• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Qadınların 50%-i işsizdir

Qadınların 50%-i işsizdir

“Azərbaycanda qadınlara qarşı zorakılıq var, erkən nikahlar qeydə alınır. Lakin bu problem yalnız bizdə deyil, dünyanın bütün ölkələrində müşahidə edilir”.

Publika.az-ın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitənin (CEDAW) Azərbaycana verdiyi son tövsiyələrin icrası ilə bağlı keçirilən dəyirmi masada səsləndirib.

H.Hüseynova bildirib ki, bu gün dünyada qadın problemləri aktualdır.

“Sentyabrda BMT-nin 70 illik yubileyi ilə bağlı keçirilən konfransda müəyyən olundu ki, Pekin tövsiyələrinin qəbulundan uzun müddət keçsə də, hələ də onların hamısı tam yerinə yetirilməyib. Bu yalnız bizdə deyil, digər ölkələrdə də oxşar hallar yaşanır. Bu gün erkən nikahlar, zorakılıq halları bütün dünyada yaşanır. Hətta müqayisə etsək, Azərbaycanda bu hallarla bağlı göstərici daha aşağıdır. Lakin biz rahat ola bilmərik. Bu istiqamətdə işlər aparmalıyıq. Məsələn, əvvəl rayonlarda hər hansı ailədaxili münaqişə olanda onu gizlədirdilər və problem həll olunmaz həddə çatırdı. Lakin bu ildən regionlarda icra hakimiyyətlərində yaradılan komissiyalar bu problemlərin daha tez həll olmasına imkan yaradır”.

Azərbaycanda qadınların rəhbər vəzifələrdə təmsil olunmasına toxunan H.Hüseynova bildirib ki, birinci bələdiyyə seçkilərində 4% qadın seçilmişdisə, axırıncı seçkidə bu rəqəm 35%-dən çox olub:

“Növbəti parlament seçkilərində bu rəqəmin artacağını inanırıq. Bir neçə rayon istisna olmaqla, rayonların əksəriyyətində qadınlar icra başçısının müavini səviyyəsində təmsil edilir”.

Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Karl Kulessa Azərbaycan qadınların problemlərinin həllinin Komitənin diqqət mərkəzində olduğunu dedi:

“Təxminən 15 il əvvəl biz dünyada ifrat yoxsulluğu aradan qaldırmaq, ibtidai təhsildə ümumi məsələlərin həllinə nail olmaq, uşaq ölümlərinin sayını azaltmaq üçün işlərə başladıq. Bu gün ifrat yoxsulluğun 2 dəfə azaldığını, ibtidai məktəblərin 2000-ci ildə 83%-ə, son illər 91 %-ə çatdığını müşahidə edirik. Gender baxımından qeyri-bərabərliyi müşahidə edirik. İşləmək qabiliyyəti olan qadınların 50%, kişilərin 75% işlə təmin edilib. BMT-nin qarşısında olan əsas məqsədlərdən biri qadınlara qarşı olan bütün ayrı-seçkiliyi aradan qaldırmaqdır. Azərbaycan hökumətinin bu istiqamətində öz üzərində gördüyü işlərdən razıyıq”.

Dünyanın hər yerində qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi BMT-nin qarşısında duran əsas vəzifə olduğunu deyən K.Kulessa həm qadın, həm də kişilərin işlə təmin edilməsi üçün işlər apardıqlarını dedi.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək ölkədə sahibkar qadınların sayının artdığını bildirdi:

“Bu gün kiçik və orta sahibkarlıqla məşğul olmaq qadınlara maliyyə müstəqilliyi vermiş olur. Bu qadınların ailələrinə və özlərinə vaxt ayırmaq imkanı daha çox olur. Nazirlik olaraq biz bu işi dəstəkləməliyik. Düzdür, bu gün dünyada beynəlxalq şirkətlərdə rəhbərlik edən qadınların sayı azdır. Bu, bizdə də belədir. Yəqin ki, qadının güc , zaman tələb edən vəzifələrdə çalışması müəyyən problemlər yaradır deyə Azərbaycanda bacarıqlı qadınlar özünü daha çox ailəyə sərf etmək qərarını verir. Buna baxmayaraq, son 3 ildə sahibkarlıqla məşğul olan qadınların sayı 17-dən 19%-ə qalxıb. 2012-2014-cü ildə sahibkarlıqla məşğul olan qadınlara 55.5 milyon manat məbləğində güzəştli kredit verilib. Bu ilin 9 ayı ərzində 4249 sahibkara 160 milyon manat kredit verilib. Bunların 639-u qadın sahibkarlardır ki, onlara 20 milyon manat kredit verilib. Ötən il qadınlara ayrılan kredit ümumilikdə 9 milyon idi”.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bədən tərbiyəsi və idman sahəsində təmsil olunanların 40%-nin qadınlar olduğunu bildirdi.

Gülxar

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR