Yeni qatarları daşa basan uşaqlar tutuldu - FOTO
Bizi izləyin

Qırmızı.az

Yeni qatarları daşa basan uşaqlar tutuldu - FOTO

Oktyabrın 19-da saat 18.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı 2636-cı km-dən (Xırdalan - 10-cu blok-post mənzilində) keçərkən iki naməlum şəxs kustar üsulla hazırlanmış daşatanla qatarı daşa basıb.

Bunu Publika.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə, ərazidə xidmət edən Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin əməkdaşları elektrik qatarının pəncərələrini daşa basanları saxlayaraq bölmənin cinayət-axtarış qrupuna məlumat veriblər.

Araşdırma zamanı məlum olub ki, saxlananlar Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsindəki 147 №-li Texniki Peşə Məktəbinin həyətində yaşayanlar - İmişli rayonunda anadan olmuş, Sumqayıt şəhər 42 №-li orta məktəbin VII sinif şagirdi Laçın Bilal oğlu Vəlizadə və Göyçay rayonunun İncə kəndində anadan olmuş Əmiraslan Kamil oğlu Məlikovdur.

Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Baş Sumqayıt xətt polis bölməsinin cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Surxay Cəfərov tərəfindən dindirilərkən hadisəni törətdiklərini, məqsədlərinin elektrik qatarının pəncərə şüşələrini sındırmaq olduğunu etiraf etiblər.

Xoşbəxtlikdən sərnişinlərə və elektrik qatarına ziyan dəyməyib. Hazırda faktla bağlı araşdırma aparılır.

Bir daha Bakı-Sumqayıt marşrutu üzrə yaxın ərazıdə yaşayan vətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakına ziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm