Jurnalistlər Dövlət Bayrağı Gününü bölgələrdə qeyd edəcək
Bizi izləyin

Qırmızı.az

Jurnalistlər Dövlət Bayrağı Gününü bölgələrdə qeyd edəcək

Parlament Jurnalistlər Birliyinin (PJB) bir qrup üzvü 9 noyabr Dövlət Bayrağı Gününü Göygöl rayonunda qeyd edəcək. Bu barədə Publika.az-a PJB-nin sədri Elşad Eyvazlı məlumat verib.

Onun sözlərinə görə, jurnalistlər tərəfindən belə bir təşəbbüs irəli sürülüb və təklif birmənalı olaraq dəstəklənib: “Qərara gəldik ki, bundan sonra dövlətimizin belə əlamətdar günlərində müxtəlif bölgələrdə olaq. İnsanlarla görüşək, yazılar hazırlayaq. Belə səfərlər mütəmadi olacaq.

Bayrağımız dövlətimizin suverenlik rəmzidir və ona sayğı hər bir vətəndaşın borcudur”.

Xatırladaq ki, Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız - Milli Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib.

Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.

162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur.

Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kiloqramdır. “Ginnes” Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm