VIII Beynəlxalq Atatürk Konqresi iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar
Bizi izləyin

Qırmızı.az

VIII Beynəlxalq Atatürk Konqresi iştirakçıları İlham Əliyevə müraciət ünvanlayıblar

VIII Beynəlxalq Atatürk Konqresi iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Oktyabrın 13-15-də Gəncədə VIII Beynəlxalq Atatürk Konqresi keçirilib. Konqresin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.

Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə 2015-ci il oktyabrın 13-15-də Gəncə şəhərində reallaşan VIII Beynəlxalq Atatürk Konqresinin təşkilinə və keçirilməsinə göstərdiyiniz hərtərəfli diqqət və qayğıya, həmçinin konqres iştirakçılarının elmi axtarışlarına və səylərinə yüksək qiymət verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hərtərəfli tədqiq olunmasını məsləhət bildiyi XIX-XX əsrlər tarixinin müxtəlif problemlərinin araşdırılmasının önəmli yer tutduğu bu konqres yalnız Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin elmi həyatı üçün deyil, bir sıra dünya xalqlarının tarixi üçün də mühüm hadisədir.

Biz böyük məmnunluqla tarix elmimizin həmişə Sizin xüsusi diqqətinizdə olması faktını qeyd edirik. Azərbaycanda bir sıra nüfuzlu elmi simpoziumların və konfransların, o cümlədən "Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)" mövzusuna həsr olunmuş II beynəlxalq elmi konfransın bu ilin aprel ayında Quba şəhərində keçirilməsi bunun parlaq sübutudur. Sizin II Quba konfransının iştirakçılarına müraciətiniz doğma xalqımızın tarixinə, ümumən tarix elminə böyük önəm verdiyinizi bir daha təsdiq edir.

Azərbaycan özünü artıq bir sıra mühüm beynəlxalq səviyyəli siyasi, mədəni, elmi və idman tədbirlərinin uğurlu təşkilatçısı kimi göstərmişdir. Azərbaycan obyektiv elmi fikrin ifadə olunduğu bir məkan kimi də tanınmışdır. Buna görə də VIII Beynəlxalq Atatürk Konqresi kimi mötəbər elmi məclisin Azərbaycan torpağında, məhz qədim Gəncə şəhərində keçirilməsi təsadüfi deyildir. Gəncə tarixən Azərbaycan, ümumtürk və islam mədəniyyətinin iri mərkəzlərindən biri olmuşdur. Gəncə şəhəri Azərbaycan milli fikrinin sönməz ocağı, Azərbaycan xalqının milli-azadlıq hərəkatının mərkəzlərindən biri kimi də şöhrət qazanmışdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Gəncənin rolu əvəzsizdir. Gəncə şəhəri müstəqil Azərbaycanın ilk paytaxtı və eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının qəhrəmanlıq simvollarından biri olmuşdur. Bakının bolşeviklərin, daşnakların və Azərbaycan istiqlalının digər düşmənlərinin hakimiyyətindən 1918-ci ilin sentyabrında azad edilməsi ilə nəticələnən Azərbaycan-türk qoşunlarının zəfər yürüşü məhz Gəncədən başlanmışdır.

Gəncədə keçirilmiş VIII Beynəlxalq Atatürk Konqresi Azərbaycan, Türkiyə, Rusiya (o cümlədən Moskva və Şimali Qafqazın bir sıra respublikaları), Hindistan, Gürcüstan, Ukrayna, Bolqarıstan, Serbiya və başqa ölkələrin alimlərinə bölgəmizin tarixində baş vermiş faciəli hadisələrə bir daha nəzər yetirməyə imkan vermişdir. XIX əsrin ilk onilliklərində ermənilərin Azərbaycan ərazisinə kütləvi şəkildə köçürülməsi, 1918-ci ilin yazında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, həmin ilin may ayında Azərbaycanın əzəli torpaqları olan İrəvan və Zəngəzurda Ararat Respublikasının yaradılması, bir əsr bundan əvvəlki hadisələr zamanı qanlı cinayətlərə səbəb olan ermənilərin Qarabağ, Naxçıvan və digər Azərbaycan bölgələrinə ərazi iddiaları, İkinci Dünya müharibə¬sindən sonra Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası – bütün bu proseslər bölgə xalqlarının bu gün yaşadığı faciələrin, ilk növbədə Qarabağ müna¬qişə¬sinin bünövrəsini qoydu.

Tarixin dərslərinin nəzərə alınmaması, təcavüzkarların cəzasızlığı erməni millətçiliyinin bu gün də öz dağıdıcı fəaliyyətini davam etdirməsinə təkan verdi. Yüz minlərlə azərbaycanlının qovulmasından sonra monoetnik dövlətə çevrilən Ermənistan Respublikası bu gün də qonşu xalqlara qarşı əsassız ərazi iddiaları ilə çıxış edir, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdə bir hissəsini işğal altında saxlayır. Bunun nəticəsində Dağlıq Qarabağın və digər Azərbaycan torpaqlarının əhalisi amansız etnik təmizləmə siyasətinə məruz qalmış, Azərbaycan Respublikasının bir milyondan artıq vətəndaşı qaçqına və məcburi köçkünə çevrilmiş, işğal edilmiş ərazilərdə Azərbaycan xalqının minilliklər ərzində yaratdığı sivilizasiyanın izlərini silmək məqsədilə onun mənəvi və maddi mədəniyyət abidələri qəddarcasına məhv edilmişdir.

Konqres iştirakçılarının məruzələrinin təsdiq etdiyi kimi, müasir dünyanın yaşadığı geosiyasi sarsıntılar şəraitində tarixi təcrübənin nəzərə alınmasının zəruriliyi özünü daha qabarıq şəkildə göstərir. Bu gün Yaxın Şərqin və Ön Asiyanın bir sıra ölkələrində vəziyyətin xeyli gərginləşməsinin arasıkəsilməz müharibələrə, bölgələrdə və qlobal miqyasda qanlı qarşıdurmalara gətirib çıxardığı müşahidə olunur. Avropanı, ümumilikdə Qərb ictimaiyyətini bürüməkdə olan ksenofobiya və antiislam əhval-ruhiyyəsinin yüksəlişi tolerantlıq və multikulturalizm dəyərlərinin əhəmiyyətini gücləndirir ki, bunsuz da beynəlxalq və konfessiyalararası sülhü təsəvvür etmək mümkün deyildir. Bizim forumda təmsil olunan dövlətlərin elmi həyatında mühüm hadisə olan VIII Beynəlxalq Atatürk Konqresinin keçirildiyi Azərbaycan məhz bu keyfiyyətləri ilə şöhrət qazanmışdır.

Azərbaycan sözün əsl mənasında tolerantlığın, multikulturalizmin, millətlərarası və dinlərarası sülhün təntənəsinə yönələn uğurlu siyasətin örnəyidir. Bu siyasətin həyata keçirilməsi, cənab Prezident, Sizin və başçılıq etdiyiniz dövlətin xidmətidir. Sizin rəhbərliyiniz altında təqdim olunan müasir Azərbaycan modeli faşizmin yenidən baş qaldırdığı, millətçilik əhval-ruhiyyəsinin, rasizmin və dini ayrı-seçkiliyin yüksəlişinin müşahidə olunduğu Avropa üçün də müsbət nümunə ola bilər.

Biz, VIII Beynəlxalq Atatürk Konqresinin iştirakçıları, Sizə, cənab Prezident, qədim Gəncədə bu mötəbər elmi məclisin keçirilməsinə yardım göstərdiyinizə görə bir daha öz dərin minnətdarlığımızı bildiririk. Sizə Azərbaycanın və bütün bölgənin rifahı, beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar arzulayırıq!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm