MTRŞ uşaq verilişləri ilə bağlı monitorinqin nəticələrini açıqladı
Bizi izləyin

Qırmızı.az

MTRŞ uşaq verilişləri ilə bağlı monitorinqin nəticələrini açıqladı

Milli Televiziya və Radio Şurası (MTRŞ) bu ilin 12-18 oktyabr tarixlərində Azərbaycanın televiziya kanallarında uşaqlar üçün nəzərdə tutulmuş efir materiallarının montorinqini aparıb.

Bu barədə "Report"a MTRŞ Aparatı Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov məlumat verib.

T.Dadaşovun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində TV-lərdə uşaq verilişlərinin vəziyyətinin heç də yaxşı olmadığı aydın olub.

Məlum olub ki, Region TV həftə ərzində uşaqlar üçün daha çox efir vaxtı ayırır. Kanalın həftə ərzində uşaqlar üçün efir materiallarına 17,5 saat ayırması müsbət qiymətləndirilib. Lakin həmin televiziya kanalı şəxsi istehsalı olan verilişlərdən, milli cizgi filmlərindən çox, əcnəbi cizgi və bədii filmlərinə yer ayırır.

T.Dadaşov deyib ki, Lider, ATV və Xəzər televiziyalarında, ümumiyyətlə, uşaqlar üçün verilişlər yoxdur: "ATV yaxın günlərdə uşaqlar üçün maraqlı bir layihə təqdim edəcəyini bildirib. Hər üç kanal uşaqlar üçün sadəcə xarici cizgi filmləri verməklə kifayətlənib. AzTV, İTV, Mədəniyyət TV, ANS və Space kanallarında müxtəlif saat çərçivəsində "Mən də uşaq olmuşam", "Hazırcavablar", "Biri var imiş, biri yox imiş", "Ağıl dəryası" "Yuxunuz şirin olsun" və s. verilişlər yayımlanır".

MTRŞ ANS-də yayımlanan və yuxarı yaş qrupunda olan uşaqlar üçün nəzərdə tutulan "Ağıl dəryası" verilişini müsbət qiymətləndirib.

Monitorinq nəticəsində narahatlıq doğuran məqamlardan biri də efirdə olan verilişlərin daha çox azyaşlı uşaqlar üçün nəzərdə tutulduğu, nisbətən böyük uşaqların diqqətdən kənarda qalması ilə bağlı olub. Daha bir mənfi məqam uşaqlar üçün nəzərdə tutulan veriliş adı altında cizgi filmlərinin yayınlanmasıdır.

T.Dadaşov bildirib ki, həftə ərzində AzTV və İTV-dən başqa heç bir televiziya kanalı milli cizgi filmlərinə yer ayırmayıb: "Heç bir kanalda yerli istehsal olan uşaq filmləri olmayıb. TV-lər ancaq əcnəbi uşaq filmləri yayınlayıb".

T.Dadaşov bildirib ki, uşaqlar üçün ayrılmış efir vaxtının vəziyyəti TV-lərin nümayəndələrinə çatdırılıb. Onların arqumentləri dinlənilib: "Qanunda televiziya kanallarında uşaq verilişləri ilə bağlı kvota olmasa da, TV-lər tərəfindən bu sahəyə diqqət edilməlidir. Telekanallar şəxsi istehsalları olan, yaxud da sifarişlə çəkdirdikləri verilişlərə daha çox yer verməlidirlər. Televiziya nümayəndələri də öz problemlərini açıqladı. Onlar bildirdilər ki, uşaq verilişləri çətin başa gəlir. Çünki bu verilişlərə sponsor cəlb etmək, maliyyə vəsaiti tapmaq çətindir. Uşaq verilişlərinin reklamla kəsilməsi də qanunla qadağandır. Kanalların irəli sürdükləri fikirlər MTRŞ tərəfindən anlayışla qarşılandı. Bu problemin telekanallardan qaynaqlanmadığı fikrinə gəlincə də, onlara efirdə uşaqlar üçün nəzərdə tutulan efir materiallarının sayının, xüsusilə keyfiyyətinin artırılması tövsiyə olundu. Qarşı tərəf də tövsiyəyə əməl edəcəyini vurğuladı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm