Mağazalar niyə bağlanır? - FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Mağazalar niyə bağlanır? - FOTOREPORTAJ

“Bağlanırıq”, “Mağaza bağlanır, tələsin”, “Endirimlər 80%-ə qədər”. Bunlar son günlər mağazaların üzərində gözümüzün alışdığı yazılardır. Bəs bu mağazalar alıcını niyə tələsdirir? Niyə bağlanırlar?
"Bağlanan mağazalar yerini yeni ünvana, fərqli mağazalara verəcəkmi" sualı alıcılar qədər bizim də marağımıza səbəb oldu.

Paytaxtda mağazaların bağlanma səbəbini öyrənmək üçün şəhərin müxtəlif istiqamətlərinə üz tutduq.
Nizami metrosundan “Tarqovı” (Nizami küçəsi), İçərişəhər istiqamətinə doğru irəlilədikcə rastımıza çıxan üzəri “arendaya verilir” yazılı kilidli qapılar, örtüklü şüşələr kifayət qədərdir.

Qapısı bağlı olanlar müxtəlif geyim mağazaları, ərzaq dükanları idi. Bağlanmağa hazırlaşan bəzi mağazaların satıcıları səbəbdən xəbərsiz olduqlarını, müdiriyyətin göstərişi ilə mallara 50 faizdən 70 faizə qədər endirim etdiklərini bildirsələr də, bəziləri müxtəlif qurumlar tərəfindən əsassız cərimələri, yoxlamaları səbəb gətirdilər.

Qeyd edək ki, Milli Məclis sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun qəbul edib. Qanuna əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Reportajımız zamanı mağazalarda alıcıların az olduğunu, gözə dəyən alıcıların da, sadəcə, baxmaq üçün gəldiklərini müşahidə etdik. Alıcılarla söhbət zamanı dedilər ki, mağazalarda endirim reklamları qoysalar da, satılan mallar büdcələrinə uyğun deyil: “Baxırıq endirimdir, gəlirik, amma qiymətlər çox baha olur. Satışda olan malları yazılan qiymətə də dəymir”.

Digər mağazada rastlaşdığımız başqa bir alıcı isə imkansızlıqdan satışda olan mallara, sadəcə, baxmaqla kifayətləndiyini bildirdi: “Onların mağazası, bizim də cibimiz bağlanıb. Alış-veriş etməyə imkan yoxdu”.

Elə mağazaların satıcıları da endirimlərə baxmayaraq, satışın zəif olduğunu bildirdilər.

Rübabə


Oxumağa davam et
Reklam
Reklam

Gündəm