Övladlarınıza hansı adları qoya bilməzsiniz?
Bizi izləyin

Qırmızı.az

Övladlarınıza hansı adları qoya bilməzsiniz?

“Əvvəl insanlar istədikləri adları övladlarına qoya bilirdi. Indi bu proses nəzarət altındadır. Bəzi adlar var ki, onların qoyulmasına icazə vermirik. Ən ucqar rayonlarda belə bu məsələ diqqətimizdədir”.

Bunu Publika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, övladına adlar siyahısında olmayan adı qoymaq istəyənlər komissiyadan razılıq almalıdırlar:

“Həmin şəxslər övladlarına ad qoymaq istəyəndə “ASAN xidmət” mərkəzinə müraciət edirlər. Əgər onların seçdiyi ad siyahıda yoxdursa, bu barədə “ASAN xidmət”dən bizə məlumat verilir. Məsələn, bu yaxınlarda bir nəfər “Albars” adı ilə bağlı müraciət etmişdi. “ASAN xidmət”də bu adın mənasını bilmədiklərinə görə, bizə məlumat vermişdilər. Biz bunun qədim türk hökmdarının adı olduğunu müəyyən etdikdən sonra icazə vermişdik. “ASAN xidmət”də işləyənlərin çoxu da tarixi adlardan xəbərsiz ola bilərlər”.

S.Sadıqova qoyulmasına icazə verilməyən adlardan da danışıb:

“Bu il ərzində övladına “İngilis”, “Frunze”, “Nyuton”, “Qaliley” kimi adlar qoymaq istəyənlər olub. Bu adları qoymaq üçün vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edib. Onlar da bu barədə bizə məlumat veriblər. Biz də həmin adları məqsədəuyğun hesab etmədiyimizə görə onların qoyulmasına icazə verilməyib. Bu adlar dilimizdə çoxluq təşkil etmir. Lakin belə adlar barədə məlumatlar toplanır. Müəyyən müddət sonra həmin adların çoxluq təşkil etdiyini müşahidə etsək, onların siyahısı hazırlanacaq. Həmin siyahı müvafiq qurumlara göndəriləcək.

Necə ki, bir neçə il əvvəl “Ansambl”, “Sərxoş”, “Cinayətkar”, “Şüşəbənd” kimi adların dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciətlərin sayının çox olmasını nəzərə alıb 200-ə yaxın belə adın qoyulmaması ilə bağlı qərar qəbul edildi. Bu siyahı 2010-2012-ci illərdə hazırlanıb kitab şəklində çap olundu”.

Dilimizə yeni adların daxil olmasını nəzərə alaraq S.Sadıqova qoyulmasına icazə verilən adlarla bağlı kitabın yaxın zamanda yenidən nəşr olunacağını bildirib:

“2009-cu ildə uşaqlara hansı adların qoyula biləcəyi ilə bağlı kitab nəşr olunmuşdu. Həmin nəşrdən müəyyən dövr keçib, artıq yeni adlar yaranıb. Təxminən 5 min belə adın yer aldığı kitab yaxın zamanda hazırlanacaq. Həmin kitab bütün “ASAN xidmət” mərkəzinə göndəriləcək. Artıq vətəndaşlar müraciət edəndə, adın qoyulması barədə qərar bu siyahıya əsasən qəbul ediləcək. Əlbəttə, bu kitab məhdudlaşdırıcı olmayacaq. Valideynlər yeni adlar yarada bilərlər. Məsələn, Nurgün, Nuray adları 2013-cü ildən sonra qoyulmağa başlayıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm