4 oğlana 1 qız və ya bir neçə ilə evlənməyə qız tapılmayacaq - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

4 oğlana 1 qız və ya bir neçə ilə evlənməyə qız tapılmayacaq - ARAŞDIRMA

Qız qızıla dönür…

… 3 qızım vardı, yoldaşım onları çox istəyirdi, amma hər zaman ən böyük istəyi oğlunun olması idi. Əslində, imkanımız yaxşı deyil, 3 uşağın ehtiyacını normal qarşılaya bilmirdik. Amma yoldaşım oğlan istəyirdi. Hər dəfə oğlumuz olmadığına görə təəssüflənirdi. Qızlarım Sovet dövründə olmuşdu, o vaxtlar USM (Ultra Səs Müayinəsi –red.) yox idi, uşağın cinsiyyətini əvvəldən bilmirdik. Hər dəfə oğlumuz olacağını düşünürdük, qız olurdu. Amma indi hər şey inkişaf edib…

...Böyük qızımızın 17 yaşı olardı, hamilə qaldım. Yaşım az deyildi, hamiləlik təhlükəli ola bilərdi. Ancaq yoldaşım oğlunun olmasını istəyirdi, mənim səhhətim vecinə deyildi. Müayinədən keçdim, oğlum olacağını öyrəndim. Amma o vaxtdan yoldaşımın işləri pisləşdi. Hətta uşağın dünyaya gəlməsi üçün xərcləri belə borc alıb ödədik. Xəstəxanada “şirinlik” istəyəndə, evdə 3 oğlumun olduğunu, qız istədiyimizi deyib, vəziyyətdən çıxdım. Ondan sonra maddi problemlərimiz daha da artdı. Üstəlik, səhhətimdə problemlər yaranmağa başladı, oğlumu qızlarım böyütdü…

Səriyyə xanım bütün problemlərə baxmayaraq, oğul dünyaya gətirmək məcburiyyətində qalan yüzlərlə azərbaycanlı qadından biridir. Bəlkə də, Sovet vaxtı USM müayinəsi olsaydı, dünyaya 3 qız gətirməzdi…

Rəqəmlər…

Bu gün artıq texnologiyanın verdiyi bu imkan valideynləri oğlan usagı dünyaya gələnə qədər dolayısı ilə qatilə çevirir. Bəlkə, qız uşaqlarının abort etdirilməsinə görədir ki, bu ilin doqquz ayı ərzində doğulan oğlanların sayı qızlardan çoxdur. Ancaq bu, ayrıca bir söhbətin mövzusu olduğundan keçirik yazımızın məqsədinə.

Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsaslansaq, bu il yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir.

Təkcə bu il deyil, 2013-cü ildə dünyaya gələn 172600 uşaqdan 53,6 faizi oğlan, 46,4 faizi qız olub. 2012-ci ildə isə 174000-dən çox uşaq doğulub ki, onlardan da 53 faizi oğlan, 47 faizi qızdır. Bir sözlə, ildən-ilə doğulan uşaqların nisbətində qızların sayının azaldığını müşahidə edirik. Bu rəqəmlər qızların sayının azalmasının gələcəkdə doğuracağı fəsadların mənzərəsini tam təsvir etməsə də, yaxın gələcəkdə oğlumuzun ailə qurmaq üçün qız tapmadığını görəndə daha yaxşı anlayacağıq. Bu gün isə sinif otaqlarında oğlanların oturmağa qız tapmaması gələcəkdə yaşayacağımız problemləri göstərmiş olur.

Bu gün ailələrimizdə ikinci qız uşağı arzulanan olmur. Kiminsə iki qızı varsa, ya o ailədə bir oğlan var, ya da USM xətasıdır. Ailələr çox az hallarda bilərəkdən ikinci qızın dünyaya gəlməsinə razı olurlar. Əksəriyyət isə qızı elə ana bətnindəcə məhv edir. Ekspertlər hesab edir ki, statistikanın bu cür davam etməsi narahatlığa əsas verir.

Oğlanlar qız tapmayacaq…

Sosioloq Mehriban Nəsibova Publika.az-a açıqlamasında doğulan uşaqlar arasında oğlanların sayının çox olmasının 2009-cu ildən müşahidə edildiyini deyir: “2009-cu ildə əhalinin 54%-i qadınlar, 46%-i kişilər idi. Son vaxtlar selektiv abortlar nəticəsində qızların sayının azalması müşahidə edilir. Bu cür davam edərsə, 2020-ci ildə hər 4 oğlana bir qız düşəcək. Bu isə demoqrafiyanın pozulması deməkdir”.

Hazırkı rəqəmlərə görə, gələcəyə proqnoz verən sosioloq qarışıq ailələrin sayının artacağını deyir: “Bir vaxtlar kişilərimiz əcnəbi ölkələrdən xanımlara maraq göstərirdilər, qızlar evdə qalırdı. Bu gün müşahidə olunan vəziyyət gələcəkdə oğlanlarımızın evlənməyə qız tapmayacağı deməkdir. Azərbaycanlı qızların sayının az olması səbəbindən əcnəbi qızlarla ailə qurmaq məcburiyyətində qalacaqlar. Bu da milli kimliyin tədricən dəyişməsinə səbəb olacaq”.

Sosioloq hesab edir ki, ailələrin qız uşaqlarından imtina etməsi qadınlara qarşı zorakılıq halları və oğlanlara yüksək dəyər verilməsi ilə bağlıdır: “Bu gün ailələrdə qızlara, qadınlara qarşı çoxlu zorakılıq var. Ailə qız övladının olmasını istəmir, çünki sabah onun ailə quracağı şəxs tərəfindən zorakılığa məruz qalması qaçılmazdır. “Məişət zorakılığı Haqqında” Qanun qəbul edilsə də, ona əməl edən yoxdur. Xüsusən də regionlarda qadınlarını öldürən kişilərlə bağlı xəbərləri tez-tez eşidirik. Qızların sayının bu cür azalmasına mane olmaq üçün erkən evliliyin, zorakılıqların qarşısını almaqla yanaşı, qızların təhsil almasına şərait yaradılmalıdır. Bu gün valideynlər regionlardakı qızların paytaxtda təhsil almasına mane olurlar. Qız xaricdə təhsil almaq istəyəndə isə daha sərt reaksiya ilə qarşılaşır. Savadsız, ailə qurmağa məcbur edilən qadın zorakılıqla qarşılaşsa belə, boşana bilmir. Bu qadınlar heç vaxt “qızı abort etdirmirəm” deyə ərinə qarşı çıxa bilməz”.

İki uşaq, ikisi də oğlan…

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Azərbaycanda doğulan uşaqların cinsi nisbətinin bir qədər pozulduğunu deyir. Rəqəmlər də göstərir ki, bu barədə düşünməyə dəyər: “Bu gün ölkədə demoqrafik problem olmasa da, cinslərarası nisbətdə narahatlıq var. Bunun səbəbləri müxtəlifdir. Əhalinin sonuncu - 2009-cu ildə aparılan siyahıyaalınmasına görə, 1, 2 və 3 uşaqlı ailələrin sayı çoxdur. 4 və daha çox uşağı olan ailələr isə çox azdır. Həmçinin insanların qız və oğlan uşaqlarına olan münasibəti fərqlidir. Bu iki səbəb nəticəsində insanlar düşünür ki, bir və iki uşağı olacaqsa, o, oğlan olmalıdır. Nəticədə, selektiv abortların sayı artır. Bu səbəblərin azalması üçün maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq regionlarda maarifləndirmə məsələlərinə daha çox yer ayırırıq. Qadınlara arzuolunmaz hamiləlikdən qorunmaq üçün ailə planlaşdırılması mərkəzlərinə, mütəxəssislərə müraciət etməyi məsləhət görürük”.

A.Veysəlova Statistika Komitəsinin açıqladığı son rəqəmi qorxulu hesab etməsə də, bu rəqəm bir az da artacağı halda, bu barədə iş aparmağa ehtiyac olduğunu deyir: “Hər ilin sonuna açıqlanan rəqəmlərdə əhalinin 53,6%-ni kişilər, 46,4%-i qadınlar təşkil edir. Bu rəqəm dəyişməsə, kişilərlə təlimlər aparılmalıdır.

Proses bu cür davam edərsə, demoqrafik problem, cinslərin disbalansı yarana bilər ki, bu da riskli hesab olunur. Doğulan uşaqlar arasında oğlanlar çoxluq təşkil etdiyi kimi, müəyyən yaş həddində ölən uşaqlar arasında da oğlanlar çoxdur. 45-50 yaş arası ölüm hallarında da kişilərin sayı çoxdur. Bu ölümlər bir tərəfdən balansın pozulmasının qarşısını alsa da, evlilik yaşında oğlanlar özlərinə yaş baxımından uyğun tərəf-müqabili tapa bilməyəcəklər. Nəticədə, qarışıq ailələr problemi yarana bilər.

Komitə olaraq, keçirdiyimiz görüşlərə əsasən, deyə bilərəm ki, həm tibbi, həm də dini düşüncənin zəif olması doğulan uşaqların qız və ya oğlan olmasına təsir edir. Bütün işləri yalnız dövlətdən gözləmək olmaz. Qadın qızı olmaması üçün abort etdirmək istəyirsə, həkim bunun ana və uşaq üçün zərərindən danışmalıdır. Hətta həyat yoldaşı ilə də söhbət apara bilər”.

A.Veysəlova hesab edir ki, bu problem yalnız bizdə deyil, Avropa ölkələrində də müşahidə edilir: “Bir vaxtlar selektiv abortların ən çox Hindistan və Çində olması kimi düşüncələr var idi. Lakin son illərin təqdiqatları göstərir ki, dünyanın bir çox ölkələrində balans pozulub. Xüsusən, Şərqi Avropa və Asiya ölkələrində. Bunun nəticəsində də insanların ailə qurmaq yaşı artıb. Gec qurulan ailələr isə 1, uzağı 2 uşaq istəyir, onların da birinin oğlan olmasına çalışır”.

Uşağın cinsiyyətini öyrənmək istəyən yol tapacaq…

Millət vəkili Musa Quliyev isə indiki statistikanın narahatlığa əsas vermədiyini deyir. O, narahatlığın məhz hansı nisbətdən sonra yarana biləcəyinə də aydınlıq gətirir: “Dünya standartına görə oğlanlarla qızlar arasında nisbət 5 faiz olmalıdır, bizdə artıq 6 faizdir. Dünyada 100 qız uşağına 105 oğlan uşağı düşürsə, bizdə 106-dır. Amma indi narahatlığa əsas yoxdur, nisbət 108-i keçərsə, bu barədə düşünmək olar. Nəzərə alaq ki, 4-5 il əvvəl bu rəqəm 12% oğlanların xeyrinə idi. O zaman bu məsələ bizi narahat edirdi. Həm Milli Məclis, həm də hökumətin müvafiq qurumları bu işlə məşğul oldular. İndi bu rəqəm azalıb. Cinslərarası nisbətin 5 faiz olması təbiətin işidir, bizdə 6 faiz olması isə haradasa insan müdaxiləsinin olduğunu göstərir”.

Millət vəkili hesab edir ki, rəqəmin yenidən əvvəlki vəziyyətə çatmaması üçün valideynlər arasında tibbi maarifləndirmə aparılmalıdır. Həmçinin din xadimləri də qız və ya oğlan olmasından asılı olmayaraq, övladın Allahın hədiyyəsi olduğu ilə bağlı insanları məlumatlandırmalıdır: “Dövlət də bu istiqamətdə gender siyasətini uğurla həyata keçirir. Hesab edirəm ki, qız uşaqlarına münasibət köklü surətdə dəyişməlidir. Bununla bağlı qanunvericiliyə də yenidən baxılmalıdır. “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində uşağın cinsinin təyini ilə əlaqədar ultrasəs müayinəsinin aparılması qadağandır. Yalnız uşaq və ananın sağlamlığı ilə bağlı vəziyyətlərdə cinsiyyəti təyin etmək olar. Cinsə görə abort edilməsi də qadağandır. Təəssüf ki, müəyyən səbəblərdən bu qanun qəbul edilməyib. Lakin düşünürəm ki, qanun qəbul edilməsə də, uşağın cinsiyyətinin müəyyən edilməsi ilə bağlı ultrasəs müayinəsini qadağan edən müddəanı hər hansı şəkildə səhiyyə qanunvericiliyinə salmağın vaxtıdır.

Lakin müddəanın qəbul edilməməsinin bir səbəbi də həm valideyn, həm də həkimlərin psixoloji cəhətdən bu qadağaya hazır olmamasıdır. Kimsə mütləq şəkildə uşağın cinsiyyətini öyrənib, qız uşağı olduğu halda, abort etdirmək istəyirsə, bunun üçün qeyri-qanuni də olsa, yol tapacaq. Ona görə də maarifləndirmənin çox ciddi əhəmiyyəti var”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm