra təzədən bu bəlaya düçar olmasınlar. Yoxsa, axırları ya bu zindan, ya da ölüm olacaq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm